19:08
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
19:48
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".