Yenicə fəaliyyətə başlamış İnformasiya Agentliklərindən biri, Bakı Apellyasıya Məhkəməsinin sədri İman Nağıyevi tənqid etməklə başladı. İstər-istəməz düşünməyə məcbur olursan, görəsən nədən illərlə ölkə mediası İman Nağıyev haqqında bir kəlmə də mənfi fikir yazmadığı halda, qəfildən media dünyasına təşrif buyuran və hələ təcrübəsi olmayan bir agentlik onu mənfi rakursda gündəmə gətirir?! Əslində də sualı belə də qoymaq olardı ki, bu sayt bəlkə elə İman Nağıyevi “təftiş” etmək üçün yaradılıb? Mən tənqidi qəbul edən insanam, amma haqlı tənqidi! Əsassız, absurd ittihamlar üzərində qurulan, şantaj xarakterli yazıları isə qəbul edə bilmirəm və bu cür yazıların əsasında hansısa bir sifarişin durduğunu düşünməyə məhkumam. Gəlin ilk öncə onu etiraf edək ki, İman Nağıyev qanunlarımıza hörmət edən hakimlərdən biridir. İkincisi, “özəl” xəbərlə bağlı axtarış etdim ki, İman Nağıyevin "tənqidində" əsas kimi götürülən məqamın mahiyyəti nədən ibarətdir?
Paho! Sən demə, İman Nağıyevin oğlu Heydər Nağıyev xarici ölkələrdən birinin vətəndaşı ilə ailə həyatı qurub və Çexiyada yaşayır. Çexiyada birdən-birə var-dövlət sahibi olması və böyük bir biznesə başçılıq etməsi diqqət çəkib. Bəs onda Holding və şirkətlərin adını nə üçün qeyd etməyi unutmusunuz? Heydər Nağıyevin şəxsi təyyarəsi ilə birlikdə olan fotolarını niyə dərc etmədiniz?
...Kiminləsə mübarizə aparmaq istəyirsinizsə, bunun da müəyyən etik çərçivələri var, bunu unutmaq olmaz! Tutaq ki, oğlum Almaniyanın Nurnberg şəhərində zəngin bir həyat yaşayır. Ondan mənə nə? Əgər o öz biliyi və bacarığı ilə özünə istədiyi həyat şəraitini qura bilibsə, bu niyə başqalarının gözünə çöp olmalıdır?! Axı istənilən bacarıqlı gənc istər burada, istərsə də Avropada bir balaca başını işlətsə, super zəngin həyat yaşaya bilər! Burada nə qəbahət var ki?! Qəlbi təmiz olan insanlar buna sevinirlər, buna paxıllıq edənlər isə... Yuxarıda qeyd etdiyim kimi, mən tənqidi sevirəm! Dəlil subut olmadan, kimlərinsə özlərinə şərəf bilib, sifarişini yerinə yetirməyi isə düşmənimə belə arzu etmirəm!
Və sonda həmkarlarımın nəzərinə bir məqamı da çatdırmaq istərdim ki, ədalətsiz qərarlar qəbul edənlərin həyatın ən ağır acılarını yaşamağa məhkum olduqlarının çox şahidi olmuşuq... Eyni zamanda haqsız tənqid yazan jurnalistlərin də belə hərəkətlərinə görə yaşadıqları acıları görmüşük... Ona görə də Ulu Tanrının qəzəbinə tuş gəlməmək üçün vicdanımızı “satışa” çıxartmayaq. Ən azı sevdiklərimizin xətrinə, düşünün və bu həqiqəti unutmayın!
Aygün Paşayeva!