Türkiyədə erməniləri deputatlığa namizəd verdilər – AKP və CHP-nin erməni sevgisi...

9-04-2015, 19:27   
Türkiyədə erməniləri deputatlığa namizəd verdilər – AKP və CHP-nin erməni sevgisi...
1966-cı ildən bu yana ilk dəfə deputatlığa iddiaçılar siyahısında ermənilər də var
İyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərinə ermənilər də qatılır. Türkiyə Böyük Millət Məclisində təmsilçiliyə iddiaçılar sırasında 4 erməni var. Onlardan biri hakim AKP-nin, 2-si ana müxalifət CHP-nin, biri isə PKK-nın siyasi qanadı olan HDP-nin siyahısındadır.Türkiyə mediası yazır ki, 1966-cı ildən bu yana ermənilər ilk dəfədir TBMM-də təmsilçilik üçün rəsmi iddia irəli sürür. Türkiyədə indiyə qədər parlamentin erməni əsilli deputatları olub. Ancaq onlar ailələri soyadlarını dəyişdiyi üçün erməni kimi tanınmayıblar. Bu dəfəki seçkilərdə ermənilərin açıq iddia irəli sürməsi AKP-nin Ermənistanla münasibətlərdə yaxınlaşma siyasəti ilə izah edilir.

Bu iddiaları Cümhuriyyət Xalq Partiyasının erməni namizədi Selina Doğanın namizədliyi təsdiqlənəndən sonra verdiyi ilk açıqlama da təsdiqləyib. Onun açıqlamasını Hurriyet.com “Namizəd soyqırımının müdafiəçisi çıxdı” başlığı ilə verib. Selina Doğan deyib ki, namizədliyinin “erməni soyqırımı”nın 100-cü ildönümündə təsdiq edilməsinin simvolik mənası var.

Doğan namizəd göstərilməsini Cümhuriyyət Xalq Partiyasındakı dəyişikliklərdən sonra mümkün olduğunu da deyib.

O, əsas hədəfinin Türkiyədəki erməni patriarxlığına hüquqi status almaq olduğunu deyib. CHP namizədi əsas hədəfləri sırasında Türkiyə-Ermənistan sərhədlərinin açılmasını da göstərib. Onun sözlərinə görə, bu məsələdə Ermənistan qədər Türkiyənin də faydası var.

Qeyd edək ki, Türkiyənin Ana Müxalifət Partiyasının sədri Kemal Kılıçdaroğlunun anasının erməni olması ilə bağlı Türkiyə mediasında bir neçə dəfə iddialar səslənib. Kılıçdaroğlu bu iddialara heç bir cavab verməsə də, ailəni tanıyanlar söylənənlərin əsaslı olduğunu bildirir. Maraqlı faktlardan biri də odur ki, CHP sədri Türkiyənin bir çox siyasətçisindən fərqli olaraq Azərbaycanla təmaslara maraq göstərmir. Hətta Azərbaycan mediasının CHP sədri ilə müsahibə təşəbbüsləri də bir qayda olaraq açıq qalır.

AKP-nin ermənilərlə sıcaq münasibətinin əsas göstəricisi ilə Etyen Mahcupyanın baş nazirin müşaviri postuna gətirilməsidir. 2014-cü ildəki bu təyinat ölkədə çox ciddi dartışmalara səbəb olmuşdu.



Seçkinin ilk addımından – namizədlərin təsdiqindən sonra partiyalarda iç müzakirələr daha da güclənib. Seçkilərdə əsas rəqabət aparacaq AKP, CHP, MHP, HDP içərisində narazı qalanlar iddialarını açıq səsləndirməkdədirlər. “Sözçü” qəzetinin yazarı, Türkiyənin ünlü televizyonçusu, CHP-li Uğur Dündar partiyasının siyahısını Twitter hesabından tənqid edib: “Siyahıda CHP-yə böyük əmək verən Ali Özgündüz kimilər yoxdur, onların yerini CHP-yə heç bir xeyri dəyməyən, xalqdan dəstək almayanlar tutub. Heyrət! Fransızların “siyasətin və sosisin istehsalı göz qabağında olmamalıdır, çünki hər ikisi iyrəncdir” , - deyiminə indi daha çox haqq verirəm”.

Uğur Dündar CHP-nin əsas fiqurlarından Umut Oranın da namizədlər sırasında olmamasından narazılığını bildirib: “Umut Oranın dəstəklənmək yerinə dışlanması, onun yerinə paraşütlə gələnlərin namizəd göstərilməsi vicdanları qanadır”.

MHP-nin budəfəki siyahısının sürpriz ismi 2014 prezident seçkisində müxalifətin vahid namizədi Ekmeleddin İhsanoğludur. Seçkidə məğlub olduqdan sonra professor İhsanoğlu siyasətdən uzaqlaşacağını bildirsə də MHP sədri Devlet Bahçelinin dəvəti ilə yenidən siyasət iddiaçıları sırasına dönüb. Onun namizədliyi İstanbuldan irəli sürülüb.

