Dünyanı dəyişən adamın – Assancın başı dərddə...

18-04-2015, 09:48   
Dünyanı dəyişən adamın – Assancın başı dərddə...
“Vikileaks”in yaradıcısı yenidən məhkəmə qarşısına çıxacaq
Amerika hökumətinin hərbi sirlərini aşkara çıxarmaqla tanınan Vikileaks saytının yaradıcısı Culian Assanc İsveç prokurorluğunun suallarını cavablandırmağa razılaşıb. “Yeni Müsavat” euronews.ru saytına istinadən xəbər verir ki, sualları cavablandırma məkanı Ekvadorun Londondakı səfirliyində baş tutacaq. C.Assanca məhz həmin məkanda sığınacaq verilib.

Assanc 2010-cu ildə iki qadına qarşı seksual zorakılıq əməlinə görə ittiham edilib. O, özü bu ittihamı rədd edir. Dünyanı lərzəyə gətirən bu adam onu İsveçə ekstradisiya etmələrindən, oradan da ABŞ-a təhvil vermələrindən narahatdır. Çünki ABŞ-da ona tarixdəki ən böyük informasiya sızıntısına görə maksimum həbs müddəti verilə bilər.

Ötən ilin noyabr ayında C.Assancın qiyabi şəkildə apelyasiya məhkəməsi baş tutmuşdu. Assanc Amerika hökumətinə məxsus məxfi sənədləri faş etməkdə və İsveçdə cinsi zorakılıq törətməkdə ittiham olunur. Onun vəkili həbs qərarının ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmişdi. İsveçdə keçirilən məhkəmə Assanc üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını qüvvədə saxlamışdılar.

Assanc İsveçin ittihamlarını özünə qarşı qara kampaniya adlandırır və ittihamların siyasi motivli olduğunu bildirir.

O, 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi sığınacaq əldə edib.



Assanc 2006-cı ildə Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatları ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürüldüyünü nümayiş etdirmişdi. Culian Assanc ona məxsus gizli teletaypları açıqladığı üçün ABŞ-ın qəzəbinə gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri hesab edilir.

Bəs kimdir dünyanı lərzəyə gətirən, onu barmağında oynadan bu adam?

Assanc 1971-ci ildə Avstraliyada anadan olub. Uşaqlıqda riyazi istedadı ilə seçilib. Ancaq bu, ona həm də çətinliklər yaradıb. 24 yaşında kompüter quldurluğuna görə məhkəməyə çıxarılıb, bir neçə min dollar cərimə ilə həbsxanadan qurtula bilib.

Sonra 3 il akademiyaların üzvü olan Suelette Dreyfusla internet araşdırmaları aparıb, onların bestsellerə çevrilən birgə kitabı da çıxıb. Dreyfus deyir ki, Assancı həmişə mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilməz sualları maraqlandırırdı. Assanc daha sonra Melburn Universitetində riyaziyyatdan və fizikadan kurslar aparıb. Yerli riyazi cəmiyyətin sevimlisi olub.

Wikileaksə 2006-cı ildə başlayıb. O, müxtəlif ölkələrin məxfi hökumət sənədlərini çap edirdi.

Həmtəsisçi Daniel Şmidt deyir: “Assanc dünyada həqiqi islahat etmək istəyən çox az adamdan biridir”.

New Yorker jurnalının reportyoru Raffi Xatçaduryan bir neçə həftə Assancı müşayiət edib. O deyir ki, Assanc yemədən, çox az yatmaqla uzun müddət işləyə bilir. Assancın öz ətrafında yaratdığı bu işgüzar atmosfer hamını ona kömək etməyə sövq edir. Reportyorun fikrincə, Assancın iki üstünlüyü var - xarizma və ətrafında yaratdığı həmin bu mühit.

Assanc 2011-ci ildə 240 min funt sterlinq zəmanət qarşılığında Londonda ev dustağı həyatı yaşayıb. Onun pasportu əlindən alınıb, yaşadığı evdən belə çıxmasına qadağa qoyulub. O, hər gün London polisinə hesabat verməli və elektron qolbaq taxmalıdır.



“Wikileaks” saytında yüz minlərlə qalmaqallı sənəd dərc edildikdən sonra məşhurlaşan Culian Assanc 2007-ci il dekabrın 7-də Londonda İsveç tərəfindən verilmiş order əsasında həbs edilib. Dekabrın 16-da London məhkəməsi onu girov müqabilində azadlığa buraxıb. O vaxtdan qalmaqallı saytın yaradıcısı Londonun şərqində biznesmen dostu Von Smitin evində faktiki ev dustaqlığında yaşayıb.

Stokholm prokurorluğu onun İsveçdə seksual xarakterli cinayətlərlə bağlı dindirilməsi üçün bu ölkəyə verilməsini tələb edir. Culian Assanc isə 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə gedərək, Latın Amerikası ölkəsindən siyasi sığınacaq istəyib.

Sevinc TELMANQIZI/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar