Xarici liderlər xalqla necə ünsiyyət qurur; Biri canlı efirə çıxır, o biri internet məktubları cavablayır, bir başqası isə...
Aprelin 16-da Rusiya prezidenti Vladimir Putin canlı yayım vasitəsilə xalqın suallarını cavablandırdı. Hələ verilişin ilk dəqiqələrində bəlli oldu ki, milyonlarla sual öz cavabını gözləyir və insanları daha çox sosial problemlər, rublun kursu, antikriz tədbirləri, korrupsiyaya qarşı mübarizə tədbirləri maraqlandırır.
Rusiyanın hökumətyönlü mediası bu tədbirlə bağlı “analoqu olmayan” kəlməsindən istifadə edir. Amma lenta.ru saytı prezidentlərin xalqla buna bənzər ünsiyyət formalarının olduğunu araşdırıb və maraqlı dosye hazırlayıb. Musavat.com müəyyən ixtisarlarla onu nəzərinizə çatdırır.
KAMİN BAŞINDA SÖHBƏT...
Xalqla liderinin KİV vasitəsilə ünsiyyətinin ən parlaq nümunəsi Franklin Delano Ruzvelt olub. Tarixə “Fireside chats” kimi (kamin başında söhbət) düşən bu söhbətlər radio efirdə düz 11 il - 1933-cü ildən 1944-cü ilə qədər aparılıb. İlk dəfə Ruzvelt bunu Nyu York qubernatorluğuna namizəd olduğu zaman sınaqdan keçirib. Həmin vaxt o, oxucularından gələn məktubları bir-bir cavabladığı üçün seçkilərdə xeyli səs toplamışdı.
Ruzvelt Ağ Evə “çatanda” isə iqtidarın təbliğat maşını onun ideyalarını sadə amerikanlara çatdırmaq üçün ən müxtəlif vasitələri müzakirədən keçirib. Axırda da məlum olub ki, ən sərfəli və effektli ünsiyyət vasitəsi radio verilişlər vasitəsilə xalqın suallarını cavablamaqdır. Prezidentin monoloqu 15 dəqiqədən 45 dəqiqəyə qədər davam edirdi. Ruzvelt həmin proqramlar zamanı tez-tez zarafat edir, xalqın başa düşməsi üçün ən sadə sözləri seçirdi. Prezidentin özünə də ünsiyyətin bu formatı xoş gəlirdi. Bu verilişin sayəsində o, hər bir amerikalının evinə “girə”, əhvallarını duya bilirdi.
REYQAN XALQLA RADİODA GÖRÜŞDÜ, OBAMA İSƏ QEYBƏTƏ ÜSTÜNLÜK VERDİ
Ondan sonrakı ABŞ prezidentləri də bu vasitədən epizodik olaraq istifadə ediblər. Amma 1982-ci ildə Ronald Reyqan hər şənbə radio vasitəsilə xalqa müraciət formatına keçdi. Bundan sonra bənzər çıxışlar ənənəyə çevrildi. Amma sorğuların nəticəsinə görə, onların populyarlığı ildən-ilə azaldı.
Ən yeni üslubu isə hazırkı ABŞ prezidenti Barak Obama kəşf etdi. Hər şənbə günü prezidentin yeni çıxışı Ağ Evin rəsmi saytında və youtube.com saytında audio, eləcə də video formatında yayımlanır. Doğrudur, indiki prezidentin çıxışının məğzi Ruzveltinkindən kəskin şəkildə fərqlənir. Belə ki, əhali ilə ünsiyyət, onun suallarını cavablamaq yerinə, Obama daha çox respublikaçılarla qiyabi atışma ilə məşğul olur. Amerika mətbuatı isə zaman-zaman bu çıxışları qeybət adlandırır.
BİR PREZİDENTİN ŞOUSU
Cənubi Amerikada bu prioritet Venesuelanın mərhum prezidenti Uqo Çavesə məxsusdur. “Alo, prezident” adlanan şounun efir həyatı 1999-cu ilin 23 mayında başlanıb. Sonuncu buraxılış isə 2012-ci ilin 29 yanvarında efirə çıxıb. Bütün bu illər ərzində Çaves hər bazar günü səhər saat 11-də venesuelalıların teleekranlarında peyda olurdu. Verilişin müddəti 4 saatdan 8 saata qədər “oynayırdı”.
Onunçün ənənəvi olan qırmızı köynəyini geyinən komandante vətəndaşların suallarına cavab verir, bölgələrlə telekörpü təşkil edir, nazirlərin gördükləri işlərlə bağlı hesabatlarını dinləyir, amerikalı imperialistləri tənqid edirdi. Bu günə qədər ümumən efirdə 378 veriliş yayımlanıb. Get-gedə format da dəyişib: əgər əvvəllər Çaves sadə xalqın problemlərini diqqətə alır, narazıları və opponentləri sakitləşdirməyə çalışırdısa, get-gedə şou fəlsəfi monoloqa çevrildi. Komandante ona nəyin maraqlı olduğunu müzakirəyə çıxarır, hakimiyyətin siyasi qərarları ətrafında uzun-uzadı izahatlar verirdi. “Alo, prezident” – bir aktyorun şousu idi. Latın amerikalı liderlərdən heç biri Çavesin xarizması ilə müqayisəyə gələ bilməzdi, baxmayaraq ki, bəziləri buna cəhd edirdi.
Ekvatorda Rafael Korreanın “Prezidentin xalqla dialoqu” adlı verilişi olub. Sözügedən verilişdə prezident ekspertlərə danışır, tamaşaçıların Tvitter vasitəsilə göndərilən suallarına cavab verirdi.
Salvadorda prezident Maurisio Funes addım-addım Çavesin arxasında getməyə çalışıb. Onun da verilişi “Prezidentlə söhbət” adlanıb. Veriliş zamanı baş vermiş ciddi bir qalmaqaldan sonra onu efirdən yığışdıraraq, əvəzində radio-proqram formatında efirə buraxıblar. Bu veriliş də bazar günləri saat 11-də efirə çıxır və 1 saat yayımlanır.
“PREZİDENTLƏ KOFE” – SÖHBƏT VAR, KOFE YOXDUR
Braziliyada hakimiyyət amerikan modelini seçib. Orada hər bazar ertəsi günü “Prezidentlə kofe” verilişə efirə çıxır. Bu ənənənin əsasını Lula da Silva qoyub. O, veriliş zamanı ötən həftə ərzində görülən işlər, verilən qərarlarla bağlı izahat verir, hakimiyyətin gələn həftəki planları barədə məlumat verir.
Buna bənzər proqram Uruqvayda da efirə çıxır. “Habla el Presidente” (“Danışır prezident”) adı altında.
Boliviyanın lideri Evo Morales öz həmkarlarının izi ilə getməyə çalışıb. O, hətta verilişinin anonsunu da verib, amma sonradan vaz keçmək zorunda qalıb. Kontinentin digər ölkələrindən fərqli olaraq Boliviyada cəmi 60 faiz ispandilli əhali var, qalan 30 faiz isə keçua dilində danışır. Məhz bu səbəbdən Morales bu verilişdən imtina etməli olub.
Dünya liderlərinin böyük əksəriyyəti vətəndaşlarla epizodik tele-müraciətlər və ya internet vasitəsilə ünsiyyət qurmağa çalışır. Demək olar ki, hər bir ölkədə vətəndaşlar öz prezidentlərinə və ya baş nazirlərinə elektron məktub vasitəsilə müraciət edə bilir ki, bu da hakimiyyətə sərf edir və xoş gəlir. Ən çox da ona görə ki, bu halda xoşa gəlməyən, sərf etməyən sualları cavabsız qoyma imkanı yaranır.
Sevinc TELMANQIZI , musavat.com