Paytaxtda elektronika məshullarının satışı ilə məşğul olan "Nano Electronics" mağazalar şəbəkəsi görünməmiş kampaniyaya start verib.
Axar.az xəbər verir ki, maliyyə böhranı səbəbindən əksər obyektlərini itirən mağazalar şəbəkəsi telefonları demək olar ki, havayı satır. Şirkətin Feysbukdakı rəsmi səhifəsində bildirilir ki, bu gündən etibarən 3-ü 1-ində kampaniyasına start verilir. Belə ki, mobil telefonlar faizsiz, ilkin ödənişsiz, arayışsız, 6 aya kimi kreditlə təklif olunur. Telefonların nağd alışı zamanı isə aksessuarlara 50%-dək endirim edilir.
Xatırladaq ki, mağazalar şəbəkəsindən "Report"a bildirilib ki, şirkət bazar mövqeyini qorumaq məqsədi ilə mağazalarının sayını azaltmaq məcburiyyətində qalıb. Hazırda 11 mağazadan ancaq 4-ü fəaliyyətini davam etdirir. Şirkət artıq uzunmüddətli kreditlə məhsul satışını, kredit kartları vasitəsilə banklarla əməkdaşlıq prosesini dayandırıb.
Qeyd edək ki, "Nano Electronics"in mağazalarının bağlanması nəticəsində 40-dan artıq şəxs işsiz qalıb. Şirkətin uzunmüddətli kreditlərini toplaya bilməməsi nəticəsində 1 milyon manat borcu yaranıb.