MHP-nin siyahısında diqqət çəkən daha bir isim isə futbolçu Saffet Sancaklıdır. O, seçkiyə Kocaelindən qatılır. Türkiyə Milli Bankını keçmiş başqanı Durmuş Yılmaz, aktyor Mehmet Aslan, partiya sədrliyinə iddiaçılar sırasında olan Koray Aydın, Ümit Özdağ, CHP millət vəkili Mehmet Haberalın oğlu Erkan Haberal da seçkiyə milliyyətçilərin sırasında gedəcək.

Əsasən kürdlərin təmsil olunduğu HDP-də də gərginlikdir. Yeni bölgələr qazanılması üçün seçkiyə daha güclü namizədlərlə gedilməsini tələb edənlər siyahıdan narazı qalıb. Partiyaiçi radikalların fikrincə, rəhbərlik siyahı məsələsinin bəzi nüanslarını iqtidarla razılaşdırıb. Ən kuryoz olay isə HDP-nin namizədlərin irəli sürülməsi ilə bağlı son tarixi bilməməsi olub. Partiya rəhbərli yalnız aprelin 6-da xəbər tutub ki, aprelin 7-də sənədlərin Yüksək Seçim Qurumuna təqdim edilməsinin son günüdür. Bu səbəbdən 20-yə yaxın namizəd müzakirəsiz və daxili seçki keçirilmədən, sadəcə rəhbərliyin istəyi ilə müəyyən olunub.

100. yıldönümünde 3 Ermeni aday

Türkiyənin solçu partiyaları da 7 iyun seçkilərində iştirak edəcək. Ancaq öncədən danışıldığı kimi, soçluların AKP-yə qarşı böyük koalisiyada birləşməsi mümkün olmayıb. Liderlərin son iki ayda apardığı danışıqlar nəticəsiz qalıb. Partiyalardan bəziləri üzvlərinin digər partiyaların - əsasən CHP və HDP-nin iddiaçılar siyahısında təmsilçiliyi ilə razılaşıb, bəziləri isə seçkiyə müstəqil qaydada getmək qərarı verib. Ölkənin solçu kəsiminin birləşdiyi əsas siyasi partiya kimi tanınan Vətən Partiyası seçkiyə müstəqil siyahı ilə gedir. Keçən il ikiyə bölünən və ciddi tərəfdar itirən Kommunist Partiyasının da öz siyahısı var. Demokratik Sol Partiya CHP-yə “namizədlərimizi siyahınıza əlavə edirsizmi” çağırışında bulunsa da partiya sədri Kemal Kılıçdaroğlu onlara “partiyanızı bağlayın, gəlin” cavabını verib. Bu səbəbdən onlar da seçkiyə müstəqil siyahı ilə gedir.

Namizədlər siyahısını təsdiq edən siyasi partiyalar artıq mitinq hazırlıqlarına başlayıb. CHP-dən seçki təbliğatı ilə bağlı verilən açıqlamada bildirilir ki, iyunun 7-nə qədər ölkə üzrə 50 mitinq planlaşdırılır. İlk mitinq İstanbulda keçiriləcək. Mitinqlərin, reklamların əsas loqosu isə “millətcə alqışlayırıq” olacaq. Partiyanın platforması isə aprelin 19-da Ankaranın ən böyük saraylarından olan Ankara Arenada xalqa açıqlanacaq. Partiyadan bildirilib ki, platforma sosial yüklüdür.

Hakim partiyada da seçkiyə çox ciddi hazırlıqlar başlanıb. Ən səs-küylü açıqlama isə AKP sədri baş nazir Ahmet Davutoğludan gəlib. Baş nazir deyib ki, seçkiyə qatılmaq üçün lazım gəlsə, hökumət başçısı postundan istefa verməyə hazırdır. Türkiyə mediası yazır ki, AKP namizədlərinin siyahısı prezident Rəcəb Tayyib Ərdoğanın birbaşa göstərişi ilə hazırlanıb. Prezident AKP-dən bütün bölgələrdən namizəd irəli sürülməsini, indiyə qədər digər partiyaların hədəfi olan bölgələri qazanmağı istəyib. Siyahıda Ərdoğanın ailə üzvləri, hakimiyyəti illərində yaxın çevrəsində olan xeyli isim var.

Türkiyənin seçki ekspertləri bildirir ki, 7 iyunda AKP-nin əsas məqsədi indiyə qədərki mövqeyini saxlamaq olacaq. Çünki buna qədərki parlament seçkilərində AKP-yə güclü dəstək verən Gülən cameəsi ilə kəskin münasibətlər iqtidar partiyasının elektoratının kəskin azalmasına səbəb olub. AKP-nin “paralelçilər”ə açdığı cəbhədən siyasi qazanc əldə etmək istəyən kəsimlər də var. Onların əsas hədəfi AKP-dən uzaqlaşan elektoratı öz tərəflərinə çəkməkdir. Siyasi proseslərə xüsusi həssaslıqla yanaşan “camaat”ın küncə sıxışdırıldığı bir dönəmdə kimə dəstək verəcəyi ilə bağlı bir neçə versiya səsləndirilir. Görünür bu məsələ ilə bağlı dəqiq mənzərəni seçkisinin əsas rəqiblərinin indiki və son seçkidə qazandığı nəticələrin müqayisəsi ortaya qoya biləcək.

Aygün Muradxanlı, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.