Azərbaycanda sənədsiz uşaqların problemi təkcə valideynsizlik deyil: sənədi olmayan uşaq təhsil ala bilmir, müxtəlif səbəblərə görə bəzən heç sığınacağa da qəbul olunmaya bilər. Azərbaycanda doğumun qeydə alınması qanunlara görə, zəruridir. Bəs, bəzən uşaqların mövcudluğunun qeydə alınmaması necə baş verir?
Musavat.com BBC-ə istinadən xəbər verir ki, təhlilçilər, uşaqların qeydiyyata alınmamasının günahını mərkəzləşdirilmiş mexanizmin olmamasında və valdeynlərin məsuliyyətsizliyində görür.
Leyla Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki sığınacaqda məskunlaşan 23 uşaqdan biridir. İki yaşında ikən anası Leylanı baxılması üçün başqa qadına - dayəyə verib, on üç yaşından sonra isə o, xalasıgildə yaşayıb. Amma ailə problemlərinə görə o, bu evdən qaçıb. Sənədləri olmadığından orta məktəbə gedə bilməyən Leyla keçmişini belə xatırlayır: "Dayəm mənə böyüklərlə necə danışmağı, tanımadığın insanlarla necə rəftar etməyi, ev işlərini öyrədib. Kəmalə xaladan (sığınacağın rəhbəri) həmişə xahiş eləmişəm məni harasa yerləşdirsin, bir ailəm olsun, mama tapsın. Öz mamamı istəmirəm, başqa ailə istəmişəm".
"16 yaşlı oğlanı hara göndərim?"
Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə Leylanın sığınacağa ilk gətirildiyi anı belə xatırlayır: "Qarşımda üz-gözü kosmetikayla dolu, əynində çox qısa yubka, hündür kabluklu ayaqqabıda bir uşaq dayanmışdı. Onu gətirən qızlar Leylaya sənəd almaq və daha sonra onu satmağı planlayırdılar".
AUB uşaq hüquqlarının müdafiəsi ilə bağlı proqramlar həyata keçirir. Qanunvericiliyə əsasən, uşağın qəyyumu, yaxın qohumları və ya uşağın yerləşdirildiyi dövlət müəssisəsi ola bilər. AUB qeyri-hökümət təşkilatı olduğundan müvafiq icra hakimiyyətinin qəyyumluq komissiyasına fərdi olaraq, təşkilat sədrinin adından müraciət edə bilir. Belə ki, təşkilat sədrinin sözlərinə əsasən, qanunda adı çəkilən "himayə orqanı" ifadəsinin təşkilata şamil olunub-olunmadığı mübahisəli məsələdir. Kəmalə Ağazadə əsl problemin uşaq evləri və internatların 14 yaşdan yuxarı uşaqları yaş həddi keçdiyinə görə qəbul edə bilmədikləri zaman yarandığını əlavə edir: "Hal-hazırda təşkilatda imtina olunmuş 16 yaşlı oğlan var. Mən o oğlanı hara göndərim? Heç bir dövlət müəssisəsi onu qəbul etməyəcək".
Sığınacağa yerləşdirilən uşaqlar təhsilin yarımçıq kəsilməməsi üçün yaxınlıqdakı təhsil müəssisələrinə yönləndirilirlər. Birliyin sədrinin sözlərinə əsasən, uşaq tamamilə təhsildən yayındığı hallarda, 12-15 yaşında heç təhsilə cəlb olunmadığında, onu orta məktəblərə yönləndirmək mümkün olmur. Bu hallarda təşkilatın işçiləri və könüllülər uşağa oxuma-yazma, riyazi biliklər öyrədir.
Kəmalə Ağazadə son dövrdə təşkilatın ərazisində yerləşdiyi Binəqədi İcra Hakimiyyətinin problemlərin həllində yaxından iştirakını xüsusilə qeyd edir: "Sığınacaqda potensial insan alveri qurbanı sayılacaq uşaqların vəziyyətinə dair monitorinqlər aparılır, təşkilatla birgə fəaliyyət və əməkdaşlıq davam etdirilir".
Doğumun qeydə alınması
Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq doğumun dövlət qeydiyyatı məcburidir. Rəsmi statistikaya görə, 2013-cü ildə Azərbaycanda 170 000-dən çox uşaq doğulub ki, bunlardan təxminən 25 000-i qeyri-rəsmi nikahdan doğulan uşaqlardır.
Hüquqşünas Vamiq Şükürov doğulan uşaqların qeydiyyata alınmamasının əsas səbəbini düzgün və mərkəzləşdirilmiş mexanizmin qurulmamasında görür: "Mexanizmi Səhiyyə nazirliyi ilə Ədliyyə nazirliyi qurmalıdır. Birinci doğuşu öz müəssisələrində, ikinci isə doğumu qeydiyyat şöbələrində həyata keçirir. Vahid proqram təminatı qurulduqdan sonra Səhiyyə Nazirliyi doğum barədə məlumatı Ədliyyə nazirliyinə ötürəcək".
"Əgər işlək elektron baza qurulsa və tibb müəssisələri ilə qeydiyyat şöbələri əlaqələndirilsə, uşaqlar doğulduğu andan qeydiyyata götürülürlər", o əlavə edir.
Hüquqşünas doğumun qeydiyyatında yaranan digər səbəb kimi valideyin məsuliyyətsizliyinin ciddi cəzalandırılmamasını qeyd edir.Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasına əsasən, müddəti keçmiş, yaxud evlilik vəziyyəti dəyişmiş şəxslərə köhnə şəxsiyyət vəsiqəsi ilə doğumu qeydiyyata almaq olmaz.
