“Azərbaycanda dərman preparatlarının tərkibini və keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriya var.
Bu laboratoriyanın MDB respublikalarında analoqu yoxdur və ölkəyə daxil olan bütün dərman preparatları ən son texnoloji avadanlıqlarla təşkil edilmiş həmin laboratoriyada yoxlanılır. Yalnız bundan sonra həmin dərman preparatlarının satışına və istifadəsinə icazə verilir”.
Bu açıqlamanı virtualaz.org saytına Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzindən İspaniyada istehsal edilən, Azərbaycanda da dövriyyədə olan “Baktamed” adlı antibiotiklə bağlı Qırğızıstanda ortaya atılan iddialar ətrafında yayılmış informasiyalara cavab olaraq veriblər.
Mərkəzdən bildirilib ki, hətta nəzəri olaraq Qırğızıstanda dövriyyədə olan “Baktamed” preparatının tərkibi ilə bağlı hansısa suallar meydana çıxmış olsa belə Azərbaycanda belə hal mümkün deyil. Çünki dərmanların keyfiyyətinə və tərkibinə nəzarət edən laboratoriya digər dərman preparatları kimi həmin antibiotikin də tərkibini yoxlayır, ancaq bundan sonra satışa buraxır.
“İndiyədək Azərbaycanda “Baktamed” preparatının uşaqlarda istifadəsi zamanı hansısa ciddi yan təsirlər qeydə alınmayıb və bu dərmanın keyfiyyəti ilə bağlı heç bir problem yoxdur” - deyə mərkəzdən bildirilib.
Xatırladaq ki, “Baktamed” preparatının uşaqlarda bəzi yan təsirlər meydana çıxardığını Qırğızıstanda farmakoloq-ekspertlərdən biri iddia etmişdi. Hərçənd ki, bu ölkənin Səhiyyə Nazirliyi də dərmanın keyfiyyəti ilə bağlı araşdırma aparıldığını, problem aşkarlanmadığını açıqlayıb.
Dərman preparatını Azərbaycana idxal edən “World Medicine” şirkəti də Qırğızıstanda bu dərmanla bağlı iddiaların qərəzli məqsədlə ortaya atıldığını, şirkətin bir müddət bu iddiaları ortaya atanları məhkəməyə verdiyini və udduğunu bildirib. Şirkətdən bildirilib ki, “World Medicine” dünyanın aparıcı farmasevtika şirkətləri ilə işləyir və hansısa keyfiyyətsiz dərmanın idxalını həyata keçirməsi istisnadır.
Virtualaz.org