BİR OLİQARX NAZİRİN 141 ŞİRKƏTİ LƏĞV EDİLDİ – Tragikomik satınalmaların və şirkətlərin SİYAHISI

22-04-2015, 22:30   

Daha 141 şirkət dövlət büdcəsi vəsaitlərinin müəmmalı satınalmalar vasitəsilə “əridilməsində” iştirak etmək missiyasını yerinə yetirərək, “ömrünü” başa vurmaqdadır. Rəsmi mətbuatda bir nəfərin idarə etdiyi bu qədər şirkətin ləğvi haqda elanlar dərc edilib.

Adı şübhəli dövlət satınalmalarında hallandırılan Mehman Canmirzə oğlu Mirzəliyevin direktoru olduğu bu şirkətlərin kimlər tərəfindən yaradıldığı məlum deyil. Məlum olan odur ki, bu şirkətlər 2013-cü ilin sentyabr və noyabr aylarında və ötən ilin yanvar ayında elektron qaydada qeydiyyatdan keçiblər. Ünvan olaraq, Quba, Qusar və Xaçmaz rayonlarındakı kəndlər seçilib. Qeydiyyatdan keçmə və tenderlərdə qalib gəlmə arasında müddət bəzən 2 aya çatır. Satınalmalar üzrə Dövlət Agentliyinin (SDA) açıqladığı məlumatlara görə, bu şirkətlərin bir çoxu 2013-2014-cü illərdə təşkil olunmuş ən azı 243 satınalama prosedurunun qalibi olub.

3ee

Qeyd edək ki, SDA-nın tərtib etdiyi dövlət satınalmalarının nəticələri üzrə reyestrdə qalib şirkətlərin adları bir çox hallarda yanlış göstərildiyindən sözügedən ləğv olunan şirkətlərin aşağıda açıqladığımız “uğur siyahısı” güman ki, daha uzun ola bilərdi. “Turan”ın məlumatına görə, ümumi dəyəri 6 milyon 897 min 140 manat olan bu satınalma müqavilələrinin 52-si Milli Elmlər Akademiyasının, 47-si Səhiyyə Nazirliyinin, 40-ı Mədəniyyət Nazirliyinin, 20-si Təhsil Nazirliyinin, 11-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özü və ya tabeli təşkilatları ilə bağlanıb. Qeyri-ciddi şirkətlərlə müqavilə ortağı olanlar arasında Kənd Təsərrüfatı Nazrliyi (6 müqavilə), Gənclər və İdman Nazirliyi (5), Müdafiə Nazirliyi (9), Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (3), Energetika Nazirliyi (4), yerli icra hakimiyyəti orqanları (18), “Televiziya və Radio Verilişləri” QSC (4) və başqaları da var.
Bir qayda olaraq, birdəfəlik istifadə olunan şirkətlər cari təmir işlərinin, mebellərin, dəftərxana və təsərrüfat mallarının, iri avadanlığın, digər maşın və avadanlığın, ərzaq məhsullarının satın alınması işlərində təchizatçı kimi göstərilir. Onlar, həmçinin, məzmunu qaranlıq olan “digər xərclər”, “idarənin xərcləri”, “sair xərclər” “digər alışlar və xidmətlər”, “kommunal və kommunikasiya xidmətləri” və s. məbləği heç də az olmayan alışları da təmin ediblər. Ən azından büdcədən bu məqsədlə kifayət qədər vəsait bu şirkətlərin hesabına yönəldilib.

20lSDA-ya təqdim olunmuş məlumatlara görə, ləğv mərhələsinə qədəm qoyduğunu elan edən bu şirkətlər ixtisas imkanları tələb edən bir çox iri satınalmalar da həyata keçirib. Bunların arasında obyekt və yaşayış evlərinin fasadının, hətta yolların əsaslı təmiri, avtomobil təmiri, mətbəə və çap işləri, konfrans və digər tədbirlərin təşkili, kompüter proqramının hazırlanması, lisenziyalı proqram təminatının təchizatı və sair işlər də var.
Əksər hallarda eyni şirkət bir dövlət təşkilatı üçün bir neçə xidməti eyni zamanda görüb. Məsələn, ləğv edilməkdə olan “TTİ Ltd” MMC Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna 57 min 15 manat dəyərində hansısa xidmətlər göstərib, ona 10 min manatlıq inventar, 5 min manatlıq geyim və 6408 manatlıq dəftərxana ləvazimatları və təsərrüfat malları satıb, 7685 manatlıq nəqliyyat xidməti təşkil edib. Bundan başqa elə həmin şirkət İnformasiya Texnologiyaları İnstitutundan veb-saytların təkmilləşdirilməsi üçün 18 744 manat pul alıb.

1olTragikomik satınalmalardan biri Mehman Mirzəliyevin “Prima Servis” şirkətinin həmin institut üçün “elmi-tədqiqat işlərinin” aparılması olub. Dəyəri 70 250 manat qiymətləndirilən bu tədqiqatın mövzusu yəqin ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də maraqlı ola bilərdi.
“Turan”ın məlumatına görə, kommersiya hüquqi şəxslərin məlumatlarının yenilənməsi göstərir ki, ləğv olunan bu saxta şirkətlərin yerini oxşar adlarla başqaları tutur.

Ekspertlər deyirlər ki, bir çox hallarda bu tipli müəmmalı satınalmaların bir çoxunun qiyməti dəfələrlə şişirdilir, əksəriyyəti isə satınalan təşkilatların “daxili imkanları” hesabına icra olunur. “Birgünlük şirkətlər” isə bu vəsaitlərin mənimsənilməsi üçün bir mərkəzdən idarə olunur, meydana gəldikləri kimi sirli şəkildə də qeyb olurlar.

Onu da qeyd edək ki, Azərbaycanda tenderlərin formal xarakter daşıdığı, tendelərin oliqarxların şirkətləri arasında bölüşdürüldüyünə dair yerli KİV-lərdə dəfələrlə yazılb. Hansı ki, bu tenderlərdə “qalib gələn” şirkətlərə müəyyən işlər üçün ayrılan büdcə vəsaitinin əhəmiyyətli hissəsi korrupsiyanın yeminə çevrilir. Saxta şirkətlər məhz bu məqsədlə yaradılır və sonradan da qapadılır. Daha doğrusu oliqarxlar tərəfindən qısa müddət üçün yaradılan bu şirkətlər bir müddət müəyyən korrupsiya əməliyyatını həyata keçirdikdən sonra ləğv olunur. Bununla həm korrupsiyanın izi itirilir, həm həmin şirkətlərin həyata keçirdiyi işlərə görə dövlətə ödəməli olduğu vəsaitlər mənimsənilir, həm də ictimaiyyətin, medianın diqqətini üzərlərinə cəlb etmirlər.

vergilerXatırladaq ki, Vergilər Nazirliyinin mətbu orqanı olan “Vergilər” qəzetinin fevral və mart buraxılışlarında yüzlərlə şirkətin ləğv edilməsi haqda elanlar dərc olunmuşdu. Dövlət satınalmalarında fəal iştirak etmiş həmin şirkətlərin sanki bir mərkəzdən idarə olunurmuş kimi bir barmağın işarəsilə ləğvinə qərar verilməsi çoxlu suallar doğursa da, bunun səbəbi açıqlanmadı. Hansı ki, bu şirkətlərin əksəriyyəti bir qrup adamın adına yaradılmaqla, eyni ünvanlarda qeydə alınmışdı. Məsələn, Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, ev 64, mənzil 5/6 ünvanında indiyədək müxtəlif şəxslərin (Teymur Əliyev, Elxan Ağayev, Rəşadət Məmmədov, Ağarəhim Məmmədov) direktor olduqları bir neçə yüz şirkət qeydə alınıb və hələ də qedə alınmaqdadır.

Və yaxyud ləğv edilməsi haqda qərar verilən 200 şirkətə adı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən kriminal işlərdə hallandırılan (http://news.lent.az/news/54736) 30 yaşlı Ağarəhim Qəribşah oğlu Məmmədovun rəhbərlik etdiyi məlum olmuşdu. Bu haqda saytımızda dərc olunan “OLİQARXLARIN 100 MİLYONLARI TALAYAN ŞİRKƏTLƏRİ LƏĞV OLUNUR” başlıqlı yazıda məlumat verdiyimizdən, təkrarlamaq niyyətində deyilik.

41Sadəcə qeyd etməyi lazım bilirik ki, OLİQARXLARIN “KÖLGƏSİ” olan şəxslərin adına yaradılan yüzlərlə şirkət 100 milyonlarla dövlət vəsaitinin talanmasında iştirak edir. Təsadüfi deyil ki, Azərbaycanda bu tipli şirkətlər böyük neft pulları dövlət büdcəsinə axmağa başlayanda “yağışdan sonrakı göbələk kimi” çoxalmağa başlayıb. Neftin qiymətinin düşməsi ilə bağlı investisiya layihələrinə, satınalmalara ayrılan pullar azaldığından və ciddi nəzarət olduğundan oliqarxlar belə şirkətlərini kütləvi ləğv edirlər. Bununla həm də onlar Vergilər Nazirliyinin hər bir şirkət üçün qapılarını döyərək, məlum tələbləri irəli sürməsindən xilas olmağa çalışırlar.

Hansı oliqarxın “kölgəsi” olduğu bilinməsə də, Mehman Mirzəliyevin şirkətlərinin də eyni məqsədlə yaradılıb, eyni səbəbdən də ləğv olunduğu şübhə doğurmur. Azərbaycanda başqa adlarla şirkətləri əsasən nazirlərin yaratdığını nəzərə alsaq, Mehman Mirzəliyevin də hansısa oliqarx nazirlərdən birinə xidmət etdiyini söyləyə bilərik. Hansı nazirdən söhbət gedir? Bu haqda hələlik bizdə heç bir məlumat yoxdur.

Murad Məmmədov
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.