AŞPA-nın yaz sessiyası: Ermənilərin sərgisində “soyqırım” sözü yasaqlandı - REPORTAJ

20-04-2015, 18:49   
AŞPA-nın yaz sessiyası: Ermənilərin sərgisində “soyqırım” sözü yasaqlandı - REPORTAJ
Azərbaycanda insan haqlarının durumu gündəlikdə olmasa da gündəmdədir

Parlamentarlar Rusiyanı İŞİD-lə eyniləşdirir

Aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işə başlayıb.
Sessiya başlamazdan öncə AŞ-nın binasında Ermənistan nümayəndə heyəti qondarma erməni soyqırımının 100 illiyyi ilə bağlı sərgi təqdim edib. Ekspozisiyada “erməni soyqırımı” haqqında Avropa mediasında dərc edilən yazılar, foto və rəsm əsərləri var. Ermənilərin təkidinə baxmayaraq Avropa Şurası Parlament Assambleyasının rəhbərliyi “soyqırım” ifadəsinin işlədilməsini məqbul saymayıb. Bu səbəbdən çıxış edənlər “qətliam” kəlməsindən istifadə edib. Açılışda iştirak edən Ann Brasör bildirib ki, Avropa Şurası münaqişlər nəticəsində qaçqın və köçkünlərin olmasını, buna səbəb olan konfliktləri pisləməliyik.
Sessiyadan öncə AŞPA sədri xanım Ann Brasör jurnalistlər üçün brifinq keçirib. A.Brasör sessiyada əsasən Rusiyanın Ukraynaya hərbi təcavüzü, terrorizmlə mübarizə tədbirləri, Avropa Şurasına üzv ölkələrin Avropa Konvensiyasına əməl etməsi məsələlərinin müzakirə ediləcəyini, qurumun komitələrində hazırlanan hesabatların dinləniləcəyini deyib: “Qurumu narahat edən məsələlərdən biri də Aralıq dənizində yaranan fəlakətli durum və münaqişə bölgəsindən Avropa məkanına çoxsaylı qaçqınların gəlməsidir. Bu məsələ Avropa Şurası Parlament Assambleyasının gündəmindəki əsas məsələlərdən biridir”.



A. Brassör bir müddət öncə gerçəkləşdirdiyi Türkiyədə səfərindən də danışıb. AŞPA sədri Türkiyənin regionda baş verən münaqişələrə görə ölkəsini tərk edən qaçqınlarla bağlı siyasətini bəyəndiyini deyib: “Türkiyə-Suriya sərhədindəki qaçqınlar ordusu məni heyrətə gətirdi. Türkiyə dövləti bu qaçqınları qəbul edib, onlara ilkin şərait yaradaraq çox böyük işlər görüb. Biz Türkiyənin bu hərəkətini mütləq dəstəkləməliyik. Mən bəzi Avropa siyasətçilərinin Avropada qaçqınlar üçün xüsusi düşərgələrinin yaradılmasına qarşı çıxmalarını gördükdə utanc hissi keçirirəm”.

Ann Brassör jurnalistlərin sualına cavab olaraq Azərbaycan qaçqınları və məcburi köçkünlərinin durumu haqqında da fikrini bildirib: “İstər qaçqın olsun, istərsə də bir ölkənin daxilində məcburi köçkün olsun, belə bir vəziyyət qəbuledilməzdir. Biz bütün üzv ölkələrimizdə baş verən bu cür münaqişələr səbəbi ilə bu qədər qaçqın və məcburi köçkünün olmasını və buna səbəb olan münaqişələri qətiyyətlə pisləməliyik. Zorakılıq əməlləri və ya siyasi səbəblər nəticəsində qaçqın düşmüş bütün insanlarla həmrəy olmalıyıq. Azərbaycanda Xocalı faciəsinə həsr edilmiş abidəni ziyarət edib-etmədiyimi soruşdunuz. Deməliyəm ki, mən ötən il iki dəfə Azərbaycana səfər etmişəm, amma yaxın zamanlarda belə bir səfərim planlaşdırılmayıb. Ancaq bir daha deyirəm ki, mən bütün zorakı əməllərin və təcavüzlərin qurbanlarının xatirəsini əziz tuturam. Çünki təcavüz heç bir zaman cavab ola bilməz. Bundan başqa, Ermənistana qarşı sanksiya məsələsini qaldırdınız. Bəli, hərdən sanksiyalar da tətbiq etmək lazımdır. Amma ən vacib olan məsələ dialoqdur. Mən münaqişə tərəfləri olan ölkələrə hər səfərimdə tərəfləri barışdırmağa çalışmışam. Bunun nə qədər çətin və mürəkkəb olduğunu çox gözəl başa düşürəm, amma buna yenə də inanıram və bir daha bildirirəm ki, çıxış yolu yalnız və yalnız tərəflər arasındakı dialoqdur”.

