PA rəhbəri bu məsələdə Paşayevlərə məğlub olmaq istəmir
AMEA Rəyasət Heyətində akademiyanın illik ümumi yığıncağı keçirilib. “Report”un xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edib. Tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunub, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.
Qeyd edək ki, uzun müddətdir Ramiz Mehdiyevin səhhətində ciddi problemlər olması məlumatlar yayılır. PA rəhbərinin özü də bu məlumatların yayıldığı ərəfədə görünməz olmuşdu. Bu baxımdan iddiaların əsassız olmadığına şübhələr artmışdı. Ramiz Mehdiyev ilk dəfə aprelin 10-da ölkə başçısı Ilham Əliyevin Nazirlər Kabinetində keçirdiyi müşavirədə göründü. Lakin həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, PA rəhbəri sona qədər müşavirədə iştirak etməyib. Bu onun səhhətindəki problemlərlə izah edilirdi. AMEA-dakı tədbirdə iştirak Ramiz Mehdiyevin ikinci görünüşüdür. Bununla bağlı da maraqlı mülahizələr irəli sürülür. Bəlli olduğu ki, Ramiz Mehdiyev AMEA-ya böyük önəm verir. Bu qurum uzun müddət birbaşa onun nəzarətində olub. Son illər isə Paşayevlər də AMEA-ya nüfuz edə biliblər. AMEA-nın hazırki prezidenti Akif Əlizadənin məhz Paşayevlərə yaxın şəxs olduğu bildirilir.
Lakin görünür, Ramiz Mehdiyev AMEA-nı əldə vermək istəmir. Bu baxımdan hətta Ilham Əliyevin keçirdiyi müşavirədə axıra qədər otura bilməyən PA rəhbəri AMEA-nın tədbirlərinə qatılmağı vacib sayır.