Bölgələrin enerji təminatında buraxılan qüsurlar bu dəfə dövlət başçısının dilindən səslənib. Prezident İlham Əliyevin müşavirədə toxunduğu məslələrdən biri də məhz region əhalisinin tez-tez enerji kəsintisilə üzləşməsi idi.
ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev son müşavirəsində elektroenergetika sahəsində ciddi islahatlar aparılması məsələsinə də toxunub. Bakının elektrik enerjisilə təminatından razı qalan dövlət başçısı rayonlarda hələ də problemlərin olmasına diqqət çəkib.
Prezident söyləyib ki, bölgələrə səfərləri zamanı ona yerli icra hakimiyəti orqanları rəhbərləri müsbət mənzərə təqdim etməyə çalışsalar da, əslində enerji təminatı ilə bağlı vəziyyət istənilən səviyyədə deyil. Baxmayaraq ki, ölkədə böyük enerji gücləri, nə qədər elektrik stansiyası yaradılıb:
“Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik”, - deyə İlham Əliyev bildirdi.
“Azərişıq” prezidentin 10 fevral sərəncamı ilə yaradılıb. Bununla da "Azərenerji"nin səlahiyyətləri yeni quruma həvalə edilib.
“Azərenerji”nin vaxtında Bakıda, eləcə də rayonlarda dəfələrlə enerji böhranı yaranmışdı. Bir neçə il əvvəl Mingəçevirdən gələn və paytaxtı enerji ilə təmin edən xətlərdə açılmaları yəqin çoxları xatırlayır. Qəza nəticəsində paytaxtın böyük bir hissəsi, hətta dövlət qurumları qaranlığa qərq edilmiş, Şimal Dres və Xırdalan, Şirvan-Yaşma elektrik stansiyası problem yaranması ilə enerji sistemi iflic olmuşdu. Abşeronda 220 voltluq xətlərdə üç yerdə qəza, Səngəçaldan Xırdalana gələn xətlərdə də eyni vaxtda problem yaranmışdı.
Elə bu ilin əvvəlində güclü qardan sonra bölgələrdə elektrik enerjisində yaranan fasilələr özünü daha qabarıq göstərdi. 100-lərlə işıq dirəyi aşdı, transfarmatorlar qeyri-işlək hala gəldi. İş o yerə çatdı ki, qar əriyib qurtarandan bir neçə həftə sonra da bəzi kəndlər işıqsız idi. Məsələn Neftçalanın 65 %-də enerji bərpa olunmamışdı.
Hələ o zaman rayon işıq idarəsindən bildirilmişdi ki, “Azərenerji” rayona bərpa məqsədilə işıq dirəkləri və naqil göndərsə də, bu kifayət etmir.
Hər il dövlət bücdəsindən “Azərenerji”yə milyonlara manat vəsait ayrılırdı. Bununla belə işığı fasilələrlə, saatla alan kəndlər də kifayət qədərdir. Bu mənada dövlət başçısı, işinin öhdəsindən gələ bilməyən “Azərenerji”nin səlahiyyətlərini “Azərışıq” ASC-ə verməklə qurum qarşısında ağır, çətin vəzifə qoyub.