Redaksiyamlza daxil olan məlumatlarda yenidən massaj salonu adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarından bəhs olunur. Və növbəti dəfə bu pritonların yenə də Nəsimi rayonunda, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin nəzarətində olan ərazidə yerləşdiyi bildirilir. Həm də bu dəfə ilginc açıqlamalar artıq bir əxlaqsızlıq yuvası deyil, beş belə obyektdən ibarət olan şəbəkə barədə təqdim olunub. Məlum olduğu kimi əvvəllər həqiqi massaj salonları yerli iş adamlarının və məmurların dəstəyi ilə çinlilər tərəfindən yaradılırdı. Təbii ki, burada işləyən mütəxəssislər də həmin ölkədən gələn əmək miqrantları idi. Lakin sonradan bu fəaliyyət sahəsi azərbaycanlı iş adamları üçün də cəlbedici oldu. Nəticədə isə bu müəssisələrin sayı yağışdan sonra göbələk kimi artmağa başladı. Az müddət sonra isə massaj salonlarından kütləvi şəkildə intim xidmətlərin təklifi üçün istifadə edilməyə başlandı. Bu tip “massaj salonlarına” cəlb olunan qızların əksəriyyəti isə ümumiyyətlə tibbi massajın nə olduğundan və onun hansı üsullarla həyata keçirildiyindən tam bixəbərdirlər. Əgər müştəri salona intim xidmət deyil, məhz massaj seansı almaq niyyəti ilə gəlmişdirsə, bu zaman personal sadəcə bel ovxalamaqla işini bitmiş hesab edəcəkdir. Daxil olan məlumatlarda Bakı metrosunun “28 may” stansiyası ətrafındakı ərazidə yerləşən “Relax”, “Rodi”, “Səbinə” salonlarında da eyni proseslərin getdiyi bildirilir. Qeyd olunduğu kimi eyni şəxsə məxsus olan bu pritonlar şəbəkəsinə beş obyekt daxildir. Belə ki, “Relax” salonu eyni ad altında, hətta eyni binada fəaliyyət göstərən iki müxtəlif obyektdən ibarətdir. Həm də bu obyektlərin hər biri ayrı-ayrı şəxslərə icarəyə verilib. Beşinci salonun isə adını dəqiqləşdirmək imkanımız olmasa da oranın Aysel adlı bir qadın tərəfindən idarə edildiyini öyrəndik. Hərçənd ki, bu o qədər də vacib deyil. Obyektlərin ümumi fəaliyyətinə Mübariz adlı “inzibatçı” nəzarət edir. Şəbəkənin əsil sahibi isə Arif adlı bir şəxsdir. Həmçinin daxil olan məlumatlarda bu salonları icarə əsasında işlədən şəxslərdən bəziləri barədə də açıqlamalar verilir. Diqqəti belə bir məqam cəlb edir ki, bu pritonları işlədənlər əksərən qadınlardır. Belə ki, “Relax” salonlarından birini Gülü, digərini isə Toma kimi tanınan iki qadın icarəyə götürüblər. “Səbinə” salonu isə ehtimal ki, elə bu obyekti işlədən qadının öz adı ilə adlandırılıb. Həm də məlumata görə Toma əcnəbi vətəndaşdır. Bu xüsusda əlbəttə ki, Tomanın Azərbaycanda göstərdiyi fəaliyyət növündən Dövlət Miqrasiya Xidməti əməkdaşlarının nə dərəcədə xəbərdar olub-olmadıqlarını öyrənmək çox maraqlı olardı. Daha sonra məlumatlarda bu salonlarda müəyyənləşirilmiş “xidmət haqları” bərədə də açıqlama verilir. Bildirilir ki, bir “seans”a görə müştəri salona 50 manat pul ödəyir. Bu puldan 20 manat bilavasitə “intim xidmət” göstərən qıza verilir, 30 manat isə salonun kassasına daxil olur. Mövzuya dair qəzrtimizin səhifələrində dərc olunmuş yazılarda da biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, bu gün istənilən inzibati ərazi vahidinin hüdudları daxilində hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. O cümlədən, əgər müəyyən ərazidə hər hansı əxlaqsızlıq yuvası davamlı fəaliyyət göstərə bilirsə, bu zaman həmin əraziyə nəzarət edən polis orqanının bu işdən xəbəri olması mütləqdir. Belə olduğu halda isə, 22-ci PB-nin rəhbərliyi tərəfindən bütöv bir pritonlar şəbəkəsinin fəaliyyətinə hansı səbəbdən göz yumulması qətiyyən anlaşılan ola bilməz.
Mövzuya qayıdacağıq.
Bizimdovur.az