Hüquqşünas Səfər Əbiyevin istintaqa cəlb edilməsinin yollarını göstərdi

1-05-2015, 08:13   
Hüquqşünas Səfər Əbiyevin istintaqa cəlb edilməsinin yollarını göstərdiMüzəffər Baxış: “İcraata xitam verilibsə, Baş Prokurorluq həmin qərarı ləğv etməli və yeni göstərişlə cinayət işinin icraatı davam etdirilməlidir”
1994-cü ilin mart ayında Gədəbəydə öldürülmüş polkovnik, batalyon komandiri Cahangir Rüstəmova sui-qəsd haqda yeni məlumatlar yayılıb. Məlum olur ki, E.Həsənlinin iddia etdiyi məqamlar vaxtilə Milli Təhlükəsizlik Nazirliyində araşdırılıb.

1996-cı ildə baş tutan araşdırmaların nəticəsi haqda məlumat yoxdur. Bilinən odur ki, həmin dövrdə müdafiə naziri olan Səfər Əbiyevin adı istintaqda çəkilib. Cahangir Rüstəmovun silahlanma üzrə müavini olmuş mayor Dilqəm Əliyevdən Səfər Əbiyevin bu işdə rolu haqda ifadə istənilib.

C.Rüstəmovun oğlu Faiq Rüstəmov “Yeni Müsavat”a müsahibəsində işdə Səfər Əbiyevdən şübhələndiyini dilə gətirib.

Belə bir halda, 21 il əvvəl baş tutan qanlı olayla bağlı istintaq yenilənə bilərmi?
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, istintaq yenilənməli, məsələ araşdırılmalıdır: “Azərbaycanda belə hallar adiləşib. Bariz nümunə Hacı Məmmədovun törətdikləri idi. İnsanları qətlə yetirirdilər, maşına qoyub ”Qurd qapısı"nda dağdan aşağı buraxırdılar. Sonra da bunu yol-nəqliyyat hadisəsi kimi qeydə alıb işi bağlayırdılar. Ekspertlər də ölümün qəza nəticəsində əmələ gələn travmalardan baş verməsi haqda rəy verirdilər.

Cahangir Rüstəmovun işi ilə yanaşı, ölkədə çoxsaylı belə işlər var. Vəzifəli şəxslərin ölümləri ilə bağlı çoxsaylı iddialar irəli sürülür. Polkovnik Rüstəmovun yaxın qohumları onun ölümü ilə bağlı çox ciddi iddialar irəli sürüblər. Onlardan başqa şəxslər də polkovnik Rüstəmovun öldürülməsinə dəlalət edən iddiaları dilə gətirilər. Hər bir halda bu işin icraatı təzələnməli, iddialar, irəli sürülən faktlar hərtərəfli, tam araşdırılmalıdır".


M.Baxış deyir ki, iddialarda adları çəkilən şəxslər istintaqa cəlb olunmalıdırlar: “Polkovnikin ölümü ilə bağlı konkret adlar çəkilir. İstintaq təzələnməli, həmin şəxslərin bu cinayətə aidiyyətləri müəyyən olunmalı, günahları varsa, onları cinayət məsuliyyətinə cəlb etməlidirlər. Onların cəzalandırılması təmin edilməlidir. Qəsdən adam öldürmə işlərində, xüsusilə ağırlaşdırıcı hallarda ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu qəbildən olan cinayətlər araşdırıla və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçsə də, həmin şəxslər barəsində iş məhkəməyə verilə bilər. Azərbaycan qanunvericiliyinə görə həmin şəxslər cəzalarını gec də olsa ala bilərlər”.

M.Baxış deyir ki, Baş Prokurorluq Cahangir Rüstəmovun ölümü ilə bağlı faktları, iddiaları araşdırmalı və müvafiq qanuni tədbirlər görməlidir: “Mediada xüsusilə ağır cinayət haqda məlumat yayılırsa, Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsinin tələblərinə görə fakt üzrə araşdırmalar başlanmalıdır. Əgər polkovnik Rüstəmovun ölümü ilə bağlı cinayət işinin icraatı dayandırılıbsa, icraata xitam verilibsə, Baş Prokurorluq həmin qərarları ləğv etməli və yeni göstərişlə cinayət işinin icraatı davam etdirilməlidir”.

