AŞPA-nın “100 illik” toplantısına sayılı günlər qaldı; sessiyanın gündəliyində Azərbaycan məsələsi olmasa da, tədbir ölkəmiz üçün də stresli keçə bilər
Öncə nümayəndə heyəti rəhbəri Avropa Parlamentinə 24 aprelin bütün Avropa Birliyi ölkələrində “erməni soyqırımı” günü kimi qeyd edilməsi qərarına görə təşəkkür çıxışı edəcək, daha sonra isə Ermənistan parlamentinin digər üzvləri danışacaq. Böyük ehtimalla bu çıxışları ermənilərin mövqeyini müdafiə edən digər AŞPA təmsilçiləri davam etdirəcək.
Sessiya salonunda çıxışlarla eyni vaxtda ermənilərin Avropadakı diaspor qurumları Avropa Şurasının binası önündə aksiya keçirməyə hazırlaşır.
Avropa Binasının qarşısında aksiya keçirilməsi üçün qurumun rəhbərliyinə artıq bildiriş göndərilib, razılıq alınıb. Avropa Şurasının iş qaydalarına görə sessiya keçirilən günlərdə Avropa Şurasının binası önündə aksiya keçirilməsi üçün öncədən müraciət edilməlidir. Sessiyanın gedişinə və binaya giriş-çıxışa mane maneçilik yaratmayan aksiyaların keçirilməsinə hər hansı məhdudiyyət qoyulmur. Aksiyanın təhlükəsizliyinə Strasburq polisi nəzarət edəcək. Erməni diaspor qurumları aksiyanı mediada geniş yer alması üçün bir neçə ölkədən 30-a yaxın telekanal və çap mediası təmsilçisini Strasburqa dəvət edib.
Qərbin erməni kartından yararlanaraq Türkiyəyə qarşı kampaniyanı davam etdirməsi Azərbaycanın Avropadakı diaspor qurumlarının gündəmində deyil. Bir-neçə qaynaqdan əldə etdiyimiz informasiyaya görə, Azərbaycanın diaspor qurumlar 100 illik erməni yalanları ilə bağlı Strasburqda hər hansı kontur-aksiyaya hazırlaşmır.
Sessiyada Türkiyə və türk xalqı ilə bağlı səslənəcək iddialara cavab vermək missiyası Türkiyə Böyük Millət Məclisinin AŞPA-dakı heyəti üzvlərinin üzərinə düşür. Azərbaycanın qurumdakı nümayəndə heyəti üzvlərinin Türkiyə təmsilçilərinə dəstəyi mümkündür. Ancaq “Yeni Müsavat”ın əldə etdiyi informasiyaya görə erməni yalanları ilə bağlı Azərbaycan parlamentarlarının xüsusi proqramı yoxdur. AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətini o qədər də gərgin qrafik gözləmir - yaz sessiyanın gündəliyində Azərbaycanla bağlı heç bir məsələ yoxdur. Heyət üzvləri təmsil olunduqları bir neçə komitənin toplantılarına qatılacaqlar.
Bundan başqa, Milli Məclis üzvləri qurumun Azərbaycan üzrə həmməruzəçilərinin yay sessiyasında təqdim edəcəkləri hesabatın hazırlanması prosesi ilə yaxından iligilənəcəklər. Hesabat Azərbaycanın Nazirlər Şurasına (AŞ) sədrlik etdiyi 1 illik dönəmi əhatə edəcək. Azərbaycan ötən ilin yay sessiyasında demokratiyanın durumu və insan haqları problemlərinə görə sərt tənqid edilmiş, İnsan Haqları Komitəsinin təşəbbüsü ilə Azərbaycanda siyasi həbslərlə bağlı hesabat hazırlanması qərara alınmışdı. Avropa Şurasını belə bir hesabatın vacibliyinə inandıran Azərbaycanın insan haqları müdafiəçilərinin bir neçəsi indi həbsdədir.
Azərbaycan hakimiyyəti çalışır ki, iyun ayında təqdim ediləcək hesabat mümkün qədər yumşaq tonda olsun. Bu istəyin yerinə yetəcəyi ehtimalı böyükdür - hesabatı Azərbaycan iqtidarı ilə yaxın münasibətləri olduğu deyilən Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramund hazırlayır. Hesabata yumşaq çalar qatacaq əsas məqam isə may ayında gözlənilir. Əgər ehtimal edildiyi kimi, mayın 10-da dövlət başçısı İlham Əliyev əfv fərmanı imzalasa və adı siyasi məhbus siyahılarında olan şəxslərin bir neçəsi azad edilsə, Avropa “demokratiyaya doğru addımlar”ı bəyənəcək.
“Sessiya salonunda çıxışlarla eyni vaxtda ermənilərin Avropadakı diaspor qurumları Avropa Şurasının binası önündə aksiya keçirməyə hazırlaşır”
Qayıdaq yenidən “erməni məsələsi”nə. Dəqiqləşdirdiyimiz daha bir xəbər “erməni soyqırımı” müzakirələrinin Türkiyə və Ukrayna arasında soyuq yellər əsdirməsidir. Ukrayna Ali Radasının ermənilərin mövqeyini müdafiə etməsi və məsələni gündəliyə çıxarmağa hazırlaşması Türkiyə tərəfin ciddi etirazlarına səbəb olub. Bu münasibətlər hər iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin münasibətlərini də gərginlik həddinə çatdıra bilər. Türkiyə bütün beynəlxalq tədbirlərdə Ukraynanın ərazi bütövlüyünə dəstək verib. Xüsusən Krım türklərinə dəstək verməklə bu məsələdə hansı düşərgədə olduğunu bəlli edib. Yada salaq ki, Krımın işğalından qısa zaman sonra Krım türklərinin lideri Mustafa Cəmiloğu Türkiyənin ali dövlət mükafatına layiq görülüb və dönəm prezidenti Abdullah Gül Çankaya köşkündə mükafatı sahibinə Türkiyə dövlət və hökumət rəhbərlərinin tam heyətdə qatıldığı böyük bir törənlə təqdim edib. Bu səbəbdən Ukraynanın “erməni soyqırmı” məsələsinə aktiv dəstək verməsi Ankarada qıcıq yaradıb.
Ukraynanın bu məsələyə xüsusi diqqəti Poroşenko iqtidarında erməni əsilli yüksək rütbəli məmurların olması ilə bağlıdır. Ukraynanın erməni əsilli məmurlarından ən yüksək rütbəlisi daxili işlər naziri Arsen Avakovdur. 1964-cü ildə Bakıda doğulan Avakov 1986-cı ildə ailəsi ilə İrəvana köçüb. Xarkovda təhsil alan Avakov tələbəlikdən sonra Ermənistana qayıtmayıb. 1 ildən çoxdur Ukraynanın daxili işlər naziri postunu tutur. Kiyevdəki bəzi yüksək rütbəli məmurlarının etnik kimliyi ilə yanaşı məsələnin siyasi səbəbləri də var. Ukraynanın Ankara ilə soyuq münasibətlər mərhələsinə daxil olması ehtimal ki, Türkiyənin Kremllə yaxınlaşmaq cəhdləri ilə də bağlıdır.
Azərbaycan rəsmi səviyyədə AŞPA-nın yaz sessiyasını önəmsəməsə də sadalanan məsələlərin dünya gündəmi üçün aktuallığını nəzərə alan “Yeni Müsavat” qəzeti sessiyanı geniş işıqlandırmağı qərar alıb. Qəzetin Strasburqa ezam olunan müxbiri AŞPA toplantıları və həmin günlər Strasburqda baş verənlər haqqında geniş reportajlar təqdim edəcək.
Aygün MURADXANLI, musavat.com