Bu dəfə qarşıdurmanın kökündə PA rəhbərinə yaxın olan iş adamı «Şərurlu İsfəndiyar»a təzyiqlər dayanır
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə hakimiyyətdəki ən güclü qruplaşmalardan biri Paşayevlər arasında yenidən ziddiyyətlər baş qaldırıb. Hakimiyyətdaxili mənbələrdən sızan məlumatlara görə, bu dəfəki ziddiyyətlərin kökündə Ramiz Mehdiyevə yaxınlığı ilə tanınan, “Şərur Isfəndiyar” kimi məşhur olan iş adamı Isfəndiyar Axundova təzyiqlər dayanır.
Son vaxtlar Isfəndiyar Axundovun biznesinə ciddi maneələr yaradılır. Xüsusilə əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənov iş adamının biznesinə zərbə vurur. Komitə sədri onun tikintilərini sənədləşdirmir. Kərəm Həsənovun “Şərur Isfəndiyar”a qarşı bu addımının özfəaliyyət olduğunu düşünmək sadəlövhlük olardı.
Komitə sədrinin Paşayevlərin komandasında təmsil olunduğu barədə iddialar var. Ona görə də ehtimal etmək olar ki, Kərəm Həsənovun Ramiz Mehdiyevə yaxın iş adamına yönəlik addımları qrup maraqlarından irəli gəlir. PA rəhbərinin də “Şərur Isfəndiyar”a görə Paşayevlərlə toqquşması bu ehtimalı gücləndirir. Yeri gəlmişkən, Ramiz Mehdiyev müalicəyə getdiyi vaxt belə məlumat yayılmışdı ki, onunla Kərəm Həsənov arasında gərginlik yaşanıb. PA rəhbəri verdiyi tapşırığı yerinə yetirmədiyi üçün komitə sədrini sərt şəkildə danlayıb.
Onu da qeyd edək ki, Ramiz Mehdiyev müalicə olduğu müddətdə ona yaxın olan Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov “vurulub”. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək funksiyalarının əhəmiyyətli hissəsi Kərəm Həsənova verilib. Bu Ramiz Mehdiyevin mövqelərinə ciddi zərbə sayılır. Görünür, PA rəhbəri rəqib qruplaşmanın növbəti zərbələrini sükutla qarşılamaq niyyətində deyil. Bu baxımdan da “Şərur Isfəndiyar” məsələsində sükut etməyib.