Ekspertlərdən Vatikan başçısının ünvanına sərt tənqidlər gəldi...
Roma Papası Fransiskin qondarma erməni soyqırımı haqqında dediklərindən sonra Türkiyə dövləti və ictimai-siyasi dairələri səviyyəsində sərt etirazlar davam edir. Hətta türk hakerlərdən biri Vatikanın rəsmi internet səhifəsinə haker hücum edib. O deyib ki, Papa üzr istəyənə kimi Vatikanın rəsmi saytına hücumlar olacaq.
Azərbaycanda da ermənilərin saxta iddialarını təsdiqləyən Roma papasının mövqeyi sərt şəkildə qınanır. Milli Məclisin aprelin 14-də keçirilən iclasında deputatlar bu mövqeyi qınayaraq etiraz bəyanatının qəbul olunmasını, məktub hazırlanmasını təklif etsələr də, spiker Oqtay Əsədov buna ehtiyac görməyib. Spiker deyib ki, Vatikanda səfərdə olan zaman erməni katolikosunun heykəlini görüb. “Səbəbini soruşdum, dedilər ki, bu da bizim kardinaldır. Biz onlardan niyə inciməliyik? Bu məsələni tarixçilər araşdırmalıdır. Ancaq ona məktub yazmağın mənası yoxdur” - bildirib.
Ancaq gözlənti var ki, rəsmi Bakı da Ankaranın yanında olduğunu bir daha isbatlamaq üçün Vatikana rəsmi etiraz bildirəcək. Lakin hələ ki, Türkiyədən fərqli olaraq Bakı susmağa üstünlük verir. Elə bu yazını hazırlayarkən xeyli cəhd göstərsək də, XİN-dən məsələ ilə əlaqədar münasibət almaq mümkün olmadı. Ekspertin isə məsələyə fərqli fikri var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun məsələyə maraqlı yanaşması var: “Roma papasının açıqlaması Türkiyədəki kimi Azərbaycanda da mənfi qarşılanıb. Müxtəlif rəylər və fikirlər açıqlanıb. Sadəcə, düşünürəm ki, qanunverici orqanla yanaşı, icraedəci strukturlarda təmsil olunan rəsmilərimizin, o cümlədən Xarici İşlər Nazirliyinin də etiraz açıqlamasına ehtiyac var idi.
Çünki Bakı ilə Ankaranın xaricdə lobbi çalışmalarının birgə fəaliyyətinə dair razılaşması var. Bu isə o deməkdir ki, Türkiyəyə qarşı hücum Azərbaycana qarşı hücum və əksinə, Azərbaycana qarşı hücum Türkiyəyə qarşı hücum kimi dəyərləndirilməlidir. Biz bilməliyik ki, erməni lobbisinin ”soyqırımın 100 illiyinə" yönəlik çalışamalarının hədəfi Türkiyə ilə yanaşı, həm də Azərbaycandır. Ona görə də Vatikanda və beynəlxalq aləmdə bizim də səsimizi gur eşitməlidirlər".
E.Şahinoğlu bunun da fərqindədir: “Əlbəttə, Bakı Ankara kimi Vatikana nota verə bilməzdi. Deyərdilər ki, sizin nə işinizə qalıb, bu, Türkiyənin problemidir. Buna baxmayaraq, Bakıdan Vatikana siqnallar göndərilməliydi ki, məsələyə birtərəfli yanaşmasınlar, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırım var, yaxın tarixin Xocalı qətliamı var. Vatikana ünvanladığımız bu kimi mesajlar bizə bir daha ermənilərin törətdiyi vəhşilikləri beynəlxalq aləmdə xatırlatmağa imkan yaradırdı.
Təsadüfi deyildi ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Roma papasının ”erməni soyqırımı" açıqlamasını şərh edərkən, ermənilərin azərbaycanlılara qarşı tərətdiyi soyqırımı xatırlatdı. Əgər bu fikri Türkiyənin xarici işlər naziri dilə gətirirsə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov niyə səsləndirməsin? Təəssüf ki, cənab Məmmədyarovdan Vatikana ünvanlanmış açıqlamanı hələ ki eşitməmişik. Bakı ilə Vatikan arasındakı əlaqələr, Heydər Əliyev Fondunun Vatikanla birgə həyata keçirdiyi və maliyyə tələb edən humanitar aksiyalar Azərbaycanın tolerant ölkə olduğuna hədəflənib. Ancaq mənə elə gəlir ki, biz bundan sonra Vatikanla əməkdaşlığımızda Roma papasının ermənipərəstliyini nəzərə almalıyıq. Bir adam ermənpərəstdirsə, ona nə qədər yaxşılıq etsən də, ədalətli olmayacaq. Yoxsa biz Vatikanın hansısa humanitar aksiyasına maliyyə ayıracağıq, onlar da erməni lobbisinə dəstək verəcəklər.
Erməni lobbisinə dəstək Ermənistana dəstək, Ermənistana dəstək isə Azərbaycan torpaqlarının işğalına dəstək deməkdir. Roma papasının bu siyasəti dəyişməyəcəksə Azərbaycanla Vatikan arasında əməkdaşlığının gələcəyini görmürəm".
“Roma Papasının bu bəyanatı heç bir siyasi və hüquqi əsasa söykənmir”. Bunu azvision.az-a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. Onun sözlərinə görə, bu, bir daha göstərir ki, Roma papası tarix boyu aparılan antitürk kampaniyasını davam etdirir: “Bu həmişə belə olub. Təəssüflər olsun ki, Roma papası dünyada sülhün, əmin-amanlığın yaranmasına, dinlərarası barış və dialoqun saxlanmasına dəstək vermək əvəzinə, belə bir absurd bəyanatla çıxış etdi. Ona görə də ermənilərin müəyyən hesablamaları var və bu hesablamaların ən pik nöqtəsi Roma papasının verdiyi bəyanatdır. Düşünürəm ki, heç kim buna ciddi fikir verməyəcək”.
Siyasi şərhçi Arzu Nağıyev erməni katolikosunun Vatikanın kardinalı sayıldığını ciddiyə almağını vacib sayır: “Düşünürəm ki, Roma papası bu gün dünyada baş verən siyasi və iqtisadi problemlərdən çox dar çərcivədə xəbərdardır. Belə ki, onun əsas missiyası dövlət və dövlətçilik yox, ən çox humanitar sahədə, inanc sahəsində təbliğat və təşviqatdır. Ermənilərin də iştirak etdiyi bu tədbirdə onun verdiyi bəyanat ciddilikdən kənardır və bunun dövlət başçısı kimi verildiyi də inandırıcı deyil. Bəyanatın cavabına gəldikdə isə aid edilən dövlət kimi Türkiyə ən yüksək səviyyədə, yəni prezident, Xarici İşlər Nazirliyi səviyyəsində sərt bəyanatla təpki göstərdi. Azərbaycan da Milli Məclis səviyyəsində Fransiskin dövlət başçısı deyil, bir dindar kimi verdiyi bəyanata öz narazılığını bildirdi və Türkiyə ilə həmrəyliyini nümayiş etdirdi”.
E.PAŞASOYhttp://musavat.com/