Hakimiyyət xalqa necə minnət qoyur?

10-04-2015, 10:06   

Hakimiyyət xalqa necə minnət qoyur?
Vətəndaş boğularaq, güllələnərək öldürülmədiyi üçün şükr etməlidir

Hakimiyyətin yürütdüyü siyasət kimi, özünübəraət cəhdi də həmişə ifşayla nəticələnib. Hər dəfə hansısa “arqumet”lərlə özlərinə təsəlli tapmaq istəyirlər. Amma bütün arqumentlər bumeranq effekti verir. Əvvəlcə, ölkənin güclü iqtisadiyyatı, analoqsuz inkişafı olduğunu iddia etdilər.
Amma neftin qiymətdən düşməsi iqtisadiyyatın da, inkişafın da vəziyyətinin ağır olduğunu göstərdi. Sonra tolerantlıqdan, azad mətbuatdan danışdılar. Nəticədə bütün dünya bildi ki, ölkədə müstəqil mətbuat adına 1 qəzet var, jurnalistlər şərlənərək həbs edilir, fərqli fikrə düşmən münasibət sərgilənir, ilahiyyatçılar qondarma ittihamlarla zindana atılır. Demək olar, bütün beynəlxalq hesabatlarda, beynəlxalq tədbirlərdə, nüfuzlu dünya mətbuatında Azərbaycan hakimiyyətinin ünvanına ən sərt ittihamlar irəli sürülür. Ölkədə korrupsiyanın olmadığını iddia edirdilər. Amma korrupsiya o qədər fontan vurdu ki, bu “fontan”a qarşı mübarizə idarəsi yaratmağa məcbur qaldılar.
Indi bütün arqumentləri tükənən, yalanları ifşa olunan hakimiyyət yeni “sığınacaq” tapıb. Ölkə başçısı Novruz şənliyindəki nitiqi ilə bu yeni “sığınacağa” start verdi və bundan sonra tez-tez hökumət mətbuatı bu fikirləri tirajlayır. Ölkə başçısı həmin nitqində belə deyirdi: “Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar? Nə üçün qətnamələr qəbul edilmir? Bax, bu suallara cavab almaq çox çətindir”.
Bəli, hakimiyyət etiraf edir ki, bu ölkədə həbslər də, məhrumiyyətlər də, cinayətkarlıq da, qanunsuzluq da var. Amma özlərinə təsəlli vermək üçün “Başqa ölkələrdə insanları boğaraq, güllələyərək öldürürlər” fikrini şüara çeviriblər. Yəni vətəndaşa o mesajı verirlər ki, sizi boğmuruqsa, güllələmiriksə, şükr edin.
Əvvəla, güllələmədən də, boğmadan da öldürmək mümkündür və YAP hakimiyyəti bunu gözəl bacarır. 100-lərlə insanı şərləyərək həbs etmək də, həmin vətəndaşın həyatını, arzularını, gələcəyini öldürməkdi. Vətəndaşı intihar həddinə çatdırmaq da, borc bataqlığına düçar etmək də öldürməkdi. Bu hakimiyyətin dövründə 1000-lərlə hərbçi qeyri-döyüş şəraitində həlak olub, 1000-lərlə vətəndaş məmur özbaşınalığına görə intihar edib. Tanınmış jurnalist, yazıçı, ziyalı güllələnərək öldürülüb və bugünə qədər də günahkarlar həbs olunmayıb. Bütün bunların məsuliyyəti hakimiyyətin üzərində deyilmi? 14-cü kolonda vəhşicəsinə döyülərək öldürülən Elşad Babayevin taleyini kimi ayağına yazaq? Məhz bu hakimiyyətin sayəsində Azərbaycanda “intihar körpüsü” yaranıb.
Deməli, intihar həddinə çatdırmaq, şərləyib həbs etmək, yüksək faizli kreditlərlə müflisləşdirmək demokratiyanın, tolerantlığın, ədalətin göstəricisidir? Belə çıxır ki, Əliyev hakimiyyəti vətəndaşı boğub öldürmədiyi üçün minnət qoyur. Deməli, vətəndaşı güllələmədiklərinə görə bunlara itaət etməli, baş əyməliyik.
Bəli, 21-ci əsrdə ölkənin prezidenti vətəndaşı yüngül formada öldürməyi, şərləyib həbs etməyi, bütün hüquqlardan məhrum etməyi müsbət hal kimi qiymətləndirir. Hansıki, dünyada vətəndaşına 5000-6000 maaş verən, vətəndaşını sığortalayan, monopoliyanı, korrupsiyanı ləğv edən, məhkəmələrə müstəqillik verən, sülalə hakimiyyətindən imtina edən ölkələr də var. Amma YAP hakimiyyəti demokratik, sivil dünya ilə deyil, Afrikanın cəngəllikləri ilə müqayisə aparmaqda israrlıdır.
Bir sözlə, dubinkaya, şərlənməyə, talanmağa şükr etməliyik və bu formada ölməyi uğur kimi qiymətləndirməliyik. Hakimiyyətin bizə son mesajı budur.
Azad
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar