Suriyadan gətirilən ermənilər cəbhə bölgələrinə köçürülür, müdafiə nazirimizin Qarabağ cəbhəsində Suriya ermənilərinin döyüşməsi ilə bağlı iddiası sübuta yetir
BBC telekompaniyasının əməkdaşı işğal altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb. Reportajda müharibədən qaçıb Ermənistana gələn 15 mindən artıq Suriya ermənisinin bu ölkənin bəzi şəhərlərində, həmçinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirildiyi bildirilir.
Aprelin 23-də yayımlanan reportajda qeyd olunur ki, Ermənistan hökuməti həmin qaçqınların bəzisinə vətəndaşlıq statusu verib və onların yerləşməsinə kömək edib. Bildirilir ki, bu statusu ala bilməyən qaçqınların çoxu Dağlıq Qarabağa yerləşdirilib. Reportajdan bəlli olur ki, Dağlıq Qarabağa yerləşdirilən qaçqınlar burada ağır şərtlər altında, gözlənilən müharibə qorxusu ilə yaşayırlar. Reportajda 40-a yaxın suriyalı erməninin Dağlıq Qarabağa yerləşdiyi də qeyd olunur və onların həyatları anladılır.
Qeyd edək ki, iki həftə əvvəl Azərbaycanın müdafiə naziri bildirmişdi ki, Ermənistan cəbhəyə Suriya və Livandan muzdlu erməni terrorçuları cəlb edir. Sitat: “Hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edir”.
Bu məlumatdan çıxış edərək “Yeni Müsavat” Azərbaycana qarşı müharibədə istifadə olunan Suriya və Livandan gələn muzdlular haqda araşdırma yazısı hazırlamışdı. Yazıda qeyd olunurdu ki, Suriyada da erməni mövcudluğu əsasən, Birinci Dünya savaşı zamanına gedib çıxır. Ancaq daha əvvəl də bölgədə, xüsusən də Fələstin ərazilərində erməni icmaları mövcud olub. Bəzi mənbələrdə Suriyanın daxili müharibə başlayana qədər 80-100 min nəfər arası erməni əhalisi olub. Ancaq erməni mənbələrinə görə, bu rəqəm daha böyükdür. Dəməşq, Hələb kimi iri şəhərlərlə yanaşı Kəsab, Deyr əz-Zor, Dəra kimi şəhərlərdə də erməni əhalisi yaşayır.
Qarabağ müharibəsində Azərbaycana qarşı savaşanda ermənilərin xarici ölkələrdən muzdlular cəlb etməsi barədə xəbərlər yeni deyil. Birinci Qarabağ savaşı zamanı erməni cəbhəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan və Livandan olan yaraqlılar fəal şəkildə iştirak edib. ASALA terror təşkilatının üzvü Monte Melkonyan Qarabağ müharibəsində məhz xarici muzdlulardan təşkil olunmuş batalyonun komandiri olub. Qarabağ müharibəsində ən qəddar və amansız olanlar da məhz xarici muzdlular olub.
Son aylar cəbhədə vəziyyət xeyli dərəcədə gərginləşib. Azərbaycan tərəfi torpaqların azad edilməsi üçün müharibənin qaçılmaz olduğunu bəyan edib. Belə bir vəziyyətdə xaricdən Dağlıq Qarabağa erməni muzdlularının cəlb olunması realdır.
Bu mövzuda ən maraqlı məqam ondan ibarətdir ki, hazırda məhz Suriya və Livandan ermənilərin Qarabağ cəbhəsinə yerləşdirilməsi üçün necə deyərlər, münbit şərait yaranıb. Çünki Suriyada artıq 4 ildən çoxdur ki, ağır müharibə gedir və radikal islamçı qrupların təzyiqi ilə üzləşən ermənilərin bir çox Suriyanı tərk edib. Məlum olduğu kimi, Suriyada milli və dini azlıqlar Bəşər Əsəd rejimini dəstəkləyir. Məhz bu səbəbdən ölkədəki xristian və erməni icmaları islamçı radikalların hücumlarına məruz qalıb. Ötən illərdə bir neçə dəfə Suriyadan ermənilərin Ermənistana, o cümlədən Dağlıq Qarabağa köçürülməsi ilə bağlı məlumatlar yayılıb. Hətta telekanallarda İrəvana köçən, həmçinin Dağlıq Qarabağa yerləşdirilən ermənilərin görüntüləri yayılıb.
Qeyd edək ki, Livan və Suriya dünyada ermənilərin böyük icma təşkil etdiyi azsaylı ölkələrdən biridir. Suriya və Livana ermənilər əsasən Birinci Dünya savaşı zamanı Osmanlı dövləti tərəfindən köçürülüb. Osmanlı dövləti ölkənin şərq əyalətlərində qiyam qaldıran və müharibə zamanı rus ordusu ilə birləşərək türk və kürd əhaliyə hücum edən erməniləri imperiyanın digər ərazilərinə köçürmək haqda qərar verir. Nəticədə İraq, Suriya, Livan və digər Yaxın Şərq ölkələrinə ermənilər köçürülür. Hazırda ən böyük erməni icması Livanda, əsasən paytaxt Beyrutda yaşayır.
Hazırladı: KƏNANhttp://musavat.com/