Baxşəliyevlərdən hansı haqlıdır? - “Xoşqədəm Hidayətqızının “dublikatı”" yazısının REZONANSI

12-04-2015, 23:54   
Baxşəliyevlərdən hansı haqlıdır? - “Xoşqədəm Hidayətqızının “dublikatı”" yazısının REZONANSI
Seymur Verdizadə
Üç aydan çoxdur ki, ATV-nin efiri üzümə bağlıdır. Səbəb sadədir: bir müddət əvvəl yazmış olduğum “Xoşqədəm Hidayətqızının “dublikatı”” adlı məqalədən sonra rəhbərlik efirə çıxmağıma qadağa qoyub.

ATV rəhbərliyinin mənə münasibətindən asılı olmayaraq, demək istəyirəm ki, “Səni axtarıram” bu telekanalın ən uğurlu layihəsi idi. Xoşqədəm Hidayətqızının yüzlərlə gözüyaşlı ananı öz övladına qovuşdurması məsələnin mənəvi tərəfidir. “Səni axtarıram”ın ən böyük uğuru o oldu ki, o vaxta kimi Rusiya və Türkiyə kanallarına baxmağa üstünlük verən tamaşaçıları doğma efirə qaytara bildi.

“Səni axtarıram” kimi uğurlu bir layihəni araya-ərsəyə gətirdiyinə görə, həm ATV, həm də digər telekanal rəhbərlərinin Xoşqədəm xanıma minnət borcu var. Bir tamaşaçı və ekspert kimi “Səni axtarıram”a verdiyi dəstəyə görə, şəxsən mən bir müddət əvvəl sosial media vasitəsilə hörmətli Vüqar Qaradağlıya öz təşəkkürümü çatdırmışam. Amma hörmət qarşılıqlı olmalıdır...


Son vaxtlar ATV-də ekspertlərə münasibət məni çox narahat edirdi. Hətta bir dəfə çəkilişin başlanmasına beş dəqiqə qalmış qapının ağzında qabağımı kəsdilər. Əgər Xoşqədəm Hidayətqızı inadkarlıq etməsəydi, həmin gün ekspertlərdən birinin kürsüsü boş qalacaqdı. Özünü ziyalı adlandıran adamlar ziyalılarla bu cür davranmamalıdırlar.

Əslində, nə baş verir? Ötən ilin payızında da yazdığım kimi, Zaur Baxşəliyevin aparıcısı olduğu “Öz aramızda” proqramı Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişinin “dublikat”ıdır. O vaxt Zaur təkcə “Səni axtarıram”ın ideyasını deyil, həm də musiqisini oğurlamışdı. Mən də yazmışdım ki, "ATV-yə ikinci Xoşqədəm Baxşəliyeva laızm deyil".

ATV rəhbərliyini qəzəbləndirən də məhz bu cümlə olmuşdu. Zaur tanınmış aparıcıdır. Yaxşı olardı ki, ideyası, süjet xətti sırf özünə məxsus olan yeni veriliş yaradaydı. Oxşar verilişlərlə tamaşaçını yormağa ehtiyac yoxdur. Ən əsası isə öz həmkarının ideyasını oğurlamaq heç bir jurnalistə başucalığı gətirmir. Oğurluq edən jurnalistin tamaşaçının qarşısına çıxmağa haqqı yoxdur.

Eşitdiyimə görə, son vaxtlar Zaur Baxşəliyev də axtarışlara başlayıb. Görünən odur ki, Xoşqədəm Hidayətqızı ATV-dən ayrılandan sonra Zaur Baxşəliyev onun ideyasını tamamilə mənimsəmək imkanı qazanacaq. Özünə hörmət edən heç bir telekanal və heç bir jurnalist belə hərəkətə yol verməməlidir.

“Səni axtarıram” Xoşqədəm Hidayətqızının şah əsəridir. Xoşqədəm xanım bu əsəri özü ilə istədiyi yerə apara bilər. Bu sətirləri ona görə yazıram ki, jurnalistlər, xüsusilə də gənc həmkarlarım başqasının əməyini mənimsəməyin ayıb iş olduğunu başa düşsünlər. Bu gün Xoşqədəm Hidayətqızının verilişini oğurlayan adam sabah mənim yaradıcılığıma burnunu soxacaq. Müəllif hüquqlarının bu cür kobud şəkildə pozulmasına laqeyd qalmaq olmaz. Azərbaycan cəmiyyətinin “bic doğulmuş” verilişlərə ehtiyacı yoxdur...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar