Vəkil baş verənlər barədə nə dedi?
DIN Mətbuat Xidməti Turan agentliyinin aprelin 10-da yaydığı “Istintaq təcridxanasında məhbusun qulağını kəsiblər?” başlıqlı məlumatına münasibət bildirib. DIN-in açıqlamasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunmuş Hünər Cəfərovun saxlanılarkən polislər tərəfindən işgəncəyə məruz qalması barədə deyilənlər təkzib olunur:
“Bəli, martın 20-də bizim Baş Narkotiklərlə Mübarizə Idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Hünər Cəfərovdan 5.680 qram, idarə etdiyi avtomobildən isə 59.221 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Ilkin izahatında o, narkotikin özünə aid olduğunu etiraf edib. Fakt üzrə CM-in müvafiq maddəsi ilə cinayət işi qaldırılıb. Məhkəmənin hökmü ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və o həbs olunaraq Istintaq Təcridxanasına göndərilib”.
Penitensiar Xidmətdən isə virtualaz.org-a bildirilib ki, məhbus özü qulağını kəsib. Qurumun iddiasına görə Hünər Cəfərov barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apelyasiya şikayəti verib. Amma Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmənin bu qərarından narazı qalan Hünər Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə öz qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib. Lakin o, qulağının bir parçasını yerə atmayıb, onu nümayişkaranə şəkildə yeyib.
Qeyd edək ki, Hünər Cəfərovun işgəncələrə məruz qalması və qulağının kəsilməsi barədə məlumatı “Turan”a məhkumun vəkili Elmar Süleymanov verib. Bu baxımdan DIN və Penitensiar Xidmətinin iddiaları ilə bağlı vəkilin mövqeyini öyrəndik.
Elmar Süleymanov “Azadlıq”a bildirdi ki, Hünər Cəfərovun dediyinə görə o həbs olunan zaman Baş Narkotiklərlə Mübarizə Idarəsində işgəncəyə məruz qalıb. Sonra onu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparıblar: “Özü deyir ki, orada xəsarət izlərini itirmək istəyiblər. Yaralarına məlhəm qoyublar. Mən onunla martın 29-na kimi görüşə bilməmişəm. Martın 29-da isə Kürdəxanı təcridxanasında görüşmüşəm və gördüm ki, gözüenün altı göydür. Bu barədə Ombudsmana da müraciət etmişik. Onlar da Hünər Cəfərovda xəsarət izlərini görüblər. Onun qulağını kəsmək məsələsinə gəlincə, onu məhkəməyə gətirəndə gördük ki, qulağının bir hissəsi kəsib. Özündən soruşduq ki, kim kəsib qulağını, dedi ”bilmirəm". Bu barədə Ombudsmana müraciət etdik. Ombudsmanın əməkdaşları Penitensiar Xidmətlə əlaqə saxlayıb. Onlara da deyiblər ki, özü kəsib, yeyib. Onu da qeyd edim ki, Hünər Cəfərov psixi xəstədir. Biz dəfələrlə müraciət etmişik ki, onu Müalicə Müəssisəsinə köçürsünlər. Lakin hələ bir nəticə yoxdur".