Ukraynanın şərqində rusiyameylli separatçılar böyük hücuma başlamaq üçün tam hazırlıq vəziyyətindədir.
Virtualaz.org saytı “Newsweek” həftəliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna və Amerika hərbi qaynaqları bildiriblər.
Ukrayna ordusunun nümayəndəsi, polkovnik Andrey Lısenko Kiyevdə jurnalistlərə hücum əməliyyatının Pasxa bayramından sonra başlayacağını və mayın 9-na qədər yekunlaşacağını deyib.
“Kəşfiyyat məlumatlarına əsasən Donetsk separatçılarının liderləri Krımda, Rusiyada və digər yerlərdə müalicə olunan yaraqlıları geri çağırırlar. Düşmən yeni müharibənin və Ukrayna ərazilərinin içərilərinə doğru hücumun başlayacağına dair şayiələr yayır. Atəşkəsin pozulmasına görə məsuliyyəti Kiyevin üzərinə qoymaq üçün bəhanələr irəli sürməyə hazırlaşır” - deyə polkovnik Lısenko bildirib.
Ukrayna parlamentinin I vitse-spikeri Andrey Parubiy isə Rusiyanın sərhədə 60 minlik kontingent cəmləşdirdiyini deyib.
Rusiya mənbələri isə xəbər verir ki, Ukrayna, Azərbaycan, Gürcüstan və Qazaxıstanla sərhəd regionları əhatə edən Cənub Hərbi Dairəsinin qoşunları düşmənin irimiqyaslı hücumunun dəf edilməsi, daha sonra əks-hücuma keçilməsinə dair komanda-qərargah təlimlərini başa vurublar.
NATO ölkələri də Ukraynada müharibənin üçüncü və daha irimiqyaslı fazasına hazırlıq görür. ABŞ və Böyük Britaniyanın ardınca Kanada da Ukraynaya hərbi kontingent göndərəcəyini elan edib.
Kanada KİV-ləri xəbər verir ki, ölkə hökuməti Ukraynaya hərbi kontingent göndərilməsi planı üzərində işi başa çatdırmaq üzrədir. Kanada kontingentinin göndərilməsinin rəsmi izahı kimi Ukrayna ordusuna təlim keçilməsi göstərilir. Kanada Müdafiə Nazirliyi artıq Ukrayna ərazisində olan ABŞ desantçıları ilə planı koordinasiya edir.
Bundan əvvəl Pentaqon Ukrayna ordusuna təlim keçmək adı altında yüzlərlə desantçını Ukraynanın Lvov vilayətinə göndərib.
Böyük Britaniya da Ukrayna ordusuna təlim keçmək üçün bu ölkəyə öz hərbçilərini göndərmişdi.
Ehtimallara görə, bu dəfə hərbi əməliyyatlar başlasa, Rusiyadan dəstəklənən separatçılar Xarkovu, Mariupolu və hətta Odessanı tutaraq Krıma quru dəhlizi açmağa çalışacaqlar.
Rusiyanın Ukraynanın cənub-şərq ərazilərini tutmaqla kifayətlənməyib oradan Moldovanın Dnestryanı bölgəsini də ilhaq edəcəyinə dair narahatlıqlar var.
Belə görünür ki, Ukrayna rəhbərliyi Rusiyanın hücum planlarından xəbərdar olaraq qərb istiqamətində ikinci cəhbə açmağa hazırlaşır. Belə ki, Kiyev hakimiyyəti separatçı Dnestryanı bölgə ilə Ukrayna arasında bütün sərhəd-keçid məntəqələrini bağlayıb. Bu addım separatçı bölgənin iqtisadiyyatını tamamilə çökdürə bilər. Çünki Dnestryanı bölgəyə mallar Ukrayna sərhədindən daşınırdı.
Prezident Poroşenko Dnestryanı bölgəni blokadaya almaqla bir tərəfdən Avropa İttifaqına inteqrasiya yolunu seçən Moldovaya öz ərazi bütövlüyünü bərpa etməkdə dəstək vermək istəyir. Digər tərəfdən, iqtisadi böhrana yuvarlanan separatçı bölgədə münaqişə yenidən alovlansa Rusiya Avropa İttifaqı ilə üz-üzə gəlməli olacaq.
Lakin Rusiya Dnestryanı bölgənin Moldova və Ukrayna tərəfindən blokadaya alınaraq diz çökdürülməsinə yol verməyəcək. Gözlənilir ki, Ukraynanın şərqində planlaşdırılıan yaz hücumunda məqsəd də Kiyevlə Kişinyovun bu taktikasını boşa çıxarmaqdır.
Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyir ki, bu dəfə müharibə başlasa, çox dəhşətli olacaq...
Son məlumata görə, Ukraynanın antiterror qərargahının komandan müavini, polkovnik Valentin Fediçev Rusiyanın sərhədə cəmləşdirdiyi qoşun və hərbi texnikanın miqdarını açıqlayıb.
Onun bildirdiyinə görə, Rusiya Ukrayna ilə sərhədə 53 minlik canlı qüvvə, 420 tank, 1920 zirehli döyüş maşını, 500-dən çox artilleriya sistemi, 200-ə qədər reaktiv artilleriya sistemi, 380-dən çox döyüş təyyarəsi və 130-a yaxın vertolyot cəmləşdirib.
Polkovnik deyib ki, Donbas və Luqansk separatçılarının canlı qüvvəsi 31 min nəfərə yaxındır, onların çoxu rusiyalı muzdlulardır. V.Fediçev deyib ki, hazırda Donetsk şəhəri rayonnda yaraqlıların zərbə qruplaşması formalaşdırılır.
“Rusiya nəinki bunu bilir, eyni zamanda prosesə rəhbərlik edir”- deyə polkovnik bildirib.
F.Məmmədov
Virtualaz.org