Hesablama Palatasının hesabatında adıçəkilən qurumların fəaliyyətindəki nöqsanlara dair hansı faktlar yer alıb?
Hesablama Palatası Dövlət Sosial Müdaifə Fondu (DSMF) və Qaçqınlar və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin fəaliyyətini yoxlayıb. Bu barədə qurumun hesabatında deyilir. Sənəddə bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsində audit tədbirləri həyata keçirilərkən müəyyyən edilib ki, şöbə tərəfindən proqnozlaşdırma prosesi əsaslı aparılmayıb.
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər üzrə gəlir potensialı tam nəzərə alınmayıb, bir sıra hallarda hüquqi şəxslər üzrə maliyyə sanksiyaları və penyanın hesablanmasında nöqsanlara yol verilib. Bəzi fiziki şəxzslərlə hesablaşmalar zamanı qanunvericiliyin tələblərinə tam əməl olunmayıb, hüquqi şəxslər üzrə 166 halda 17430,0 manat məbləğində, sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxslər üzrə 25 halda 7119,3 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanksiyası və penya hesablanmayıb. Bəzi fiziki şəxslərə və torpaq mülkiyyətçilərinə sosail sığorta nömrələrinin verilməməsi və ya verilən sosial sığorta nömrələrinin fərdi uçot bazasına daxil edilməməsi səbəbindən yığım hesabına toplanan vəsait müvafiq hesablara daxil edilməyib, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının aradan qaldırılması istiqamətində zəruri tədbirlərdən tam istifadə olunmayıb.
Pensiya işləri üzrə ərizələrin qeydiyyata alınması, onlara baxılması və pensiya təyinatının və ödənişinin aparılmasında bəzi nöqsanlara yol verilib, 3 halda şəxsin əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajına malik olub-olmaması və 18 halda iş stajları haqqında məlumatlar araşdırılmadan, 7 halda vətəndaşa onun hüququnun yarandığı tarixdən deyil, şöbəyə müraciət tarixi əsas götürülməklə pensiya təyinatı aparılıb, məcburi köçkünlərə pensiya təyinatı aparılarkən onlardan rayon ərazisindən məskunlaşması barədə “Qaçqınkom”un rayon üzrə nümayəndəliyinin arayışı deyil, yerli icra nümayəndəliklərinin arayışları alınıb, 1 halda Sumqayıtda daimi qeydiyyatda olan şəxsə pensiya təyin edilərkən DSMF Sumqayıt şöbəsindən pensiya alıb-almaması barədə arayış alınmayıb, 15 halda pensiyanın sığorta hissəsi düzgün hesablanmayıb, ərizəçinin pensiya təyin olunarkən və sonra əmək fəaliyyəti ilə məşğul olması araşdırılmayıb, pensiyaçının uşağının sosial müavinət alması araşdırılmayıb, pensiyanın baza hissəsinə əlavənin hesablanması üçün yaş həddi nəzərə alınmayıb.
Artıq və əskik ödəmələr
Auditin əhatə etdiyi dövrdə təyin edilən pensiya işləri üzrə 24 halda 7415,0 manat məbləğində artıq, 2 halda 2677,2 manat məbləğində əskik ödənişə, müvafiq təşkilatlarda çalışan işçilərin adlı siyahılarının, şöbədə qeydiyyatda olan və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin siyahısının əlil pensiyaçıların şöbədəki baza məlumatları ilə seçmə qaydada üzləşdirilməsi nəticəsində 7 nəfərin faktiki əmək və ya sahibkarlıq fəaliyyətilə məşğul olduğu halda işləməyən əlil kimi pensiya alması səbəbindən artıq ödənişə yol verilib, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə 4868,1 manat məbləğində artıq və 1036,3 manat məbləğində əskik ödənişlərin aparıldığı müəyyən olunub.
Şöbənin saxlanması xərcləri üzrə əməkdaşlara əməkhaqqı hesablanarkən gəlir vergisi az hesablanıb, satınalma metodu tətbiq edilmədən mal-materiallar alınıb.
Maliyyə-təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri əsasında mühasibat uçotu registrlərində yazılışların aparılması, xərc əməliyyatları uçota götürülərək memorial orderin aparılması və baş kitabın işlənməsi, əsas vəsaitlər üzrə maddi-məsul şəxslər təyin edilməsi və onlara inventar nömrələrinin tətbiqi təmin edilməyib.
DSMF Şəmkir rayon şöbəsində aparlın audit nəticəsində müəyyən edilib ki, fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, mülkiyyətində yararlı torpaq sahəsi olan şəxslər üzrə gəlir potensialı tam nəzərə alınmayıb, hüquqi şəxs üzrə 116 halda 23248,0 manat məbləğində, sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər üzrə 50 halda 12695,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanksiyası və penya hesablanmayıb.
Əmək pensiyalarının təyin olunması üçün ərizələrin qeydiyyata alınması, onlara baxılması və pensiya təyinatının, ödənişinin aparılmasında bəzi nöqsanlara yol verilib, 7 halda ərizəçilərin əmək pensiyası təyinatı üçün zəruri iş stajına malik olub-olmaması və 9 halda iş stajı haqqında məlumatlar apaşdırılmayıb, 15 halda ərizəçilərin pensiya hüququnun yaranması tarixi düzgün nəzərə alınmayıb, 11 halda pensiyanın sığorta hissəsinin düzgün hesablanmaması, əlilliyə görə pensiya alan şəxslərin əlillik müddətləri araşdırılmayıb, 14 halda işləyən əlil pensiyaçılara pensiyanın sığorta hissəsi və müvafiq əlavələr hesablanıb, bir sıra zəruri sənədlər olmadan və düzgün hesablamalar aparılmadan pensiya təyinatı aparılıb.
Auditin əhatə etdiyi dövrdə pensiya təyinatı və ödənişi üzrə 15 halda pensiyaçılara müxtəlif nöqsanlar nətcəsində 6356,39 manat məbləğində artıq, 1 halda 1085,0 manat məbləğində əskik, məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən müavinətlər üzrə 205 halda 9061,8 manat məbləğində artıq, 35 halda isə 1629,3 manat məbləğində əskik ödəməyə yol verilib. Şöbədə aparılan əvvəlki nəzarət tədbiri nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması üçün verilən tapşırıqlar yerinə yetirilməyib.
DSMF Tovuz rayon şöbəsi üzrə aparılan audit nəticəsində müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqlarının toplanması səviyyəsi aşağı olub, hüquqi şəxslər üzrə 128 halda 25507,6 manat məbləğində, sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər üzrə 37 halda 6655,5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanksiyaları və penya hesablanmayıb. Bəzi sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərə və torpaq mülkiyyətçilərinə sosial sığorta nömrələrinin verilməməsi və ya verilən sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənməməsi səbəbindən yığım hesabına toplanan vəsait müvafiq hesablara daxil edilməyib, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının aradan qaldırılması üçün müəyyən edilən zəruri tədbirlərdən istifadə olunmayıb. Işləyən əlillərə pensiyanın hesablanmasında nöqsanlara yol verilib, 58 halda pensiyanın digər növlərindən ailə başçısını itirməyə görə pensiya növünə keçirilərkən pensiyanın sığorta hissəsi hesabablanıb, 11 pensiya işi üzrə sığorta stajı, güzəştli şərtlərlə 4 pensiya işi üzrə xüsusi əmək stajı araşdırılmadan təyinat aparılıb, 3 halda isə pensiyanın sığorta hissəsinin düzgün hesablanmaması nəticəsində əskik ödəmə yaranıb.
“Qaçqınkom”da hansı nöqsanlar aşkarlanıb?
Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi tərəfindən 2012-13-cü illərdə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit nəticəsində isə müəyyən edilib ki, məskunlaşmamış qaçqın və köçkünlərin onlar üçün inşa edilən başqa rayon və şəhərlərdə yerləşən yeni şəhərciklərə və binalara köçürülməsinə rəğmən, xidmət göstərilən kontingentin bir sıra kommunal xidmətlər üzrə təsdiq olunan saylarında düzəlişlər aparılmayıb. Məskunlaşmamış qaçqın və köçkünlərin adambaşına aylıq elektrik enerji və təbii qaz istehlakı həcmləri normalara uyğun olsa da, yerli əhaliylə müqayisədə əhəmiyyətli dərəcədə çox olub, bir sıra şəhər və rayonlarda köçkün ailələri təbii qazla təmin olunduğu halda payız-qış mövsümündə yanacaq da verilib, nəticədə dövlət büdcəsindən artıq ödənişlərə yol verilib, su, kanalizasiya, məişət tullantılarının daşınması üzrə köçkünlərə eyni ərazidə xidmət göstərən xidmət təşkilatları üzrə kontingentin ümumi sayı həmin ərazidə məskunlaşan məcburi köçkünlərin statistik sayından artıq olub.
Sosial-ictimai binalarda məskunlaşan köçkünlər üçün dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadəyə görə bir sıra təşkilatlara icarə haqları və kommunal xidmətlərə görə haqq ödənilməsinə rəğmən, saxlanma adıyla əlavə vəsaitlər də ödənilib.