Toplantının ilk günündə sessiyanın gündəliyi təsdiqlənib. Daha sonra isə İspaniyadan olan deputat Pedro Aqramunt Avropa Şurasının və Büronun qış sessiyasından sonra gördüyü işlərlə bağlı hesabatı təqdim edib.



Ardınca cari məsələlərin müzakirəsinə başlanıb. Andreas Qross FİFA-dakı korrupsiya ittihamları ilə bağlı məsələnin araşdırılmasını AŞPA-nın gündəliyinə salınmasını təklif edib. Deputat bildirib ki, bu məsələnin AŞPA-nın diqqətində olmasını, məsələnin araşdırılması üçün xüsusi komissiya yaradılmasını doğru sayır. Xanım Ann Brasör bu təklifə qarşı olduğunu deyib: “Yaxınlarda FİFA-da prezident seçkisi keçiriləcək. Düşünürəm ki, AŞPA-nın korrupsiya ehtimalları ilə bağlı xüsusi araşdırma qrupun yaratması seçkinin nəticələrinə təsir edə bilər. Bu səbəbdən araşdırmalara seçkidən sonra – iyun ayında keçiriləcək yay sessiyasında başlamaq daha uyğun olar. Yay sessiyasına FİFA-nın indiki və yeni sədri dəvət edilər və onlar qurum qarşsında çıxış edər, bizi narahat edən suallları cavablandırarlar .



Ukrayna Ali Radasının AŞPA-dakı təmsilçisi Vladimir Ariyev Rusiyanın Ukraynaya təcavüzünə xüsusi diqqət ayrılmasını, münaqişənin yaratdığı nəticələrin aradan qaldırılması üçün Avropa strukturlarının fəal müdaxiləsinə ehtiyac olduğunu deyib: “Bu gün Ukrayna Rusiyanın genişmiqyaslı hücumu ilə üz-üzədir. Beynəlxalq səviyyədə cəhdlərə baxmayaraq təcavüzün dayandırılması üçün Rusiya heç bir addım atmır. Bu durum AŞPA-nı, eləcə də digər beynəlxalq institutları ciddi narahat etməlidir. Biz İŞİD terroru ilə bağlı Rusiyanın Ukraynadakı terroruna da xüsusi diqqət ayırmalıyıq”.

Ariyev çıxışında Krımın işğalı məsələsinə də toxunub:“Rusiyanın Krımı növbəti dəfə işğal etməsinin 1 ili tamam olur. Orada insanlar Kremlin güclü basqısı altında yaşayır. Tatar icmasının 500-dən çox fəalı həbs edilib. Onların taleyi ilə bağlı hər hansı informasiya almaq imkanları olduqca məhduddur. Yarımadada müxalif düşüncəli insanlar milliyətindən asılı olmayaraq güclü təqib altındadır. Tatar Məclisinin üzvləri Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının davamlı nəzarəti altındadır. Krım tatarlarnın lideri Mustafa Cəmiloğlu bir ilə yaxındır vətəninə buraxılmır. Tatar dilində yayımlanan tele-radiokanallar, tədris Ukraynanın dövlət dilində olan məktəblər, universitetlər bağlanır. İnsanların sərbəst toplaşmaq, söz azadlığı ilə yanaşı mülkiyyət haqları da kobud şəkildə tapdanır. Düşünürəm ki, AŞPA-nın yaz sessiyasında münaqişənin aradan qaldırılması üçün önəmli qərarlar qəbul ediləcək”.



