PKK-lılar ermənilərdən də, suriyanilərdən də çox idilər; “Soyqırım” nümayişçiləri “Qarabağ şikəstəsi”nin sədaları altında gəldikləri kimi də geri döndülər
Bu gün çox gərgin bir gün oldu. Səhər Türkiyə və ABŞ səfirliklərinin qarşı-qarşıya yerləşdiyi İsveçin ictimai televiziyası SVT-nin önündəki “səfirliklər şəhərciyi”nə avtobusla getdim. Çünki səfirliyin önü insan dənizinə dönəcəkdi, maşını saxlamağa yer olmayacaqdı. Axı təkcə Stockholmda 100 minə qədər türk, 20-30 min də Güneyli və Qüzeyli azərbaycanlı yaşayır. Keçən həftə 10-15 min adam Kral parkında uşaq bayramını qeyd edirdilər.
Bu fikirlərlə Türkiyə səfirliyinin önündə avtobusdan enəndə gözümə inanmadım. Cəmi 15-20 nəfər adam gəlmişdi. Vədələşdiyimiz vaxtdan təxminən yarım saat sonraydı. Yəni 11.00-a deyilmişdisə, saat artıq 11.30-u keçirdi. Arkadaşlara yaxınlaşdım. Dedilər, millət Cuma namazından sonra gələcək. Bir az keçdi, bəli, 10-15 nəfər də belə təşrif buyurdular. Həmyerlilərdən biri qarşı tərəfin erməni bayraqları ilə yaxınlıqdakı parka toplaşmaları haqda məlumat verdi. Elə bu zaman iki erməni bayrağı vurulmuş maşın bizim yanımızdan nümayişkaranə şəkildə keçdi.
Gərginlik həm Türkiyə səfirliyi, həm də bizim camaat arasında artmağa başladı. Babək Azad və Səttar Sevgin vaxtında özlərini yetirdilər. Dərhal səsgücləndiricini quraşdırıb hazır etdik. Polislərin də sayı artmağa başlayırdı. Mən bu gərginliyi görüb həm sms-lə, həm də FB-statusumla türklərə müraciət etdim.
Yarım saat sonra 5-6 nəfər yenə toplaşdı. Səyavuş bəyin maşınına minib erməni nümayişçilərinin yürüş edə biləcəkləri küçəni təxmin edərək yola çıxdıq. Elə bir az aralanmışdıq ki, kütlənin bizə tərəf gəldiyini gördük. Geri dönəndə artıq polis aranı həm maşınlarla, həm də lentlərlə kəsmişdilər. Erməni bayraqlarına bürünmüş izdiham artıq yaxınlaşırdı. Polisin sayı da artırdı. Amma nə azərbaycanlıların, nə də türklərin sayı artmırdı!?...
Gərginlik tam gücü ilə artmağa başlayırdı. İzdiham tam yaxınlaşıb polisin çəkdiyi xəttə dirəndi. Çox qəribəydi. Mən orda tanıdığım bir neçə PKK-lını gördüm. Məncə, nə ermənilərin, nə də suriyanilərin sayı o qədər də böyük deyildi. Kütlənin əsas ilhamvericisi PKK-lılar idilər... Polislər bizim press-kartımızı görüb yaxınlaşdılar və həm federasiya başçılarından, həm də bizdən xahiş etdilər ki, provokasiyaya uyanları sakitləşdirək.
Onlar baçardıqları qədər bizim yanımızda olacaqlarına söz verdilər və buna mükəmməl əməl etdilər. Mən deyərdim ki, bu saatlar ərzində Stokholm polisi tam heyətlə atlarla, itlərlə, motosiklet və maşınlarla bu ərazini mühasirəyə almışdılar. Hətta səmada bir-iki polis helikopteri də görünməyə başladı. Bir geri döndüm və qəhər məni boğdu. Təxminən 40 nəfərlik bir dəstə Türkiyə səfirliyinin önündə bir sipər çəkmişdilər. Qadınlar, cavanlar, yaşlılar əllərində Türkiyə və Azərbaycan bayrağı səsgücləndirənlə “Qarabağ şikəstəsi” qoyub “hamımız Mustafa Kamalın əsgərləriyiz” deyə hayqırırdılar. Bu insanlar sankı saylarının az olmasına baxmayaraq, öz evlərini, öz binalarını, öz yurdlarını yalın əllə qorumağa çıxmışdılar.
Yadıma Qarabağın boşaldılmış kəndləri düşdü. Yadıma Xocalı-Ağdam-Xocavənd düşdü. Çanaqqala haqqında oxuduqlarım, “Çanaqqala ruhu” düşdü yadıma. Bir də baxdım, axşam çıxış edəcək meyxanaçılar İntiqam və Ehtiram qardaşları da bizim “səfirlik keşikçilərimizin” arasındadırlar. Düşmənlərə deyəsən “Davay dosvidaniya” deməyə gəlmişdilər.
Camelərdən isə hələ də xəbər yox idi... Bir-iki çapulcu provokasiya edib bizim tərəfə keçmək istədikdə polis onlara mane oldu. Daha sonra ən gərgin an yarandı. Türk bayrağını yandırdılar və yenə də polis dərhal müdaxilə edib bayrağı söndürdü. Bu dəfə “erməni yanlıları” öz “ərazilərində” yandırdılar bayrağımızı...Və... Bayrağımız yandıran adama “qənim” oldu. Üzü-gözü yandı gədənin...
“Soyqırımçılar” bağrtı-qışqırıqla meydandan uzaqlaşırkən “Səfirliklər şəhərciyi”ni “Qarabağ şikəstəsinin” sədaları bürüdü... Bu bizim ruhumuz idi, Türk ruhu, babalarımızın ruhu...
Stokholmdan xüsusi olaraq musavat.com üçün
Rahim Sadıqbəyli