Hakimiyyətlə ABŞ arasındakı gərginlik pik həddə

20-04-2015, 10:13   
Hakimiyyətlə ABŞ arasındakı gərginlik pik həddə

İlk dəfə olaraq rəsmi Vaşinqtondan hakimiyyətin ittihamlarına cavab gəldi; hakimiyyət Ağ Evə qarşı bütün səylərini səfərbər etdi

Azərbaycan hakimiyyətilə ABŞ arasındakı gərginlik pik həddə çatıb. Artıq ABŞ da Azərbaycan hakimiyyətinin ittihamlarını sükutla qarşılamaq istəmir. Elə bu günlərdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Xarf Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə qarışması barədə rəsmi Bakının ittihamına cavab verib.
Aprelin 17-də keçirilən brifinqdə “Rəsul Cəfərova qarşı hökm fonunda Azərbaycanda vətəndaş cəmiyyətinin tam məhv edilməsinə yol verilməməsi üçün Vaşinqton hansı addımları atacaq?” sualının cavabında Xarf qeyd edib ki, ABŞ öz məyusluğunu açıq şəkildə bildirib: “Biz bunu dəfələrlə etmişik və öz mövqeyimizi yenidən çox aydın bəyan etmişik”.
“Azərbaycan hökuməti sizin bəyanatı ”daxili işlərə müdaxilə" adlandırıb, rəsmi “Azərbaycan” qəzeti isə prezident Obama və dövlət katibi Kerrini ermənipərəst mövqedə və Azərbaycanda sabitliyi pozmaq cəhdlərində ittiham edərək onların ünvanına tənqid dolu redaksiya məqaləsi dərc edib. Bu barədə nə deyə bilərsiniz?", - jurnalist soruşub.
“Mən bu materialı görməmişəm, lakin biz öz narahatlığımızı yetərincə aydın bəyan etmişik. Odur ki, ABŞ-ın ünvanına bu cür ittihamlar sadəcə olaraq Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdən diqqəti yayındırmaq cəhdidir. Biz insan hüquqlarına dair bəyanatımızda buna kifayət qədər açıq işarə etmişik”, - deyə o vurğulayıb.
Bundan sonra Azərbaycan hakimiyyətinin anti-ABŞ kampaniyası daha da şiddətlənib. Bu kampaniyada beynəlxalq insan haqları təşkilatları da hədəfə alınır. Onların fəaliyyəti ilə Vaşinqton arasında bağlılıq axtarılır, bu təşkilatların Ağ Evin əlində alət olması iddia edilir. Konkret olaraq bu günlərdə “Human Rights Watch” təşkilatının fəaliyyəti hakimiyyətyönlü media orqanlarından birində “təhlil” edilib. Bu təhlil iqtidarın nəzarətində olan digər media orqanlarında da tirajlanıb. Yazıda iddia olunur ki, “Human Right Watch”ın hesabatları Obama administrasiyası tərəfindən hazırlanır: “Human Rights Watch”ın hesabatları ilə Dövlət Departamentinin açıqlamalarının xronoloji təhlili göstərir ki, bu hesabat və bəyanatlar konkret olaraq Obama administrasiyası tərəfindən hazırlanır, yaxud “HRW” öz fəaliyyətini Dövlət Departamenti ilə ciddi koordinasiya edir. Departament rəsmilərinin konkret ölkədə “insan haqlarının pozulmasına” dair açıqlamaları adətən “Human Rights Watch”ın hesabatı açıqlandıqdan bir gün sonraya təsadüf edir. Dolayı yolla Departament mövqeyini açıqlamazdan əvvəl HRW vasitəsilə ictimai rəy yaradır, daha sonra təşkilatın “ötürməsini” qola çevirməyə çalışır. Əgər Buş və Klinton administrasiyaları dönəmində Ağ Evlə “HRW” arasında müəyyən məsələlərdə fikir ayrılıqları müşahidə olunurdusa, Obama administrasiyası dönəmində “Human Rights Watch” faktiki olaraq Ağ Evin informasiya təbliğat bölməsi kimi fəaliyyət göstərməyə başlayıb. Bu, hər vəchlə Yeni Dünya Düzəni konsepsiyasını həyata keçirməyə çalışan Vaşinqtonun maraqlarının indiki məqamda “Soros və komandası” ilə üst-üstə düşdüyünü göstərir və “Human Rights Watch” bu prosesdə həm Obama aministrasiya, həm də Soros tərəfindən siyasi alət kimi istifadə olunur".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.