İrəvanda “soyqırım” dedi, Bakıda “işğal” demədi...

27-04-2015, 07:40   
İrəvanda “soyqırım” dedi, Bakıda “işğal” demədi...

Fransua Ollandın Bakıya gətirdiyi qiymətli mesaj; Fransa prezidenti regiona Ermənistanın müttəfiqi kimi gəlib neytral və ədalətli vasitəçi kimi geri dönə bilmədi; lakin Azərbaycan diplomatiyası onu Bakıya gətirdə bildi; Olland ölkəmizdə ikən Türkiyə XİN sərt bəyanat yaydı...


Mifik soyqırımın 100 illiyi də tarixə qovuşdu. Erməni təbliğat maşınının bütün gücü ilə çalışmasına rəğmən, Ermənistan əsas hədəfinə, hər halda, çata bilmədi: dünya birliyi, o sırada BMT, ABŞ, əksər ölkələr 100 il sonra da 1915-ci ildəki qanlı hadisələri “soyqırım” kimi tanımadı, Amerika prezidenti 100-cü ildönümdə də “genosid” söyləməyib ermənilərin məkrli arzusunu ürəyində qoydu.

İrəvana isə cəmi 4 dövlətin prezidenti təşrif buyurdu - Rusiya, Fransa, Serbiya və yunan Kipri - əgər sonuncunu dövlət adlandırmaq mümkünsə. Bir sözlə, pislik yenə ermənilərin özlərinə, onlarla birgə İrəvanda olmuş ölkə liderlərinə qaldı.

Konkret olaraq nə qazandı Rusiya və Fransa? Üstəlik, Minsk Qrupunun üç həmsədrindən ikisi kimi onlara Azərbaycanın olan-qalan etimadı da sarsıldı. Çünki belə bir davranış - işğalçı Ermənistana “soyqırım” lütfkarlığı Qarabağ məsələsində obyektiv vasitəçiliklə bir araya sığmır, sığa bilməz. Bu, elə “əzabkeş xalq”ın Azərbaycan ərazilərinin işğalına bəraət anlamına gəlir.

24 aprel yubiley törənləri həmsədr ölkələrin Qarabağa dair mövqeyinə yenidən güclü bir işıq saldı - ələlxüsus, Ermənistanı “kiçik bacı” sayan Fransanın. Gözlənildiyi kimi, prezident Fransua Olland İrəvanda çıxış edərək bir daha “soyqırım” dedi. Serj Sərkisyan isə Ollandı İrəvanda “həmişə arzulanan qonaq” adlandırıb Ermənistanın Fransa ilə “xüsusi əlaqələrə malik olmasından” qürur duyduğunu bildirdi.

“Ermənistan əsas hədəfinə çata bilmədi: dünya birliyi, o sırada BMT, ABŞ, əksər ölkələr 100 il sonra da 1915-ci ildəki qanlı hadisələri ”soyqırım" kimi tanımadı, Amerika prezidenti 100-cü ildönümdə də “genosid” söyləməyib ermənilərin məkrli arzusunu ürəyində qoydu"


* * *
Rusiyanın isə Ermənistana münasibəti onsuz da bəlli idi. Hərgah, Putin də İrəvanda ermənilərə xoş gəlmək üçün bacardığını etdi, “genosid” sözünü dilə gətirdi və bununla da sanksiyalar burulğanında köməyinə ehtiyac duyduğu Türkiyəni sərt cavab reaksiyasına vadar elədi. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Putinin edilən xəbərdarlıqlara məhəl qoymadığını bəyan edərək, ona Rusiyanın özünün tarixdə törətdiyi qırğınları xatırlatdı, Kreml başçısının bu addımının regionda sülhə töhfə verməyəcəyini bildirdi.



Türkiyə XİN Fransua Ollandın İrəvan səfəri və orada söylədiyi fikirlərlə bağlı da kəskin bəyanat yaydı. Orada deyilirdi: “Olland türk özünəməxsusluğuna, Türkiyə tarixi və cəmiyyətinə qara yaxma üçün bəhanə rolu oynayan 24 aprel tədbirlərində iştirak edib. Təəssüf ki, o, növbəti dəfə erməni tərəfinin mövqeyini müdafiə elədi. Biz ədalətsiz və qərəzli mövqeyinə görə Fransanı birmənalı şəkildə rədd və ittiham edirik. Gözləmək olardı ki, Olland İrəvan tədbirlərində milli-dini xüsusiyyətlərlə bağlı fərqliliklərə varmayacaq, çünki bütün osmanlı vətəndaşları faciə, ağrı-acılar yaşayıb. Əfsuslar olsun ki, Fransa öz diskriminasiya siyasətini davam etdirməyi üstün tutdu”.

“İstənilən halda, Fransua Ollandın Bakı səfəri onun rəsmi Bakı ilə münasibətlərə qiymət verməsinin və hesablaşmasının nümunəsi sayıla bilər”



Maraqlıdır ki, bu bəyanat Olland Bakıda olarkən yayıldı. Yada salaq ki, bundan az öncə Türkiyənin baş naziri Əhməd Davudoğlu Putin və Ollandın 24 apreldə İrəvanda olmasının Qarabağ nizamlanmasında ədalətli vasitəçiliyə zidd olduğunu bəyan eləmişdi...

* * *
Planlaşdırıldığı kimi, İrəvandan sonra Fransa prezidenti Bakıya təşrif buyurdu - həm də gecə. Onun Azərbaycan prezidenti İlham Əliyevlə ertəsi gün keçirdiyi görüşlə bağlı açıqlamada deyilirdi ki, dövlət başçıları təkbətək təmasda olublar. Daha sonra məlumat yayıldı ki, “görüşdə ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin dinamik inkişaf etdiyi bildirilib”, habelə “son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb”, görüşlərin yekunu olaraq isə Fransa-Azərbaycan Universitetinin yaradılması haqda iki ölkənin təhsil nazirləri arasında niyyət məktubu imzalanıb.



“Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidentinin münaqişənin həlli yönündə göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib. Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub” - xəbərdə bildirilir.

“Fransua Olland bəlkə də bu addımla Azərbaycanın, yaxşı münasibətdə olduğu Azərbaycan prezidentinin könlünü almağa, Türkiyə ilə Azərbaycanı eyniləşdirmədiyini göstərməyə çalışıb. Həm də nümayiş etdirmək istəyib ki, Qarabağ vasitəçiliyində Parisin obyektiv vasitəçi obrazı hələ qalır”


* * *
Təbii ki, bunlar media və protokol üçün verilmiş açıqlama idi. Ancaq reallıq bundan ibarətdir ki, Bakı təmaslarından sonra Fransua Ollandın yeni Qarabağ təşəbbüskarlığı və prezidentlərin növbəti Paris görüşü barədə öncədən anons edilmiş məsələlərlə ilgili heç nə bildirilmədi. Demək, bu yöndə hansısa anlaşma və ya ilkin razılıq baş tutmayıb. Bəs, baş tutması mümkün idimi?



Cavab neqativdir. Lakin istənilən halda, Fransua Ollandın Bakı səfəri onun rəsmi Bakı ilə münasibətlərə qiymət verməsinin və hesablaşmasının nümunəsi sayıla bilər. Olland və eləcə də Rusiya prezidenti 100 illiyin 24 aprel gecəsini İrəvanda keçirmədilər; Fransa prezidenti isə gecələməyi Bakıya saldı. Ermənilər, heç şübhəsiz, bu davranışdan və Ollandın trayektoriyasından razı qalmadılar. Onlar o qədər həyasızdırlar ki, bir şeyi istəyəndə sonuna qədər onların olması üçün əldən-ayaqdan gedərlər.

Fransua Olland bəlkə də bu addımla Azərbaycanın, yaxşı münasibətdə olduğu Azərbaycan prezidentinin könlünü almağa, Türkiyə ilə Azərbaycanı eyniləşdirmədiyini göstərməyə çalışıb. Həm də nümayiş etdirmək istəyib ki, Qarabağ vasitəçiliyində Parisin obyektiv vasitəçi obrazı hələ qalır. Lakin Fransa prezidenti Azərbaycan xalqının etimadını bundan sonra qazanmaqda çətinlik çəkəcək. Çünki biz özümüzü Türkiyədən fərqləndirmirik, onun maraqlarından kənar hansısa qlobal maraq daşımırıq. Ən maraqlı tərəf də budur ki, ümumtürk düşmənçiliyini özünə milli ideologiya seçmiş Ermənistanın da Azərbaycana və Türkiyəyə münasibəti eynən bu cürdür.

* * *
Məsələ ondadır ki, dünyanın soyqırım kimi tanımadığı uydurma hadisəni İrəvanda heç bir kompleks keçirmədən, rahatca “soyqırım” adlandıran Fransa lideri Bakıda real işğal faktını - Ermənistanın Azərbaycan ərazilərini on illərdir işğal altında saxlaması gerçəyini dilə gətirmədi. “İşğal”, “işğalçı” ifadələrinin heç yanından da keçmədi. Olland İrəvanda “soyqırım” bəyan elədi, Bakıda “işğal” demədi. Bunu onun dilindən heç kim eşitmədi. O zaman Qarabağ məsələsində necə neytral münsifliyə iddia eləmək olar görəsən?

Fransa prezidentinin İrəvandan gecə ikən Bakıya gətirdiyi əsas mesaj da zatən, budur. Ümid edək ki, prezident İlham Əliyev Türkiyəyə və qardaş ölkə timsalında Azərbaycana qarşı belə təzadlı və haqsız mövqeyi tet-a-tet görüşdə fransalı həmkarının diqqətinə çatdırıb.

Siyasət şöbəsihttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.