Ötən il bütün dünyada insanlar 41,8 milyon tona yaxın elektriklə işləyən məişət əşyasını və elektrik avadanlıqlarını zibilxanalara atıblar.
Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu barədə BMT Universitetinin hesabatında deyilir.
Mütəxəssislərin hesablamalarına görə, bu həcmdə zibili daşımaq üçün 1 milyon 150 min yük maşını gərəkdir. Həmin maşınları cərgəyə düzsək, 23 min kilometrlik “quyruq” yaranar.
Yenidən emal olunmağa və ikinci dəfə istifadəyə yararlı olan həmin tullantıların dəyəri 52 milyard dollardan artıqdır. O da məlum olub ki, hər il zibilliyə atılan elektronika məhsullarının tərkibində 300 ton qızıl, 2,2 milyon ton da qalay, sink, civə, xrom və s. bu kimi qiymətli metallar olur.
Zibilliyə atılan elektronika məhsullarının 60 faizindən çoxunu soyuducular, paltaryuyan maşınlar, tozsoranlar, televizorlar və digər məişət texnikası təşkil edir. Mobil telefonlar, kalkulyatorlar, kompüter və printerlərin “zibil payı” isə 7 faizi aşmır.
Virtualaz.org