Polisin qayğısına «qalan» deputat hakimiyyəti hədəfə gətirdi
YAP-çı deputat Siyavuş Novruzov mitinqlərin bazar günü keçirilməsini istəmir. Hafta.az-a danışan Siyavuş Novruzov fikirlərini belə əsaslandırıb: “Bazar günləri hüquq-mühafizə orqanlarının istirahətdə olan günüdür, onların istirahəti bununla məhrum olunur. Həmçinin, orada yaşayan vətəndaşların da istirahət etmək hüququ var. Məsələn, birinin xeyir, birinin isə şər işi var. Bundan iki saat məhrum olur. Istənilən ayrılan yerdə isə insanların istirahətinə, nəqliyyatın infrastrukturuna ziyan vururlar. Bu baxımdan da mən hesab edirəm ki, bunun özünü də sistemləşdirmək lazımdır”.
Hər dəfə absurd fikirlər səsləndirməklə özünü gülüş hədəfinə çevirən Siyavuş Novruzov bu dəfə də “gül” vurduğunun fərqinə varmayıb. Adama deyərlər, necə olur ki, hakimiyyət hansısa tədbir keçirəndə, hansısa nazir evinə getdiyinə görə saatlarla yollar bağlananda əhalinin istirahət hüququ pozulmur, amma ölkədəki qanunsuzluqlara etiraz edəndə vətəndaşlar istirahət hüququndan məhrum edilir? Etiraz etmək vətəndaşların fundamental hüquqlarından biridir. Bu konstitusiya ilə təsbit olunub. Amma vətəndaşların istirahət hüququnun “pozulmasından” “narahat” olan Siyavuş Novruzov insanların fundamental hüquqlarının pozulmasını təklif edir.
Polislərin istirahət hüququna gəlincə, Görünür, Siyavuş Novruzov bilmir ki, bazar günü heç də hüquq-mühafizə orqanları, xüsusilə polis üçün istirahət günü deyil. Çünki polis hər gün asayişi qorumağa mükəlləfdir. Digər tərəfdən polislərin istirahət hüququnu da pozan elə hakimiyyətdir. Hakimiyyət qanunsuz əməllərinə son qoysa, ona etiraz edən də olmaz, polis də istirahət edər.