Hesablama Palatasının hesabatında Səhiyyə Nazirliyi ilə bağlı ilginc faktlar
Hesablama Palatasının hesabatında Səhiyyə Nazirliyininin fəaliyyətində aşkar olunan ciddi nöqsanlardan da bəhs olunub. Hesabatda bildirilir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ayrılan vəsaitlərin və icrasının auditi aparılıb. Audit zamanı müəyyən edilib ki, stansiya tərəfindən büdcə vəsaiti üzrə proqnozlar tərtib edilərkən qanunvericilik aktlarının bir sıra tələblərinə əməl edilməyib. Cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Xərc maddələri üzrə proqnoz rəqəmləri müvafiq iqtisadi əsaslandırma və hesablamalar aparılmadan yalnız əvvəlki illərin göstəriciləri əsas götürülərək tərtib edilib.
Stansiyanın həkim və feldşerləri əvəzçiliklə 1,5 vəzifə maaşı üzrə cəlb olunmaqla yanaşı, artıq iş saatlarına cəlb olunub. Onlara əməkhaqqı, ezamiyyə xərci normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq ezamiyyə xərci ödənilib. Vahid Büdcə Təsnifatının tələblərinə riayət edilməyərək vəsaitlərin təyinatı dəyişdirilib. Anbarda əsas vəsaitlərin çatışmazlığı müəyyən edilib, avtomaşınlar üçün ehtiyat hissələri uzun müddət istifadəsiz saxlanılıb. Mövcud normalara riayət edilməməsi nəticəsində yanacaq və ehtiyat hissələrinin alınmasına, cari təmirinə artıq vəsait xərclənib, istismar müddətini başa vurmayan ehtiyat hissələri vaxtından əvvəl silinib, maddi-məsul şəxslərin öhdələrində olan dərman, sarğı ləvazimatları və materiallarının hərəkəti haqda hesabatlar mühasibatlıqda uçota alınmayaraq bəzi dərman, sarğı ləvazimatları və materialları uçota alınmayıb.
Dəmiryol Xəstəxanasında vəsaitlərin təyinatı dəyişdirilib
Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb.
Müəyyən olunub ki, Həkim-Sanitar Xidməti tərəfindən büdcə xərcləri üzrə proqnoz göstəriciləri hazırlanarkən normativ aktların bəzi tələbləri gözlənilməyib. Bir sıra xərc maddələri üzrə iqtisadi əsaslandırmalar aparılmayıb. Bəzi hallarda Xidmət və Mərkəzi Dəmiryol Xəstəxanası tərəfindən Vahid Büdcə Təsnifatının tələbləri gözlənilməyərək vəsaitlərin təyinatı dəyişdirilib.
Həkim-Sanitar Xidməti tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə satınalmalar ayrı-ayrı müqavilələrə bölünməklə satınalma metodu dəyişdirilib. Bu xəstəxanalar üzrə vəsait müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan satınalma metodu tətbiq edilməyərək xərc edilib. Avtomobil vasitələrinin yanacaq, ehtiyat hissələri və cari təmiri üzrə müvafiq nomaların gözlənilməməsi nəticəsində artıq vəsait xərclənib. Dəmiryol Xəstəxanası üzrə eyni avtomaşına ehtiyat hissələri təkrar silinib, maşın və avadanlıqlara, əsas fondlara artıq köhnəlmə hesablanıb.
Həkim-Sanitar Xidməti tərəfindən 2011-2012-ci illər ərzində alınan mal-material qiymətlərin tibb müəssisələrinə verilməsi Xidmətin bölgüsü əsasında həyata keçirilsə də, Kürdəmir, Ucar və Lənkəran dəmiryol ambulatoriyalarına mal-material verilməyib. Mal alışı olmadığı halda vəsait ödənilib və ezamiyyə xərclərinin normalarının gözlənilməməsi nəticəsində artıq vəsait xərc edilib.
Bakı Dəmiryol Xəstəxanası tərəfindən əməyin ödənişi və ixtisas dərəcələrinin, vəzifələrin düzgün müəyyənləşdirilməməsi nəticəsində, vakant vəzifələr və işçilərin məzuniyyətdə olduqları dövr üçün görülən işlərə görə bəzi işçilərə gecə vaxtı iş rejiminə görə həftəlik iş vaxtı normalarından orta hesabla 2 dəfədən artıq iş saatları verilərək artıq əməkhaqqı ödənilib. Artıq iş saatlarına cəlb edilən işçilərlə bağlı rəsmiləşdirilmələrdə qanunvericiliyin tələbləri gözlənilməyib. Məzuniyyət dövrü hesablanan zaman orta günlük əməkhaqqının düzgün hesablanmaması nəticəsində, bəzi işçilərə isə məzuniyyətdə olduqları dövrdə artıq əməkhaqqı ödənilib. Nəzərdə tutulmadığı halda mükafat verilib, inventarizasiya zamanı ərzaq məhsulları üzrə çatışmazlıq, mal-material qiymətləri üzrə artıqlıq olub, normadan artıq ərzaq silgisi aparılıb və əsaslı təmir işləri üzrə iş həcmləri tam yerinə yetirilməyib.
