Etibar Əmiraslanov: “Cahangir Rüstəmov yanına gəlib ”qoşunları geri çək, əvəzində nə istəsən verərək" deyən adamları tanıdığını demişdi, həmin sözdən sonra onu məhv etdilər..."
Şəmkirli iş adamı Elpərəst Həsənli “Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovu 6 ölüm işində suçlandırmışdı. “Yeni Müsavat”ın 10 mart tarixli sayında “ Aslan Aslanovun ”ölüm eskadronu" qurbanlarının adlarını açıqladı" sərlövhəli yazıda Elpərəst Həsənlinin dilə gətirdiyi ölümlər sırasında Gədəbəy batalyonunun komandiri Cahangir Rüstəmova sui-qəsd haqda məlumat da yer alırdı.
E.Həsənli iddia etmişdi ki, sui-qəsddən əvvəl C.Rüstəmova 10 kiloqram qızıl müqabilində Şınıx bölgəsindəki mövqelərdən çəkilməsi təklif olunub. Lakin komandir bu təkliflə yanına gələn şəxsi qovub.
Həmin yazıdan sitat: “Cahangir sayılıb-seçilən komandirlərdən idi, Aslanovun onun işlərinə qarışmasına imkan vermirdi. Onun maşınını Nəbi adlı şəxsin vasitəsilə minaya saldılar. Cahangir öldü, sürücüsü sağ qaldı. Bu məsələni araşdıran müstəntiqi də öldürdülər”.
C.Rüstəmovun oğlu Faiq Rüstəmov “Yeni Müsavat”a müsahibəsində atasının ölümündə sabiq müdafiə naziri Səfər Əbiyevdən şübhələndiyini söyləmişdi.
Mövzu ilə bağlı Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov “Yeni Müsavat”a danışıb. O, Cahangir Rüstəmovu çox yaxşı tanıdığını deyib. Bildirib ki, Tovuz və Gədəbəy birinci Qarabağ savaşında bir qarış torpağını da ermənilərə verməyib: “Biz 1989-cu ildən - ermənilər torpaq iddiasına düşüb müharibəyə başlayan andan ön xətdə - Əlibəyli kəndində müdafiə qurduq. Gədəbəydə də Cahangir Rüstəmov könüllülərdən ibarət dəstələrlə düşmənə qarşı döyüşürdü. Gədəbəyin erməniyə verilməməsində Cahangir Rüstəmovun müstəsna xidmətləri var. O vaxt təxribatçı dəstələr vardı. Gəlirdilər ki, o hündürlüyü verin, buradan çıxın. Pulla, bahalı ev və maşınla bizi də ələ almaq istəyirdilər. Cahangir Rüstəmova da belə təklif etmişdilər. O, bir xətaya yol verib demişdi ki, mən sizi tanıyıram. Onlara demişdi ki, gedib ANS-ə, ”215 KL"-ə çıxacağam. Onu həmin sözdən sonra məhv etdilər.
- Həmin adamlar kim idi?
- Mən o adamları tanımırdım.
- Cahangir Rüstəmov həmin adamları haradan tanıyırdı?
- Bilmirəm. Biz onunla iclasdan çıxanda dedi ki, bu alçaqlar mənə təklif edirlər ki, qoşunu ordan çək.
- Nə iclas idi, harada keçirilirdi?
- Şəmkirdə korpusda keçirilirdi. Orada iclas qurtarandan sonra çıxdı dedi ki, bu alçaqlar mənə deyir ki, qoşunu Şınıxdan Yasamal aşırımına (Gədəbəydəki Yasamal aşırımını nəzərdə tutur - E.M.) qədər geri çək. Bundan əvvəl mənə də belə bir təklif etmişdilər. Deyirdilər ki, torpağı qoy çıx. Harada desən ev-eşik, pul, qızıl, maşın verək. Mən də o adamları qovmuşdum. Cahangir Rüstəmov da onları söyüb qovub. Səhvi onda olub ki, onlara “sizi tanıyıram” deyib.
- Korpusda keçirilən iclasa kim rəhbərlik edirdi?
- Rəhbərlik edənin kimliyi dəqiq yadımda deyil. İclasın özü döyüş hazırlığı ilə bağlı idi. Həmin adamlar da iclas keçirilən zala girə bilirdilər. Təxribatçılar idi. Cahangir Rüstəmovun həyatına sui-qəsd olandan sonra işi aparan müstəntiq həmin adamların izinə düşmüşdü. Həmin müstəntiqi də aradan götürdülər.
- Müstəntiqə nə oldu?
- Onu da Cahangir Rüstəmov kimi partladıb öldürdülər.
- Cahangir Rüstəmov necə komandir idi?