Vamiq Şükürov yaşın dəyişməsi və ya evlilik vəziyyətində dəyişikliyin uşağın həmin insandan doğulmasını şübhə altına almadığını bildirir.
Hüquqşünas qaydanın qoyulmasında məqsədin vətəndaşları intizamlı olmağa vadar etmək olduğunu qeyd edir: "Yəni yeni doğulan uşağı qeydiyyata aldırmaq üçün vətəndaş məcbur olub şəxsiyyət vəsiqəsini dəyişəcək. Vəsiqələrini dəyişməsələr qeydiyyat şöbələri doğum şəhadətnaməsi verməyəcək."
Ədliyyə Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi ASAN Xidmətin qeydiyyat məsələsinə rahatlıq gətirdiyini bildirir: "ASAN Xidmət idarəsinin Bakıxanov qəsəbəsində yerləşən filialında 1 ayda 600 yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamə verilib. Valideyinin qeydiyyatı rayona olsa da, onlar ASAN Xidmət vasitəsilə uşaqlarının sənədlərini doğumun baş verdiyi ərazidə ala bilirlər."
Sənədsiz uşaqları gözləyən təhlükələr
UNICEF təşkilatının 2013-cü il məlumatlarına əsasən, dünyada 5 yaşınadək uşaqlar arasında doğum qeydiyyatı aparılmış 65 milyon, doğumu qeydə alınmamış 229 milyon uşaq var.
Daxili Işlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi Azərbaycanda sənədsiz uşaqlarla bağlı rəsmi statistikasının olmadığını vurğulayır. "MDB ölkələrindən miqrasiyanın olması, ölkədaxili yerdəyişmələr tam statistika çıxarmağa əngəl törədir."
DİN nümayəndəsi, sənədləri olmayan uşaqlar arasında dilənçilik və avaraçılığa, pis vərdişlərə meyl, hüquq pozğungluqları törətmə hallarına rastlandığını qeyd edir. Bu uşaqlar yetkin şəxslərin təhriki ilə narkotikdən istifadəyə, oğurluğa, digər ağır cinayətlərə sövq edilirlər, o deyir.
Nə etməli?
Kəmalə Ağazadə qəbul olunan dövlət proqramlarının operativ işləməsi üçün əhali arasında maarifləndirmənin vacib olduğunu qeyd edir. Birliyin sədri, sənədsiz uşaqların sənədlərinin alınmasında prosedur qaydalarının çox uzun olduğunu da əlavə edir:
"Uşağın sənədinə Ədliyyə Nazirliyində 21 gün ərzində baxılır. Bu isə insan taleyidir. Müddət uzandıqca uşağın başına da hər hansı iş gələ bilər, uşaq qaça bilər. Həssas ailələrlə bağlı, uşaqlarla bağlı iş üçün xüsusi məlumat bazası mütləq olmalıdır. Yeri gəldikdə, tək-tək, qapı-qapı gəzib oradakı vəziyyəti araşdırmaq lazımdır".
Hüquqşünas Vamiq Şükürov isə xəstəxanadan kənar doğulanlar üçün qeydiyyatın məhkəmə qərarı ilə olmasını mütləq zərurət sayır: "Qəyyumluq yerli icra hakimiyyətinin qəyyumluq və himayədarlıq orqanın qərarı ilə təyin olunur. Yalnız mübahisə olduqda məhkəməyə müraciət olunur. Övladlığa götürmə isə hər bir halda məhkəmə qərarı ilə olur".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə üzrə sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazasının yaradılması işlərinə başladığını bildirir.
"Vahid məlumat bazasında sağlamlıq imkanları məhdud olan, çətin həyat şəraitində və təhlükəli sosial vəziyyətdə yaşayan, penitensiar müəssisələrdən azadlığa çıxan, aztəminatlı ailələrdə olan və digər həssas qruplardan olan uşaqlarla bağlı məlumatlar toplanacaq", nazirliyin sözçüsü Elman Babayev deyir. "Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq".
Cənab Babayev məlumat bazasının uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də yardım edəcəyini vurğulayır. Xəritələşdirmə sosial sifarişlər əsasında icrası nəzərdə tutulan layihələrin respublikanın bölgələri üzrə "obyektiv və məqsədyönlü şəkildə müəyyən olunmasına imkan verəcək", o deyir.
Ananın şəxsiyyət vəsiqəsi olmadıqda və ya şəxsiyyəti məlum olmadıqda bu barədə məlumatların yeni doğulmuşların tibbi elektron registrinə əlavə edilməsi, nəticədə doğum haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmur.
Ombudsman Elmira Süleymanovanın illik hesabatında problemin həlli məqsədilə 2014-cü ildə Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na müvafiq dəyişikliklər edildiyi qeyd olunur.
Dəyişikliyə əsasən, tibb müəssisəsində doğularaq hər iki valideynin imtina etdiyi uşaq haqqında məlumat həmin müəssisənin rəhbəri tərəfindən dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə birlikdə uşaqların hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilir.
Komissiya isə beş iş günü ərzində uşağın atılması haqqında sənədi, doğum şəhadətnaməsini, habelə ona veriləcək ad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir. Bu halda doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatları əks etdirən qrafalar doldurulmur, uşağın atılması və valideynlərinin məlum olmaması göstərilir.
Doğum haqqında akt qeydində Komissiyanın müraciəti barədə qeydlər aparılır.