Putinin Bakıdan intiqamı: 500 milyonluq müqavilə pozulur

2-05-2015, 08:16   
Putinin Bakıdan intiqamı: 500 milyonluq müqavilə pozulur
Kreml “sol” əli ilə elə bil oyun qurdu ki... ; Kreml Avropa Birliyinin ləngiməsindən istifadə edərək Azərbaycanı ciddi bir strateji qaz kartından məhrum edir; