NASA alimləri bizi tezliklə yadplanetlilərlə görüşdürəcək...

9-04-2015, 21:14   
NASA alimləri bizi tezliklə yadplanetlilərlə görüşdürəcək...
Yadplanetlilər sahəsində araşdırma aparan alimlər niyə müəmmalı şəkildə ölür ?
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) alimləri yadplanetlilərlə bağlı açıqlama verib. NASA-nın baş məsləhətçisi Ellen Stofan Vaşinqtonda verdiyi açıqlamada yaxın 10-20 il ərzində Yer planeti xaricində həyat nümunələri tapacaqlarını bildirib: “Bəşəriyyət yaxın 10-20 il ərzində yad planetlilərdə həyat tapacaq. Düşünürəm ki, yaxın onilliklərdə Yer planeti xaricində həyat nümunələr tapacağıq. 20-30 il ərəzində bu haqda dəqiq sübutlar əldə edəcəyik”.

O, əlavə edib ki, alimlər artıq yadplanetliləri harada və necə axtarmağın yolunu bilirlər, bunun üçün uyğun texnologiya da var. NASA-nın Geofizika Bölümünün Direktoru Ceffri Nyumark da, “Artıq problem kosmosda həyatın olub-olmadığı deyil, bu həyatı nə vaxt tapacağımızdır” deyə bildirib. Nyumark, “Biz burada kiçik yaşıl adamlardan deyil, mikroblardan bəhs edirik” deyərək sözlərinə davam edib. Keçmiş astronom Con Qransfeld isə deyib ki, Marsda olsun, ya buzdan ibarət kometada, həyat nümunəsi aşkar ediləcək.
Qeyd edək ki, ötən ildə NASA alimlərindən Endryu Dorson CBS kanalında canlı yayımlanan bir verilişdə yer kürəsinin yad planetlilərin hücumuna məruz qalacağı ilə bağlı açıqlama vermişdi.

O, Yer kürəsinin yadplanetlilər üçün cəzbedici bir məkan olduğunu və onlar bizim planetdən xəbər tutarsa, ələ keçirmək üçün hərəkətə keçəcəyini bildirmişdi: “Biz uzun illərdir kosmosu dinləyirik. Hələ ki, heç nə eşitməmişik. Ancaq bu o demək deyil ki, biz kainatda təkik. Çox güman ki, bizdən başqa da canlılar var. Yer yaşayış üçün ideal bir planetdir və kainatda bu cür məkanların sayı çox olmamalıdır. Buna görə, düşünürəm, yadplanetlilər bizim planetdən xəbər tutsalar, işğal üçün hücuma keçəcəklər”.



NASA alimləri illərdir yadplanetlilərin mövcudluğu və onların yer kürəsi üçün təhlükəli ola biləcəyi ilə bağlı açıqlamalar versə də, hələ ki, dediklərini təsdiq edəcək hansısa dəlil və sübutlar ortaya qoya bilməyiblər. Bir sıra ölkələr bu açıqlamaları ciddiyə almayıb cəfəngiyat adlandırsa da, bunu ciddiyə alıb təftişə düşən ölkələrdə kifayət qədərdir.

Maraqlıdır, doğrudanmı, başqa planetlərdə yaşayış var? Kainatda Yerdən başqa sivilizasiya mövcuddurmu? Yadplanetlilər bizim yaşadığımız dünyaya gerçəkdən də səyahət edirlərmi?
Bu suallar bəşəriyyəti 100 illər boyu narahat edib. Texnologiya inkişaf etdikdən sonra illərdir araşdırmalar aparılsa da, bu suala dəqiqliyi ilə cavab tapılmayıb. Uçan Naməlum Obyektlər (UNO) və yadplanetlilər barədə məlumatlar hələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi alimlər Qədim Misirdə 5-6 min əvvəl piramidaların inşası zamanı yadplanetlilərin köməyindən istifadə olunduğunu iddia edirlər. Düzdür, XX əsrdə Azərbaycanda, Xəzərətrafı ərazilərdə dəfələrlə naməlum obyektlər müşahidə olunub. Bu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan yarısının nə vaxtsa, haradasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. Xüsusən yay aylarında aktivləşən qalaktika obyektlərini daha çox bağlarda və dəniz sahilində dincələn insanlar müşahidə ediblər.



Xəzər üzərində görünüb, qəfil də yoxa çıxan obyektlərin formaca diskəbənzər, kürəşəkilli və ay kimi parıltılı olduğu bildirilib. Hətta bir neçə insan həvəskar kamera ilə bu obyektləri lentə də alıb. Bu kimi faktlar Azərbaycanda və Rusiyada kosmik seysmologiya mərkəzlərində tədqiq olunur. Alimlərin fikrincə, UNO-lar Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi, belə demək mümkünsə, Yerə uçuşlar zamanı enerji doldurma məntəqəsi kimi istifadə edirlər. Çoxları hətta irəli gedib, Xəzərin dərinliyində onların eniş nöqtəsinin olduğunu da deyirlər.



Azərbaycanla bağlı bəzi araşdırma qruplarının iddia etdiyi məlumatlar sözün həqiqi mənasında heyrət edicidir. Qərbin aparıcı institutlarından biri Azərbaycanla bağlı olduqca heyrətamiz və şok doğuracaq iddia ilə çıxış edib. Həmin iddiaya görə, Xəzər dənizinin dibində başqa planetdən gələnlərin bazası var. Onlar bunu Uçan Naməlum Obyektlərin (UNO) daha çox dənizin üzərində görüldüyü ilə əsaslandırıblar. Həmin iddialarda deyilir ki, yadplanetlilərin Yerlə təmas qurduğu əsas məkanlar arasında Xəzər dənizi, xüsusən də Abşeron yarımadası öncül yerlərdən birini tutur. UNO-ların mütəmadi olaraq dənizin üzərində görünməsi də məhz onların burada bazalarının olması ilə əlaqədardır.



Maraqlı məqamlardan biri də odur ki, bu iddialar Azərbaycandakı bəzi alimlər tərəfindən də təsdiqlənir. Belə bir iddialar da mövcuddur ki, yadplanetlilər sahəsində araşdırma ilə məşğul olan alimlər müəmmalı şəkildə dünyalarını dəyişirlər. İlk belə hal 1986-cı ildə baş verib. Uçan naməlum obyektlərin araşdırılması ilə məşğul olan professor Arşad Şarif müəmmalı şəkildə “intihar” edib. Lakin onun intihar etmək üçün yaşadığı yerdən 100 kilometr uzağa getməsinin səbəblərini heç kim müəyyənləşdirə bilməyib. Bundan cəmi bir neçə gün sonra Londonda eyni işlə məşğul olan daha bir professor - Vimal Dazibay da təxminən 100 kilometr məsafə qət edərək, özünü körpüdən atıb. Araşdırmalar göstərib ki, bu müəmmalı ölümlər yeganə deyil. Ümumilikdə isə UNO sahəsində araşdırma aparan və müəmmalı şəkildə dünyasını dəyişən alimlərin sayı 23-dür.

Qeyd edək ki, NASA 2030-cu il üçün hazırladığı layihədə yadplanetlilərlə əlaqə qurmağı planlaşdırır.

Günel MANAFLI, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar