“İstiqlal” ordenli siyasi dönük – Abbas Abbasov

16-04-2015, 10:08   
“İstiqlal” ordenli siyasi dönük – Abbas Abbasov
O, kimin adamıdır – Rusiyanın, Azərbaycanın, yoxsa... “Milyarderlər İttifaqı”nın ən odioz fiqurunun, baş nazirin sabiq 1-ci müavininin gerçək tərcümeyi-halındakı şok məqamlar – bu yazıda!..

Son vaxtlar onun adı ən çox Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos”la bağlı qalmaqallarda hallanır. Bu qurumu nəyin bahasına olur-olsun, öz təsir dairəsində saxlamağa çaba göstərən, Azərbaycan hakimiyyətinə, Azərbaycana və onun xalqına münasibətdə ziddiyyətli açıqlamaları və addımları ilə yadda qalan keçmiş ən yüksək çinli azərbaycanlı məmur da məhz odur.

Söhbət əlbəttə ki, “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) ən odioz fiquru, Azərbaycan baş nazirinin 66 yaşlı sabiq 1-ci müavini, “İstiqlal” ordenli Abbas Abbasovdan gedir. İki il öncə - gündəmə tam fərqli obrazda gəldiyi gündən onun personası, siyasi və şəxsi (özəl) bioqrafiyası haqda müxtəlif fikirlər, rəylər səslənir.

Bəs, əslində o, kimdir? Ümid edirik ki, təqdim etdiyimiz yazı, fakt və rəylər bu yöndə oxucularımızda yaranmış və ya bundan sonra yaranacaq suallara xeyli dərəcədə aydınlıq gətirəcək, şübhə-tərəddüdlərə son, bəzi “i”lərin üzərinə isə birdəfəlik nöqtə qoyacaq...
Erməni ilə qohumluğun açdığı qapılar...

Ondan başlayaq ki, Azərbaycan ictimaiyyətində Abbas Abbasovun Rusiyanın adamı olduğu, Ayaz Mütəllibovdan başlayaraq İlham Əliyevə qədər bütün hakimiyyətlərə dönük çıxdığı, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərdiyi rəyi formalaşıb. Onun barəsində hələ 1990-cı illərin əvvəllərindən etibarən yetərincə ifşaedici materiallar da dərc edilib.

Məsələn, faktdır ki, uzun müddət Abşeronun quşçuluq müəssisələrində baytar kimi çalışmış Abbas Abbasovun 1979-cu ildə kiçik broyler fabrikinə direktor təyin edilməsi erməni Stepan Sitaryanın havadarlığı sayəsində mümkün olub. 1982-ci ildən sonra başgicəlləndirici yüksəlişi də o zaman SSRİ maliyyə nazirinin müavinliyindən SSRİ Plan Komitəsinin sədrliyinədək irəli çəkilmiş Sitaryanın bilavasitə himayəsi ilə baş tutub.

Sitaryan bu mühüm posta təyin olunandan cəmi bir neçə ay sonra Abbas Abbasov Abşerondakı broyler fabrikindən keçmiş Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilir. İddia olunur ki, onu Sitaryanla təkcə işbirliyi yox, həm də qohumluq əlaqələri bağlayır. Özü dəfələrlə təkzib etsə də, bildirilirdi ki, o, Sitaryanın yaxın qohumu ilə (bir versiyaya görə, bacısı ilə) ailə qurub.

“Abbasov digər məmurlarla birgə nəinki Mütəllibovu, həm də ondan sonra gələn iki dövlət başçısını - əvvəlcə Yaqub Məmmədovu, sonra da Elçibəyi arın-arxayın satdı…”


Bir vaxt indiki hakimiyyət komandasında təmsil olunmuş politoloq Qabil Hüseynli qeyd edir ki, Abbas Abbasov mənşəcə Azərbaycanın yerli əhalisi ilə yox, Şimali Qafqazla bağlıdır. Qabil Hüseynli Azərbaycan xalq hərəkatında yaxından iştirak eləmiş, AXC hakimiyyəti dövründə ən böyük müxalifət partiyalarından biri kimi AMİP-in rəhbərliyində yer tutan, 1993-cü ildən sonra isə bir müddət hazırkı iqtidarda təmsil olunan informasiyalı şəxs kimi tanınır.
Keçmiş Sovet İttifaqındakı erməni siyasi mafiyasının, indi isə Rusiyanın Abbasova stavka etməsinin sirri də burda gizlənir. Bu şəxsin hakimiyyət pillələri ilə sürətlə yuxarıya doğru irəliləməsinin səbəbi də onun Azərbaycanın əleyhinə planlara asanlıqla cəlb edilməsi ilə bağlıdır.


Siyasi dönüklüyə aparan yol, yaxşılıqlara pisliklə cavab vermək vərdiş necə yarandı?


2013-də, Azərbaycanda prezident seçkiləri ilində mübhəm “Milyarderlər İttifaqı” layihəsi ortaya çıxanda jurnalist Eynulla Fətullayevin ortaya çıxardığı araşdırmalarında vurğulanırdı ki, Abbas Abbasov müəyyən dairələrin və Rusiya ilə sıx bağlı olan imkanlı azərbaycanlıların dəstəyini alaraq “Qərb regionun lideri” kimi prezidentliyə iddia etməyə çalışır.

Burdaca qeyd edək ki, Özbəkistanda olarkən o, erməni müstəntiq Telman Qdlyanın özbəklərə qarşı başlatdığı hüquqi soyqırıma - məşhur “özbək işi”nə dəstək verdiyinə görə özbəklərin nifrətini qazanıb və oranı tərk etməyə məcbur olub. Bundan sonra yenə Moskvadakı gizli əlin dəstəyi ilə Abşeronda iri quşçuluq müəssisəni direktor gətirilir. Bu təyinatda isə Azərbaycan Plan Komitəsinin o zamankı sədri kimi birbaşa Sitaryana tabe olan və müəyyən isti münasibətləri yaranmış eks-prezident Ayaz Mütəllibovun xüsusi rolu olur. İndi o, Azərbaycanın baş naziri və I katib olmağa iddialı idi.

“Uzun müddət Abşeronun quşçuluq müəssisələrində baytar kimi çalışmış Abbas Abbasovun 1979-cu ildə kiçik broyler fabrikinə direktor təyin edilməsi erməni Stepan Sitaryanın havadarlığı sayəsində mümkün olub. 1982-ci ildən sonra başgicəlləndirici yüksəlişi də o zaman SSRİ maliyyə nazirinin müavinliyindən SSRİ Plan Komitəsinin sədrliyinədək irəli çəkilmiş Sitaryanın bilavasitə himayəsi ilə baş tutub”


Ayaz Mütəllibov vəzifədə yüksəldikcə Abbas Abbasovu da öz arxasınca çəkib aparır: 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycanın dövlət müşaviri vəzifələrində işləyir. 1992-ci ildən isə Azərbaycan Respublikası baş nazirinin birinci müavini vəzifəsinə təyinat alır. Ancaq sonrakı dövrdə Abbasovun Mütəllibovla bağlı tutduğu mövqe bu adamın nə qədər dönük olduğunu açıq göstərir.

E.Fətullayev yazır: "Vicdan A.Abbasov kimi məmurlardan ötrü həddən artıq mücərrəd anlayışdır. Abbas Abbasovla vicdan arasındakı uçurumun nə qədər dərin olduğunu görmək üçün Azərbaycanın 26 hökumət komissiyasının sədri olmuş bu adamın rəngarəng bioqrafiyasından bircə faktı göstərmək kifayətdir: Özbəkistan Quşçuluq Sənayesi Komitəsinin sədr müavini postunu tutan Abbasovu 1989-cu ildə həbs etmişdilər. Abbasov heç vaxt dissident və antisovet baxışlara malik adam olmayıb. Onu Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin hamıya tanış birinci katibi, bu ölkənin indiki prezidenti İslam Kərimov həbsxanaya saldırmışdı. Ona görə ki, o, oğurluq etmişdi. Abbas Aydın oğlunu kifayət qədər uzun türmə həyatı, ağır cəza gözləyirdi.

A.Abbasovu bu ağır cəzadan yalnız Azərbaycan KP MK-nın o vaxtkı I katibi Ayaz Mütəllibovun məsələyə müdaxiləsi xilas etdi. Əgər Mütəllibov olmasaydı, biz Abbas Abbasov adlı adamın varlığından heç vaxt xəbər tutmazdıq. Bundan əlavə, A.Mütəllibov “zek” Abbasovu tam şəkildə reabilitasiya edib onu hakimiyyətin zirvəsinə qədər ucaltdı. Prezident Mütəllibovun istefa verdiyi günə qədər A.Abbasov onun müşaviri postunu tutdu!

1996-cı ildə A.Mütəllibov demək olar ki, məhbusa çevrilmişdi. Yeltsin hakimiyyəti dövründə Rusiya baş prokuroru Skuratov Mütəllibovu Azərbaycan hakimiyyətinə təhvil verməyi qərara almışdı. Əllərində qandal təcridxanada oturan Mütəllibov konvoyun gəlməyini gözləyirdi. Bəlkə də inanmayacaqsınız. Ayaz Mütəllibovu, öz xilaskarını Bakıya aparıb hakimiyyətə təhvil verməyə kim gəlsə yaxşıdır?! Bəli, məhz həmin bu Abbas Aydın oğlu Abbasov! İslam Kərimovun ətçəkən maşınının boğazına salınmış və sonradan məhz Mütəllibov tərəfindən xilas olunmuş həmin o Abbasov...



Aydın məsələdir, Abbasov Mütəllibova çox pis hərəkət elədi... Abbasov digər məmurlarla birgə nəinki Mütəllibovu, həm də ondan sonra gələn iki dövlət başçısını - əvvəlcə Yaqub Məmmədovu, sonra da Elçibəyi arın-arxayın satdı…”.
AXC hakimiyyətindəki mübhəm fəaliyyətin pərdəarxası


AXC hakimiyyəti zamanı onun fəaliyyəti tam qaranlıq səhifələrdən ibarətdir. Bir fakt: o vaxt Ermənistanla müharibə edən Azərbaycana təzyiq göstərmək və Azərbaycanı MDB-yə cəlb etmək üçün qeyri-rəsmi taxıl embarqosu tətbiq edilmişdi. Bu zaman rəsmi dövlət qəzeti xəbər verirdi ki, Abbas Abbasov Moskvaya gedərək “şəxsi əlaqələri” sayəsində taxıl embarqosunun qaldırılmasına nail olub. Sabiq quş həkiminin belə mürəkkəb geosiyasi tapşırığın öhdəsindən necə gəldiyi haqda isə heç bir məlumat verilmirdi. Ona nə vəd verilmişdi? Belə “qəhrəman” obrazı təsadüfənmi yaradılırdı?

“Prezident İlham Əliyev son müşavirədə Qazaxıstan limanları ilə bağlı da anons verdi. Mediaya sızmış məlumatlara görə, Azərbaycan hökuməti Dağıstanda Mahaçqala limanının özəlləşdirilməsində də iştirak etmək istəyir. Lakin hazırda limanın Dağıstanın prezidenti Ramazan Abdullatipovla Abbas Abbasov tərəfindən özəlləşdirilməsi prosesi gedir. Beləcə, bəlli çevrələr Azərbaycanın dəniz limanları şəbəkəsi yaratmaq kimi strateji palanını Abbas Abbasovun əli ilə əngəlləyir”


Ozamankı müdafiə naziri Rəhim Qazıyevin açıqlamalarında bildirilirdi ki, Kəlbəcərin işğalı ərəfəsində Azərbaycanı MDB-yə cəlb etmək üçün açıq şəkildə təhdid edən Rusiya müdafiə nazir Pavel Qraçovla gizli danışıqlarda iştirak edənlərdən biri də məhz Abbas Abbasov olub.
“Bizim Yol”un 19 yanvar 2013-cü il tarixli sayında baş redaktor Bahəddin Həziyevin “MTN məni və Qənimət Zahidi tutmaq istədi...” başlıqlı müəllif yazısı dərc olunub. Məlum hadisələrin qısa tarixçəsinin əks olunduğu və işin görünməyən tərəflərinə diqqət çəkildiyi məqalədə çox önəmli bir nüans yer alıb. Müəllif yazır: “Bu məsələ - silah qalmaqalı (Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah verməsi nəzərdə tutulur – red.) hər dəfə gündəmə gəldikcə, dərhal Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov yadıma düşür. Hələ 1998-ci ildə bu məsələ açılanda Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiyası yaradıldı və biz tərəfdən bu komissiyanın sədri Abbas Abbasov oldu. Bir-iki dəfə formal iclas keçirildi, sonra isə böyük “müvəffəqiyyətlə” unuduldu. Azərbaycanın hökumətində oturub Rusiyanın, dolayısı ilə, onun müttəfiqi Ermənistanın marağına işləyən məmur kimi cənab Abbasov bu işi “uğurla” gördü, axırda da “İstiqlal” ordeni alaraq, özünün dediyi kimi, “uğurlu” istefaya getdi, indi də “Milyarderlər İttifaqı”nın sədridir, bir azdan AzərRoss-un Prezidenti kimi leqal şəkildə də Putinin yanında oturacaq. Belə çıxır ki, Rusiyanın Azərbaycandakı adamları Rusiyanın özündən də təhlükəli imiş!”
“Milyarderlər İttifaqı” tipli anti-Azərbaycan layihələrinin əsas memarı

2005-ci ildə istefaya gedib yalnız özəl biznes fəaliyyəti ilə məşğul olacağını bildirsə də, çox keçmədən Abbas Abbasov Moskvanın Azərbaycana qarşı planlarına cəlb edilir və Rusiyadakı həmyerlilərimizi öz ətrafında birləşdirməyə çalışır.

Abbasov Rusiyanın hakimiyyət dairələrində öz əlaqələrini inkişaf etdirməklə yanaşı, həm də Telman İsmayılov, Vahid Ələkbərov, Araz Ağalarov kimi milyarderləri öz təsiri altına salmağı, “Milyarderlər İttifaqı” adlandırılan və Kremlin layihəsi olduğu şübhə doğurmayan bir təşkilatın çətiri altında birləşdirməyi, sonra da Ramazan Abdulatipov başda olmaqla Dağıstanın siyasi elitasına nüfuz etməyi bacarır.

A.Abbasovun personasının süni şəkildə qabardılması, onun ətrafında güclü təşkilatın formalaşdırılması, eyni zamanda həm Moskva, həm Ankara, həm də Mahaçqalada Azərbaycanla bağlı tədbirlərdə fəallığı Kremlin Azərbaycanın gələcəyi ilə bağlı planlarını əks etdirməklə yanaşı, həm də onun özünün siyasi iddialarını büruzə verirdi.

Bu, həm də Ayaz Mütəllibova, Yaqub Məmmədova, Əbülfəz Elçibəyə dönük çıxmış Abbas Abbasovun Heydər Əliyevə və hazırkı dövlət başçısı İlham Əliyevə əsl münasibətini göstərdi.
Qabil Hüseynli deyir ki, Abbas Abbasov əslində heç vaxt Azərbaycan siyasi hakimiyyətinə və Heydər Əliyevə qarşı loyal münasibətdə olmayıb. Onun münasibətlərinin hamısı üzdə olub. Arxada isə tamam başqa adam olub: “Abbas Abbasov bildirir ki, o Heydər Əliyev yolunu davam etdirir. Əslində o, bu addımı ilə Heydər Əliyevə, Azərbaycan hakimiyyətinə xəyanət edib”.

Azərbaycan tarixinin ünlü simalarından olan, torpaqlarımızı vahid dövlətdə birləşdirən, Qafqazın Rusiya tərəfindən işğalını 100 il ləngitmiş Nadir şahı lənətləmək üçün Mahaçqalada keçirilən tədbirdə Abbasovun çıxışı isə onun tariximizə və xalqımıza münasibətini göstərdi.
Təsadüfi deyil ki, 2013-cü ildə Rusiyada miqrantlara qarşı qaydalar sərtləşdiriləndə və Biryulevo hadisələrindən sonra həmyerlilərimiz ciddi sıxıntılarla üz-üzə qalanda Abbasov “Prezident otel”də keçirilən tədbirdə çıxış edərək rəsmi Moskvanın miqrasiya siyasətini dəstəklədiyini bəyan eləmiş və problemin ağırlıq yükünü Azərbaycan dövlətinin və soydaşlarımızın üzərinə atmaqdan çəkinməmişdi.

Abbasov “AzerRos”u necə və niyə parçaladı?

Abbas Abbasovun müxtəlif vasitələrdən istifadə etməklə “AzerRos”u ələ keçirməsi və Rusiyada azərbaycanlıların ikinci böyük təşkilatını faktiki olaraq məhv olmaq dərəcəsinə çatdırmasını erməni lobbisinə hədiyyədən başqa bir şey adlandırmaq çətindir. Onun bu hərəkətlərinə etiraz edən qurum üzvləri 2015-ci il yanvarın 17-də təşkilatın ümumrusiya növbədənkənar qurultayını keçirdilər. Qurultayda Abbasovun başçılıq etdiyi “Ağsaqqallar Şurası” ləğv edildi.

Lakin Abbasov qurultayın qərarını saymadan, diasporumuzun bəzi nümayəndələrini aldadaraq, fevralın 20-də tələsik, bağlı qapılar arxasında, yalnız 4 regional təşkilatın iştirakı ilə öz “qurultayını” keçirdi. Azərbaycanlıları özündən ayıraraq, dağıstanlı döyüşçülərin və polisin arxasında gizlənərək, “AzerRos” Federal Şurasının digər üzvlərini, o cümlədən regional və yerli milli-mədəni təşkilatların nümayəndələrini “qurultaya” buraxmadı, üstəlik onlara qarşı güc tətbiq etdirdi.
Milli xəyanət yoluna davam – Abdulatipovla birgə!..

Abbas Abbasov həm də Azərbaycanın həyata keçirdiyi enerji layihələrini əngəlləmək üçün aldığı təlimat əsasında əməli tədbirlər görməyə çalışır. “Milyarderlər İttifaqı”nın yaradılması, diasporumuzun bu qurumun çətiri altında birləşdirilməsi, sonrakı mərhələdə Rusiyadakı azərbaycanlıların Azərbaycan dövlətinə qarşı qaldırılması, paralel surətdə şimaldakı separatçı qüvvələrin fəallaşdırılması, daxildəki “beşinci kolon”un hərəkətə gətirilməsi planları həm də “Cənub” qaz dəhlizini reallaşdırmağa çalışan Azərbaycan hakimiyyətini bu addımdan çəkindirmək məqsədi daşıyıb.

Sirr deyil ki, Azərbaycan bu və ya digər təzyiqləri neytrallaşdırmaq üçün “dənizlərə çıxış strategiyası” yürüdür. Bu zaman militarist dövlətlər kimi hərbi təzyiq metoduna deyil, iqtisadi ekspansiya siyasətinə üstünlük verir. Artıq Türkiyənin Ceyhan, Gürcüstanın Kulevi limanları ilə bağlı atılmış addımlar məlumdur.

Prezident İlham Əliyev son müşavirədə Qazaxıstan limanları ilə bağlı da anons verdi. Mediaya sızmış məlumatlara görə, Azərbaycan hökuməti Dağıstanda Mahaçqala limanının özəlləşdirilməsində də iştirak etmək istəyir. Lakin hazırda limanın Dağıstanın prezidenti Ramazan Abdullatipovla Abbas Abbasov tərəfindən özəlləşdirilməsi prosesi gedir. Beləcə, bəlli çevrələr Azərbaycanın dəniz limanları şəbəkəsi yaratmaq kimi strateji palanını Abbas Abbasovun əli ilə əngəlləyir.

Bu günlük bu qədər.

Analitik xidmət //musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.