- Xalqını sevən, mərd insan idi. Şərəfini pula satmışlar onu pulla almaq istəyirdilər. O gedib evində rahat otura bilərdi, amma gəlib o yaşında döyüşürdü. Mən onunla döyüşlər zamanı tanış olmuşam. Dadaş Rzayev də gəlmişdi. Çənlibeldə (Tovuzun Əlibəyli kəndində yüksəklik-red.) görüşmüşdük. Cahangir çox yaxşı komandir idi. O, Şəmkirdəki hərbi aerodromu götürmüşdü. Biz də gedib oradan texnika yığıb Tovuza aparmışdıq. Onu öz satqınlarımız aradan götürdü. İşin izinə düşən müstəntiqi də öldürdülər, aradan götürdülər.
- Həmin iclasa sizi kim çağırmışdı?
- İclaslar olurdu, bizi də briqadadan çağırırdılar. O iclasda elə bir müzakirə ediləsi mövzu da yox idi. Fasilədə Cahangir Rüstəmov mənə dedi ki, ehtiyatlı ol, bu alçaqlar torpağı vermək istəyirlər. Mən də ona dedim ki, mənim yanıma da gəlmişdilər. Gələnləri ona təsvir etdim, dedi ki, onun yanına gedənlər elə həmin adamlar olub.
- Sizin yanınıza gələnlər nə milləti idi?
- Özümüzünkülər idi. Mənim yanıma gəlmişdilər, görmüşdülər ki, alınmır. Mən onlara demişdim ki, rədd olun, sizi güllələyərəm. Bundan sonra Cahangir Rüstəmovun yanına getmişdilər ki, onu razı salsınlar, Gədəbəydəki mövqeləri təhvil versin. Cahangir Rüstəmov da onları qovmuşdu. İstədikləri bu idi ki, Gədəbəyi düşmənə təslim edib Tovuzu blokadaya salsınlar.
- Cahangir Rüstəmov o adamlarla razılaşsa idi nə olacaqdı?
- Vəd etdikləri pulu, qızılı, var-dövləti alıb torpağı ermənilərə qoyub çıxmalı idi. Onlar Gədəbəyi alsaydılar, bu gün Şəmkir də yox idi. Yüksəklikdən Şəmkiri də, Tovuzu da vuracaqdılar. Cahangir Rüstəmov döyüşdü, bir qarış da olsun torpaq vermədi. O, qəhrəmandır.
- Sizə nə təklif etmişdilər?
- Ev, pul, qızıl. Deyirdilər ki, əlini hansı evin üstünə istəyirsən qoy, sənindir.
- Həmin var-dövləti Ermənistanda təklif edirdilər?
- Yox, Azərbaycanda. Deyirdilər ki, sən torpağı qoy çıx, qalanı sənlik deyil.
- Həmin adamlar döyüş gedən zonaya necə gəlib çıxırdılar?
- Bilmirəm. Onların bir maşını vardı. “Qırmızı Xaç”ın maşınları var, ciplər, qabağında uzun antena, bax, o maşınlardan varları idi. Nömrəsiz maşın idi. Özləri də eynəkdə, kostyumda “blatnoy” görkəmdə idilər.
- Cahangir Rüstəmov ANS-ə gedib çıxa bilmişdi?
- Yox, ona imkan vermədilər, öldürdülər.
- Danışsa idi nə olacaqdı?
- O adamların kimliyini deyəcəkdi və yəqin bir tədbir olacaqdı.
- Sizə demişdi ki, ona 10 kiloqram qızıl təklif olunub ki, qoşunu mövqelərdən geri çəksin?
- Elə o təklif haqda danışdı ki, belə bir təklif ediblər. Onun sözünü ağzında qoyub dedim ki, belə bir təklifi mənə də ediblər.
- Cahangir Rüstəmov mina partlayışında dünyasını dəyişəndən sonra ona olan təkliflər haqda dövlət orqanlarına məlumat verdiniz?
- O vaxt dövlət orqanlarına deməyin mənası nə idi? Kimə müraciət edəydik axı? Sadəcə, hamı bildi ki, vəziyyət nə yerdədir, Cahangiri nəyə görə öldürüblər. Cahangir Rüstəmov çox “dastoynı” komandir idi, düşmənə bir qarış torpaq vermədi. Allah ona qəni-qəni rəhmət eləsin.
Yada salaq ki, Elpərəst Həsənli iddia edirdi ki, C.Rüstəmov Aslan Aslanovun əli ilə zəhərlənib, sonradan isə maşınına mina qoyularaq öldürülüb. E.Həsənli iddia edirdi ki, bu ölümlərə Aslan Aslanovun aidiyyəti var. O, bu və digər ölüm işlərinin araşdırılmadığını söyləmişdi.
E.MƏMMƏDƏLİYEV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq/musavat.com/