Danimarkalı deputat cənab Land çıxışında insan haqların məsələsinə xüsusi diqqət ayrılmasını istəyib və Azərbaycanı insan haqlarının qorunmadığı ölkələrə nümunə göstərib:“AŞPA-nın yaz sessiyası Azərbaycan kimi Avropa Konvensiyalarını və Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri pozan ölkələri də müzakirə etməlidir. Bu ölkələrdə yaşayan insanların Avropa strukturlarından böyük gözləntiləri var, onlar AŞPA-dan hakimiyyətlərini qarşı tənqidi çıxışlar eşitmək istəyir. Biz həmin insanların azad, qanunlara sayğı şəraitində yaşamasını təmin etmək üçün səylər göstərməliyik. Bu gün Azərbaycanda faktiki olaraq söz azadlığı qorunmur, insanlar siyasi görüşlərinə görə təqib olunur. Biz bu qorxu şəraitinin götürülməsi üçün real addımlar atmalıyıq. Bu, Avropa Konvensiyasının açıq-aşkar pozulması deməkdir. AŞPA-nın üzvü olan Rusiyanın Ukraynada törətdikləri də bütün hüquq normalarının tapdanması deməkdir. Rusiya Ukraynadakı qanunsuz əməllərinə görə, AŞPA-da səsvermə hüququndan məhrum edilib. Bu qurumun bir ölkəyə tətrbiq edəcəyi sərt tədbirlərdən hesab edilir. Biz Rusiyanın AŞPA üzvlüyündən məhrum edilməsini də gündəmə gətirə bilərik. Ancaq praktika göstərir ki, bu, münaqişənin nizamlanması üçün effektiv addım deyil. Biz reallıqda daha ciddi nəticələr verən qərarlar haqqında düşünməliyik. Bu haqda dəfələrlə deyilib. İnanıram ki, bütün münaqişələr, o sıradan Rusiyanın Ukraynaya hərbi təcavüzü hərbi deyil, siyasi yolla nizamlanmalıdır. Bunun üçün dialoqu vacib sayıram”.



Daha sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib:“Hesab edirəm ki, AŞPA günümüzdə olan bütün problemli məsələlərə operativ reaksiya verməlidir. O sıradan Qarabağ probleminə. Bu münaqişə hər gün qurbanlar alır. Dondurulmuş münaqişələrin təhlükəli tərəfi həm də odur ki, həll yolu tapılmadığı üçün insanlar bundan daha çox əziyyət çəkirlər. Mən sizə erməni əsgərin şəklini gəstərmək istəyirəm. O, əlində ağ bayraqla Azərbaycan tərəfə təslim olur. Bu Ermənistan əsgərlərinin münaqişə aparmaq istəmədiyinin göstəricisidir. Bu, həm də o deməkdir ki, ermənilər heç zaman onların olmayan torpaqlarda vuruşmaq istəmirlər. Ancaq Ermənistan rəhbərliyi bütün vasitələrlə münaqişənin nizamlanmasını yubadır. AŞPA Ermənistana münaqişəni bitirmək üçün düzgün qərarlar verməkdə yardımçı olmalı bu məsələni davamlı olaraq gündəmdə saxlamalıdır”.



Azərbaycan nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva da Qarabağ məsələsindən danışıb, diqqəti Ermənistanın əsir aldığı Azərbaycan vətəndaşlarına yönəldib:“Hər gün Ermənistan tərəf Azərbaycan ordusunun mövqeləri ilə yanaşı, dinc Azərbaycan əhalisini də atəş altında saxlayır. Ermənistanın işğalçı siyasətinə görə yüz minlərlə insan öz torpağına dönə bilmir. Ən acınacaqlısı isə odur ki, bu gün Ermənistan Azərbaycan vətəndaşlarını əsir saxlayır. Bir neçə ay öncə baş verən bu fakt dəfələrlə beynəlxalq səviyyədə müzakirə edilib, ancaq Ermənistan əsirləri azad etməkdəm imtina edir. AŞPA bu məsələni gündəliyə salmalı və bu, sənədlərlə təsdiq edilməli, çözüm yolu tapılmalıdır”.

Ermənistanın AŞPA-dakı təmsilçisi Nağdalyan xanım Brasörün Türkiyənin qaçqınlara sahib çıxmasına və Azərbaycan təmsilçilərinin çıxışlarındakı fikirlərdən danışıb: “Erməni soyqırımının 100 illiyinin qeyd edildiyi bu günlərdə Türkiyə özünü qaçqınların, insan haqlarının himayədarı kimi təqdim etməyə çalışır. Ancaq həmin dövlətin ərazisində ermənilərlə birlikdə digər xalqlar da soyqırımına məruz qalıb. İndi münaqişələrdən qurtulan insanlara sığınacaq verməklə Türkiyə tarixdə baş verənləri unutdura bilməz. Dağlıq Qarabağ münaqişəsi isə Azərbaycan tərəfin provokasiyalarına görə həll edilmir. Biz məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasının tərəfdarıyıq. Bunun üçün Avropa strukturlarının Dağlıq Qarabağ hakimiyyəti ilə təmasları gücləndirilməlidir. AŞPA sədri Ann Brasör də qısa zaman öncə Ermənistanda səfərdə olarkən bu məsələ haqqında danışılıb və təklif bəyənilib. Ona görə də biz AŞPA-nı yeniqən münaqişənin üzərinə yağ tökməməyə çağırırıq”.
Cari məsələlərin müzakirəsindən sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb.

Aygün Muradxanlı, Strasburq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar