Avropa İttifaqına Bakıdakı Avropa Oyunlarını boykot çağırışı

9-04-2015, 19:44   
Avropa İttifaqına Bakıdakı Avropa Oyunlarını boykot çağırışı
«Azərbaycan hökuməti siyasi məhbusları azadlığa buraxmasa, yüksək rütbəli rəsmilər bu turnirdə iştirakdan çəkinməlidir»

Avropa Siyasəti Araşdırmaları Mərkəzi Azərbaycan hökumətinə qarşı loyal mövqe tutan siyasətçiləri ittiham etdi

Avropa Siyasəti Araşdırmaları Mərkəzi Azərbaycanla Avropa Ittifaqı arasında münasibətlərə dair analitik material hazırlayıb. Materialda bu münasibətlərin keçmişi, hazırkı vəziyyəti və perspektivlərindən bəhs olunur. Sənəddə Avropa Ittifaqının Azərbaycanla bağlı siyasəti heç də sistemli olmayan, ardıcıllıqla fərqlənməyən və bəzi hallarda Ittifaqın rəsmi Bakının daxili siyasətinə - situasiyanın tələb etdiyi qədər sərt olmayan bir mövqe kimi qiymətləndirilir.

Müəllif yada salır ki, 2010-cu ildən etibarən Azərbaycan Avropa Ittifaqı ilə Assosiasiya müqaviləsi üzrə müzakirələrə başladı:
“Əvvəl Azərbaycan bu müqaviləyə ciddi maraq göstərsə də, sonralar faktiki ondan imtina edərək, tərəfdaşlığın strateji modernizasiyası üzrə danışıqlar prosesinə keçdi. Avropa Ittifaqı ilə bu məsələlər üzrə aparılan danışıqlar illər keçəndən sonra - bu gün faktiki dalana dirənmiş vəziyyətdədir. Son bir il ərzində Azərbaycan hökumətinin demokratik hüquq və azadlıqlara qarşı sərt hücumu fonunda Avropa Ittifaqı ilə bu ölkə arasında siyasi dialoq da aşağı səviyyəyə enib. Azərbaycan Assosiasiya müqaviləsilə bağlı danışıqlara başlandığı vaxtlarla müqayisədə indi istər siyasi, istərsə də iqtisadi cəhətdən çox geriləyib. Xüsusən son dövrlərdə bu ölkədəki rejim repressiv xarakter alıb və Avropa dəyərlərindən xeyli uzaq düşüb. Məlumdur ki, Ümumdünya Ticarət Təşkilatının üzvü olmadan Azərbaycan Avropa Ittifaqının təklif etdiyi Dərin və Hərtərəfli Azad Ticarət Müqaviləsinə qoşula bilməz. Maraqlısı budur ki, Azərbaycan hökuməti bu müqaviləyə qoşulmağa heç bir cəhd göstərmir. Bu müqaviləyə qoşulmaq istəyən ölkə azad bazarın mövcudluğunu təmin etməlidir. Azərbaycanda isə iqtisadiyyatın əsas sahələri üzərində ən yüksək vəzifəli şəxslərin monopoliyası mövcuddur. Azərbaycan hökuməti siyasi və iqtisadi islahatların demokratiyanın daha da sürətli inkişafına gətirib çıxara biləcəyini özü üçün risk hesab edir. Məhz Ukraynadakı Maydan hadisələrindən sonra Azərbaycan hakimiyyəti kəskin repressiv xarakter aldı. Azərbaycan hakimiyyəti Avropa Ittifaqı ilə demokratiya sahəsində deyil, təhlükəsizlik və enerji sahələrində əməkdaşlığa maraq göstərir. Son bir il ərzində Azərbaycan hakimiyyəti Əliyev rejimini tənqid edənlərə ”beşinci kalon" damğası vurub. Hakimiyyət Qərbi Azərbaycan vətəndaşlarına ölkənin düşməni kimi göstərməyə çalışır.
Etiraf etmək lazımdır ki, Avropa Ittifaqına üzv olan dövlətlərin Azərbaycana münasibətdə fərqli yanaşmalarının şahidiyik. Təşkilata daxil olan bəzi dövlətlərin Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına münasibəti sərt olsa da, digərləri bu ölkə ilə əlaqələrdə sırf iqtisadi maraqlarından çıxış edərək, orada baş verənlərə göz yumurlar. Başqa bir problem ondan ibarətdir ki, Brüsselin də Azərbaycana münasibəti oradakı vəziyyətə adekvat deyil. Avropa Ittifaqını təmsil edən bəzi şəxslər Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına yanaşmada açıq tənqidi mövqeyilə fərqləndiyi halda, digərləri susmağa üstünlük verir. Narahatlıq doğuran amil budur ki, ötən ilin sonlarında Avropa Ittifaqının rəhbərliyinə gəlmiş şəxslər bu ölkədə insan hüquq və azadlıqlarının pozulmasına hələ də susqunluq nümayiş etdirirlər. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, Avropa Parlamenti 2014-cü il sentyabrın 18-də qəbul etdiyi qətnamədə Azərbaycanda insan haqlarının vəziyyətinə daha prinsipial yanaşmışdı. Avropa Parlamenti açıq şəkildə göstərmişdi ki, Azərbaycanla hər hansı sənəd imzalanarkən mütləq bu ölkədə insan haqlarının vəziyyəti nəzərə alınmalıdır.
Məsələyə geniş geosiyasi kontekstdə yanaşsaq, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşması, bu ölkənin siyasi və iqtisadi cəhətdən Avropa standartlarına yaxınlaşması Irana və Orta Asiyaya da müsbət təsir göstərə bilər. Bu amil Avropa Birliyinin regionda mövqelərini gücləndirə bilər".

Analitik materialda bir sıra tövsiyələr də öz əksini tapıb:
“Avropa Ittifaqı Azərbaycanla enerji sahəsilə yanaşı, insan hüquqları sahəsində də əməkdaşlığın gücləndirilməsi üçün ciddi addımlar atmalıdır;
Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federiko Magerini Avropa Komissiyası ilə sıx işləyərək, insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün zəruri addımların atılmasını təmin etməlidir;
Avropa Ittifaqı Şurası Bakıda keçiriləcək Avropa oyunları ərəfəsində siyasi məhbusların azad edilməsinə xüsusi diqqət göstərməli, Azərbaycan hökuməti həmin şəxsləri həbsdən buraxmaq istəmədiyi halda, Avropa Ittifaqının yüksək rütbəli rəsmilərini bu turnirdə iştirakdan çəkinməyə çağırmalıdır;
Siyasi məhbuslar azad edilərsə, Avropa Ittifaqı Şurası Azərbaycan hakimiyyətilə müstəqil QHT və mətbuatın da vəziyyətinin yaxşılaşdırılması üçün qanunvericilik baxımından müsbət addımların atılmasını təmin etməlidir;
Avropa Ittifaqına sədrlik edən Latviya və ali komissar Magerini Azərbaycan hökumətinə təsir vasitəsilə bu ölkədə hökm sürən anti-Avropa təbliğat kampaniyasına son qoyulmasına cəhd göstərməlidir;
Avropa Ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycan hökumətilə vətəndaş cəmiyyəti arasında münasibətlərin yaxşılaşdırılması üçün səylər göstərməlidir;
Avropa Komissiyası Azərbaycanda mətbuata və vətəndaş cəmiyyətinə birbaşa dəstəyi gücləndirməli, onların ölkənin siyasi həyatında ciddi iştirakının təmin olunmasına çalışmalıdır".
İnformasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar