Hakimiyyətlə ABŞ arasında yenidən savaş başladı

18-04-2015, 12:05   
Hakimiyyətlə ABŞ arasında yenidən savaş başladı
«Azərbaycan» qəzeti Obama və Kerrini sərt ittiham etdi

Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın 17 aprel tarixli sayında ABŞ prezidenti Barak Obamanın və bu ölkənin dövlət katibi Con Kerrinin ünvanına sərt ittihamlar yer alan məqalə dərc olunub. “”Obama-Kerri cütlüyü: “müstəsnalığın” islamofob və ermənipərəst fəsadları" başlıqlı redaksiya məqaləsində deyilir: “Bu gün Barak Obama xarici ölkələrdən birinin Bakıdakı səfirliyində gizlənərək məsuliyyətdən yayınmağa çalışan RATI-nin sədri Emin Hüseynovun taleyini daha çox ”düşünür".
Əks təqdirdə ABŞ Dövlət Departamenti, Human Rights Watch, Freedom Hause və digər bu kimi təşkilatlar E.Hüseynovun deyil, C.Assancın taleyi ilə maraqlanardılar. Belə olmasaydı, bir qrup avantürist ABŞ Dövlət katibi C.Kerriyə müraciətlərində X.Ismayıl, L.Yunusun deyil, Wikileaks saytına məlumatları ötürən Bredli Menninqin taleyini gündəmə gətirərdilər. Yaxud da ABŞ təşkilatları guya ayrı-ayrı ölkələrdəki “dözülməz vəziyyətdən baş götürüb qaçan mühacirlərlə” yanaşı, həm də dünyanın ən qüdrətli dövlətinin qisasından qaçaraq Rusiyaya sığınmış, ancaq orada da qorxu altında yaşayan Edvard Snoudeni müdafiə edərdilər...
Amerika prezidentləri və dövlət katiblərindən heç biri bu qədər islamofob mövqeyi ilə seçilməyiblər. Bu gün Azərbaycan ictimaiyyətinə də belə bir rəy hakim kəsilib ki, müstəqil Azərbaycana münasibətdə Amerikanın mövqeyində heç vaxt bu qədər ermənipərəstlik özünü büruzə verməyib. Məlumdur ki, Bill Klintonun dövründə Azərbaycanla ABŞ arasında formalaşan əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf etdirildi və strateci tərəfdaşlıq səviyyəsinə qalxdı. Məhz Azərbaycanın əlverişli strateci mövqeyi ABŞ-a Cənubi Qafqazda və Xəzər dənizi regionunda siyasi və iqtisadi proseslərdə fəal iştirak etməyə şərait yaratdı. Azərbaycan Qərb institutları ilə əməkdaşlıq əlaqələri qurdu və inkişaf etdirdi, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının fəal iştirakçısına çevrildi. Azərbaycan beynəlxalq antiterror koalisiyasına dəstək verdi, dünyanın müxtəlif qaynar nöqtələrində həyata keçirilən sülhyaratma missiyalarında iştirak etməyə başladı".

Qəzet daha sonra yazır ki, ABŞ-ı “ikiüzlü siyasət”də ittiham edir: “Şübhəsiz, ABŞ-ın ikiüzlü siyasəti bu ölkəyə rəhbərlik edən şəxslərin Ukraynadakı hadisələrə və Dağlıq Qarabağ probleminə tam fərqli, beynəlxalq hüquq normalarını və ədalət prinsipini inkar edən yanaşmasında da özünü açıq göstərir...

...Bu siyasətin konturları son bir neçə ildə ABŞ-ın Azərbaycana münasibətində daha aydın görünməyə başlamışdır. Burada söhbət təkcə Obama Administrasiyasının və Dövlət Departamentinin, Amerika mediasının və QHT-lərinin Azərbaycanı hədəfə götürməsindən getmir. Problem odur ki, ABŞ-ın 1990-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ab-havası yenidən hiss olunmaqdadır. Bu ab-havanın formalaşmasında cənab Obama ilə yanaşı Dövlət katibi Con Kerrinin Amerikanın dövlət maraqları ilə uzlaşmayan şəxsi mövqeyi, erməni lobbisi ilə sıx əlaqələri az rol oynamır".


Məqalədə deyilir ki, bu gün ABŞ-a islamofob, ermənipərəst Barak Obama və Con Kerri kimi şəxslər rəhbərlik edirsə, Azərbaycan ictimaiyyətinin ABŞ-ın yürütdüyü siyasətdən narazılığına kifayət qədər ciddi əsaslar var: “Azərbaycan ictimaiyyəti anlayır ki, bu gün ABŞ-ın və onun təhriki ilə bəzi Avropa dairələrinin Azərbaycana qarşı təzyiqləri ilk növbədə Azərbaycan hakimiyyətinin müstəqil siyasəti, rəsmi Vaşinqtonun iradəsi ilə hesablaşmamasından irəli gəlir. Çünki Vaşinqtonun uzun illərdir Azərbaycanda yaratdığı ”beşinci kolon" darmadağın edilib, Azərbaycan da Türkiyə kimi ABŞ-ın antirusiya siyasətində yer almaqdan imtina edir. Bütün bunlar isə “müstəsna”, “əvəzolunmaz”, “lider” xalqın başında duranları hiddətləndirir. Onlar başa düşməlidirlər ki, belə metodlarla Azərbaycanın siyasi kursuna təsir etmək, onu öz yolundan döndərmək mümkün deyil. Çünki Azərbaycan hakimiyyəti, Azərbaycan Prezidenti hər bir addımında, hər bir qərarında Azərbaycanın milli maraqlarını rəhbər tutur, xalqın rəyini ifadə edir və xalqa arxalanır".

Məqalənin sonunda Vaşinqton Azərbaycanın ABŞ-la müttəfiqliyindən geri çəkiləcəyi ilə hədələnir: “Bu gün Azərbaycan ictimaiyyəti anlayır ki, Ukraynaya görə Rusiya kimi nəhəng dövləti diz çökdürməyə çalışan Amerika və onun tərəfdaşlarının Ermənistanın işğalçılıq siyasətinə göz yummasının arxasında ABŞ rəhbərliyinin antimüsəlman və ermənipərəst siyasəti dayanır. Azərbaycan vətəndaşları aydın görürlər ki, ABŞ üçün strateci tərəfdaşlıq anlayışı heç bir əhəmiyyət kəsb etmir və cənab Obama heç bir vicdan əzabı çəkmədən Azərbaycanı da Liviyaya çevirməyə hazırdır. Buna görə də Azərbaycan ictimaiyyəti hesab edir ki, rəsmi Bakı da ABŞ və Qərblə münasibətlərinə, o cümlədən antiterror koalisiyasında iştirakın davam etdirilməsinə, NATO hərbçiləri üçün nəqliyyat dəhlizlərinin yaradılmasına və digər məsələlərə yenidən baxmalıdır. Azərbaycanda bir politoloqun dediyi kimi, ”Özbəkistan Prezidenti Islam Kərimov kimi qəti qərar qəbul edib bunlarla birdəfəlik qurtarmaq lazımdır".

Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Washington Post” qəzetinin aprelin 15-də “Olimpiya məşəlini öləzidən ölkə” başlıqlı məqalə dərc edilib. “Washington Post”un redaksiya məqaləsində Azərbaycanda insan hüquqları, vətəndaş fəallarının, curnalistlərinin həbsindən bəhs edir. QHT-lərin, vətəndaş fəallarının, keçmiş diplomatların, ekspertlərin dövlət katibi Con Kerriyə Azərbaycanda insan hüquqlarının ağır durumu ilə bağlı məktubu xatırladılır.

Məqalədə deyilir ki, Avropa Olimpiya Komitələri Olimpiya Xartiyasının məqsədlərinə sadiqdir: "Bu xartiyaya “Olimpizmin fundamental prinsipləri” daxildir. Xartiyanın ikinci bölümündə oxuyuruq: “Olimpizmin məqsədi idmanı bəşəriyyətin harmonik inkişafına xidmət elətdirmək, bəşəri ləyaqətin qorunması naminə dinc cəmiyyəti irəli aparmaqdır". Insan ləyaqəti barədəki cümlə çox vacibdir, çünki Avropa Oyunları 2015 insan haqları dəhşətli durumda olan, getdikcə pisləşən bir ölkədə oynanılacaq”.

“Azərbaycan” qəzetində Obama və Kerrinin hədəfə alınması bu məqaləyə cavabdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar