Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak edən dəstə üzvləri tutulub. “Taliban”ın və “İŞİD”in tərkibində döyüşməkdə ittiham olunan bu şəxsləri ağır cəza gözləyir.
ANS TV-nin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində 7 nəfər saxlanılıb. Onlar silahlı birləşmə və ya qruplar yaratma, onları silah, döyüş sursatı ilə təchiz etmə, habelə, insanları ölkə hüdudlarından kənarda gedən silahlı münaqişələrə cəlb etmədə şübhəli bilinirlər.
İstintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərdən Hafiz Ramizzadə və Aydın Qaragözov Pakistan ərazisində qeyri-qanuni fəaliyyət göstərən “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin üzvləri olublar.
“2012-ci ilə müxtəlif qruplaşmaların tərkibində xüsusi hərbi təlimlər keçmişəm. Bu 5 il ərzində bir sıra döyüşlərdə iştirak etmişəm”, – deyə Hafiz Ramizzadə bildirib.
“2011-ci il oktyabr ayında ora getdim. Bir neçə ay təlimlərə qatıldım. Ondan sonra silahlı qruplaşmaların tərkibində fəaliyyət göstərməyə başladım. Ümumilikdə 5 dəfə olmaqla koalisiya qüvvələrinə qarşı əməliyyatlarda iştirak etdim”, – deyə Aydın Qaragözov bildirib.
Təqsirləndirilən digər 5 nəfər isə 2014-2015-ci illər ərzində Suriya və İraq ərazisində ayrı-ayrı qeyri-qanuni silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.
Anti-terror əməliyyatları nəticəsində saxlanılan şəxslərin günahı təsdiqlənərsə, onlar qanunvericiliyə edilmiş son dəyişikliklərə uyğun olaraq 20 il müddətinə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.