Mərkəzi Dəmiryol Xəstəxanası tərəfindən tarif dərəcəsinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əməkhaqqı ödənilib, xəstəxananın anbarında əsas vəsait uzun müddət istifadəsiz saxlanılıb, 2012-ci ildə əməkhaqqının hesablanması üçün müvafiq kompüter proqramı alındığı halda, 2013-cü ildə təkrarən həmin proqramın alınmasına vəsait ödənilib, xəstəlik tarixlərindəki təyinatlara işlənilmədən dərman, sarğı ləvazimatları və materialları silgisinə yol verilib, onların, ərzaq məhsulları və dəftərxana malları üzrə çatışmazlıq, artıq ərzaq silgisinə yol verildiyi aşkar edilib.
Sumqayıt, Bərdə, Qazax və Zaqatala səhiyyəsindəki nöqsanlar
Hesabat ilində dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit aparılıb. Müəyyən edilib ki, səhiyyə şöbəsinin tabeliyində olan müəssisə və təşkilatlarda maddi-məsul şəxslərin öhdəsində olan əsas vəsaitlər üzrə çatışmazlıq və artıqlıq olub, avtonəqliyyat vasitələrinin cari təmirinə normadan çox vəsait xərc edilib, ehtiyat hissələrinin buraxılması zamanı quraşdırma aktları tərtib edilmədən ehtiyat hissələri silinib.
Cari təmir işləri zamanı iş həcmlərinin artırılması və bir obyekt üzrə smeta sənədlərində nəzərdə tutulmuş tikinti materiallarının əvəzləşdirilməsi hesabına artıq vəsait ödənilib.
Bərdə rayon Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı müəyyən edilib ki, yanacaq, istismarda olan mal-material qiymətləri, müxtəlif dəftərxana ləvazitmatları və materialları, ərzaq məhsulları üzrə çatışmazlıq və artıqlıq, istismar dövrünü başa vurmadan avadanlığın balansdan silinməsi, sosial məzuniyyətdə olan işçiyə artıq vəsaitin köçürüldüyü müəyyən edilib. Xəstəxana və tabeliyində olan tibb müəssisələrində stasionar müalicədə olan xəstələrin faktiki sayı yoxlanılarkən curnal və menyu-tələbnamə üzrə xəstələrin sayında uyğunsuzluq olub, stasionarda olmayan xəstələrə görə ərzağa artıq vəsait xərclənib.
Hesabat ilində dövlət büdcəsindən Qazax rayon Xəstəxanası üzrə ayrılmış vəsaitlərin proqnolzlaşdırılması və icrasına dair audit aparılıb. Xəstəxana tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən normativ-hüquqi aktların bir sıra tələbləri gözlənilməyib, xəstəxananın cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, müvafiq iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, bir çox xərc maddələri üzrə əvvəlki ilin icra göstəriciləri nəzərə alınmayıb. Xəstəxananın aptektində dərman, sarğı ləvazimatları və materialları üzrə çatışmazlıq, holoqramsız dərman, 4 dəst qan qrupunu təyin etmək üçün istifadə müddəti ötmüş reaktiv, anbarında ərzaq məhsulları üzrə çatışmazlıq və artıqgəlmə müəyyən edilib.
Zaqatala rayon Xəstəxanasına ayrılan vəsaitlərə dair audit nəticəsində müəyyən edilib ki, şəkər xəstələrinin konsultasiyaları, laborator və instrumental müayinələrinin dövriliyinə əməl edilməyib, xəstələrə müəyyən edilən illik normadan artıq insulin verilib, xəstəxananın aptekində yararlıq müddəti başa çatan dərman preparatları müəyyən edilib. Ərzaq alınması üçün çox vəsait xərclənib, ərzaq anbarında ərzaq, 7 şöbədə aktivlər üzrə çatışmazlıq, stomatoloci kabinetlərdə isə xəstəxananın balansında olmayan və həkimlərə məxsus stomotoloji qurğular, avadanlıqlar müəyyən olunub. Xəstəxananın mal-material anbarında olan tibbi inventarlar və avadanlıqların, faktiki mövcud olduğu halda uçota götürülmədiyi, müxtəlif növ mal-materialın çatışmazlığı müəyyən edilib. Xəstəxana və tabeliyində olan tibb müəssisələrində stasionarda olmayan xəstələr üçün ərzaq, 3 kənd xəstəxanasında dizel yanacağı artıq silinib, 2 kənd xəstəxanasında ərzağın əskikiliyi, xəstəxananın şöbələrində isə dərman, sarğı və materialların təyinatları üzrə xəstəlik tarixlərində işlənilmədən silinməsi halları aşkar edilib.
Xatırladaq ki, Hesablama Palatasının bundan əvvəlki hesabatında da Səhiyyə Nazirliyinin fəaliyyəti ilə bağlı ciddi nöqsanlar əks olunmuşdu. Sənəddə hətta qeyd edilirdi ki, audit nəticəsi psixi xəstələrin belə pulunun yeyildiyi üzə çıxıb.