M.Baxış C.Rüstəmovun yaxınlarının zərərçəkən qismində tanınmamasını işin bədbəxt hadisə kimi rəsmiləşdirildiyinə dəlalət etdiyini deyib. Vəkil iş üzrə adları keçən və artıq vəzifələri qarşısına “eks” sözü əlavə edilən Səfər Əbiyevlə Aslan Aslanovun istintaqa cəlb edilməsi məsələsinin hüquqi həlli yollarına da aydınlıq gətirdi: “Əgər istək olsa, qanunlar ən yüksək vəzifədə olan şəxs və ya şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmalarına imkan verir. Məsələn, deputatın həbsi üçün Milli Məclisin razılığı olmalıdır.

Nazirlərin həbsi üçün prezidentin razılığı alınır. Yəni kifayət qədər hüquqi baza, prosedurlar var. Sadəcə, istək, qanunların dəqiq və dürüst tətbiqi lazımdır. Əfsus ki, qanunların dəqiq və dürüst tətbiqində çox ciddi problemlər var. Bu problemlər əksər vaxtlarda cinayət törədənlərin vəzifəsindən, hansı siyasi klanda təmsil olunmasından, külli miqdarda pul müqabilində qanunların düzgün tətbiq olunmamasından qaynaqlanır. Əgər Rüstəmovun ölümündə adları çəkilən şəxslərin əlləri varsa, onlar gec-tez cəzalarını alacaqlar. Bizim dinimiz, qanunlarımız, milli adət-ənənələrimiz qəsdən adam öldürmə cinayətinə mənfi münasibət bəsləyir. Bu baxımdan həmin adamların etdikləri əməllərə görə gec də olsa, cavab verəcəklərini düşünürəm”.

Yada salaq ki, C.Rüstəmovun oğlu Faiq Rüstəmov, Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov da bu iddialarla bağlı “Yeni Müsavat”a müsahibə verərək, alay komandirinə sui-qəsd edildiyini bildiriblər. Polkovnikin oğlu Əbiyevdən şübhələndiyini dilə gətirib. Sitat: “Atama sui-qəsdin üstündən 21 il ötüb, bizi zərərçəkən kimi tanıyıb cinayət işi ilə tanış etməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfər Əbiyevdir. Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüblər. Mən buna əminəm”.



Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov isə polkovnikin bildiklərini açıqlamaması üçün öldürüldüyünü demişdi: “Cahangir Rüstəmov yanına gəlib ”qoşunları geri çək, əvəzində nə istəsən verək" deyən adamları tanıdığını demişdi, həmin sözdən sonra onu məhv etdilər".

C.Rüstəmovun komandanı olduğu alayın bölüklərindən birinin komandiri olmuş Faiq Mahmudov da oxşar fikirlər səsləndirib. Sitat: “Cahangir Rüstəmovun korpus komandiri təyin olunması söhbəti çıxandan sonra o dövrdə briqada komandiri olan Səfər Əbiyevlə münasibətləri korlanmışdı. İcra başçısı Aslan Aslanov həmin dövrlər qərargaha gedib-gəlirdi. Cahangir Rüstəmova sui-qəsddən sonra hamı bu işin arxasında Səfər Əbiyevin olduğunu deyirdi”.

Partlayışdan 3 gün əvvəl - 1994-cü il martın 25-də C.Rüstəmova müvəqqəti sürücü təyin olunmuş Saleh Əliyev də polkovnikin Aslan Aslanovla münasibətlərinin yaxşı olmadığını bəyan edib: “Cahangir Rüstəmov Səfər Əbiyevə əvvəl korpus komandiri, sonradan isə müdafiə naziri, Aslan Aslanova icra başçısı kimi münasibət göstərirdi. Hər ikisi ilə vəzifə müstəvisində münasibət saxlayırdı. Aslan Aslanov onun işinə müdaxilə etmək istəyəndə, Cahangir müəllim dərhal etirazını bildirirdi. Deyirdi ki, hər kəs öz bildiyi işlə məşğul olmalıdır! Cahangir Rüstəmov öz işini bilən insan idi”.

E.HÜSEYNOVhttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.