Erməni terror təşkilatının qardaş ölkəni məhz indi hədəf alması təkcə Çanaqqala mərasimlərini pozmağa hesablanmayıb; 24 apreldə dünyaya iki mesaj veriləcək
Erməni terror təşkilatlarından olan ASALA-nın (“Ermənistanın azadlığı üçün gizli erməni ordusu”) bir neçə gün öncə Türkiyənin ünvanına hədələyici bəyanatla çıxış etdiyi barədə məlumat vermişdik. Bəyanatda qardaş ölkədə aprelin 24-nə təyin edilmiş Çanaqqala törənləri ilə bağlı təhdidlər və xəbərdarlıqlar yer almışdı.
Bəyanatda deyilirdi: “Aprelin 24-nə Türkiyə tərəfindən, o cümlədən Türkiyə prezidenti Ərdoğan tərəfindən bayram mərasimlərinin təşkilini həm sivil bəşəriyyətə, həm də həlak olan 1.5 milyon erməninin ruhuna təhqir hesab edirik. Biz bütün azad düşüncəli xalqları Ərdoğanın bu təxribatına qarşı çıxmağa çağırırıq. Əgər Ərdoğanın bayramı baş tutsa, ASALA Türkiyəyə qarşı hərbi əməliyyatları bərpa edəcək”.
ASALA Türkiyəyə gedəcək qonaqların da hədəf alına biləcəyinə işarə vurmuşdu. Söz yox ki, bu hədələr artıq ünvanına çatıb. Hər halda, kim bilməsə də, qardaş ölkədə, Azərbaycanın özündə yaxşı bilirlər ki, dünyada çoxdan terror təşkilatı kimi tanınan ASALA ötən əsrin 70-80-ci illərində xaricdəki Türkiyə səfirliklərinə və diplomatlarına xain silahlı hücumlar təşkil eləməklə yüzlərlə günahsız insanı, əsasən də diplomatları, onların ailə üzvlərini qətlə yetirib.
Ancaq Türkiyənin özündə ASALA analoji aktları demək olar, törədə bilməyib, gücü çatmayıb. Son vaxtlar qardaş ölkəyə edilən terror hücumları fonunda ASALA-nın təzədən “zühur etməsi” bu xüsusda qətiyyən təsadüf sayıla bilməz. Böyük ehtimalla, ASALA öz əlindən bir şey gəlməsə də, qardaş ölkəyə qarşı özünü göstərməkdə olan ümumi “terror xoru”na qoşulub onun haqqında dünyada güvənli olmayan ölkə imici yaratmaq, bununla da Çanaqqala zəfərinin 100 illiyi tədbirinə qatılmaq istəyən yüksək səviyyəli qonaqları səfərdən çəkindirməyi hədəfi seçib.
Sözsüz ki, Türkiyə rəhbərliyi bunu bizdən də yaxşı anlayır. Dünən prezident Rəcəb Tayyib Ərdoğanın ASALA təhdidləri bağlı açıqlaması qənaətimizi təsdiqləyir. Ona da şübhə yox ki, ASALA terror hədəsi ilə çıxış etməsəydi belə, qardaş ölkə təntənəli Çanaqqala mərasimlərinin təhlükəsizliyini təmin eləmək üçün bütün tədbirləri görəcəkdi. Çünki bu, həm də Türkiyənin beynəlxalq imici məsələsidir.
Qarşıdan isə həm də bu ilin noyabrında, Antalyada keçiriləcək “Böyük iyirmilik” (G-20) dövlətləri başçılarının Türkiyə sammiti gəlir. Ankara ilk dəfə belə mötəbər toplantıya ev sahibliyi edəcək. Aydındır ki, çoxsaylı ali qonaqların təhlükəsizliyinə qarant verməyən bir dövlətdə belə mühüm tədbirin reallaşması sual altına düşə bilər. ASALA və onun arxasına dayanan beynəlxalq məkrli güclərin əsas məqsədlərindən biri də budur.
Odur ki, kimsədə quşqu qalmasın ki, rəsmi Ankara heç vəchlə Türkiyə haqda terror hörgütlərinin yuva saldığı ölkə imici yaranmasına imkan verməyəcək. Bu təhlükəni önləmək üçün qardaş dövlətin bütün zəruri resursları və təcrübəsi var. Prezident Rəcəb Tayyib Ərdoğanın ASALA ilə bağlı söylədiyi “Belə hədələrin arxasındakı qüvvələr tezliklə bilinəcək” xəbərdarlığı da təhlükələrin ciddiyə alındığının, “qarşıya atılan əlcəyin” götürüldüyünün, terror planlarını bələyindəcə boğacaqlarının anonsudur.
Prezidentin işarə elədiyi qüvvələrin arealını təxmin eləmək isə çətin deyil. Xəritəyə və yaxın tarixə nəzər salsaq, hər şey aydın olar...
Bu yerdə haşiyə çıxıb xatırladaq ki, indiyədək 22-nə yaxın ölkə, o cümlədən Vatikan, Avropa Parlamenti və ABŞ-ın bir sıra ştatları erməni təbliğat maşınının felinə uyaraq və erməni lobbisinin paraları hesabına saxta soyqrımı tanıyıb. Ancaq bu, heç də o demək deyil ki, onların hamısı 24 apreldə İrəvan törəninə yüksək səviyyədə qatılacaq.
Daha çox yəqin ki, Türkiyə dövlətinə, onun regiondakı, dünyadakı artan roluna və statusuna qısqanclıqla yanaşan, bu rolu həzm edə bilməyən və ya tarixən onunla ədavətdə olmuş ölkələrin (Fransa, Rusiya, Yunanıstan, Cənubi Kipr) başçıları ən yüksək səviyyədə təmsil olunacaqlar. Necə ki, mötərizədə sadalanan ölkələrin rəhbərləri (Putin, Olland və başqaları) artıq razılıqlarını veriblər.
İstisna deyil ki, erməni lobbisinin güclü odluğu Cənubi Amerika dövlətlərindən də (Uruqvay, Venesuela) hansısa prezident İrəvandakı mərasimə qatılsın. Ancaq məsələn, saxta genosidi səhvən tanımış dövlətlərdən Kanadanın, Almaniyanın, İtaliyanın, Vatikanın (Roma papası), Litvanın, habelə Avropa Parlamentinin rəhbərlərinin 24 apreldə İrəvanda olmayacaqları dəqiqdir.
Həmçinin “soyqırımı” rəsmən tanımayan ABŞ dövlətinin başçısı Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron, hətta Türkiyə ilə hazırda münasibətləri isti olmayan İsrailin prezidenti Reuven Rivlin və baş naziri Binyamin Netanyahu İrəvana getməyəcəklər. Bununla da əslində tarixdə “erməni soyqırımı” adlı hadisənin baş vermədiyini bir daha nümayiş etdirmiş olacaqlar.
Bu, İrəvandakı 24 aprel törəni ilə bağlı dünyaya veriləcək ən güclü mesaj olacaq. Həmin gün bəşəriyyətə ikinci bir mesaj Türkiyədən, Çanaqqaladan veriləcək. O da Ərdoğanın söylədiyi kimi, sülh mesajı olacaq.
Beləcə, 24 apreldə xeyirlə şər növbəti dəfə üz-üzə gələcək. Bu dəfə virtual məkanda. Məğlubun hansı tərəf olduğu indidən də görünür.
Siyasət şöbəsi
://musavat.com/