Xoşqədəm Baxşəliyevanın “Səni axtarıram” verilişi də ANS-ə transfer oldu
Aprelin 10-da ATV kanalından kütləvi ixtisarlar olması barədə media orqanlarında məlumat yayıldı. Kanaldakı mənbədən azxeber.com-a verilən məlumata görə, kanal rəhbərliyinin göstərişi ilə yüzə yaxın işçi işdən çıxarılıb. Maraqlı olan məqam isə işdən çıxarılanların böyük əksəriyyətinin xanım işçilər olmasıdır. Kütləvi ixtisarlar daha çox kanalın xəbərlər və ictimai-siyasi verilişlərində çalışan jurnalistlərə şamil edilib. Və kanal rəhbərliyi bunu kanalın ən çox şou xarakterli verilişlərdən gəlir əldə etməsi ilə əlaqələndirib.
Mənbənin sözlərinə görə, işdən çıxarılan jurnalistlər kadrlar şöbəsinə çağrılaraq təkidlə ərizə yazmalı olduqları deyilib. İşdən çıxarılanların bir çoxu əmək məcəlləsinin kobud şəkildə pozulması iddiası ilə ərizə yazmaqdan imtina ediblər.
Bununla yanaşı kanalın İstanbul və Moskva nümayəndəliyi ləğv edilib və oradakı müxbirlərin işinə xitam verilib.
Xatırladaq ki, ötən gün AZTV-də kütləvi ixtisarlar başlamışdı. Dövlət televiziyasında da jurnalistlərlə yanaşı kanalda vəzifə tutan bəzi şəxslər işlərindən uzaqlaşdırılmışdı.
Amma xəbərin yayılmasının ardınca kanalın Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlunun adından yayılan açıqlamada bildirildi ki, heç bir əsası yoxdur.
Amma günün irəliləyən saatlarında Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişi bundan sonra ATV-də deyil, ANS-də yayımlanacağı ilə bağlı xəbər də mediada yer aldı.
Azad Azərbaycan Telekanalının (ATV) Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu Publika.az-a açıqlamasında xəbəri təkzib etməyib. Əksinə, o, məsələ ilə bağlı ayrıntılı məlumatı Xoşqədəm Hidayətqızının özünün verəcəyini bildirib. Onun sözlərinə görə, rəhbərliklə Xoşqədəm Hidayətqızı arasında razılaşma belədir: “Xoşqədəm Hidayətqızı ATV-dən getməsi ilə bağlı yayılan xəbərlərə özü açıqlama verəcək və bütün detalları izah edəcək”.
ANS telekanalının mətbuat müşaviri Mayıs Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakıya aprelin 10-da gəldiyi üçün sözügedən olayla bağlı məlumatlı olmadığını bildirib.
ANS şirkətlər qrupunun vitse-przidenti Mirşahin Ağayev məsələylə bağlı modern.az-a Xoşqədəm Hidayətqızının özü ilə əlaqə saxlamağı tövsiyə edib:"İlk növbədə Xoşqədəm xanımın özüylə əlaqə saxlayın. Mənim onun iş yerini dəyişməsi barədə hər hansı açıqlama verməyim düzgün deyil axı. Bəlkə o özü bunun üçün xüsusi tədbir keçirəcək, daha geniş açıqlama verəcək".
Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamağın mümkün olmadığını bildirəndə Mirşahin Ağayev günün sonuna qədər gözləməyi məsləhət gördü: “İndi telefonu açmırsa, günün sonunu gözləyin. Yəqin açıqlaması olacaq”.
Əməkdaşımız günün sonuna qədər bir neçə dəfə X.Hidayətqızı ilə əlaqə saxlamağa çalışsa da, buna nail olmayıb.
Mediada dolaşan söz-söhbətlərdə isə bildirilir ki, X.Hidayətqızının ATV-dən ayrılması öz istəyi ilə baş tutub. Səbəb isə son zamanlar Zaur Baxşəliyevin aparıcısı olduğu “Öz aramızda” adlı verilişində itkin düşən insanları axtarması, yəni “Səni axtarıram”ın formatına girməsidir. Bu isə X.Hidayətqızında və onun komandasında ciddi narazılıq yaradıb.
Bütün hallarda indi kanal dəyişmələri, transferlər adi media hadisəsidir. Sadəcə bununla bağlı verilişin aparıcısı tərəfindən yekun açıqlamanın verilməsi bütün versiya və şayiələrə son qoya bilər.
Sevinc TELMANQIZI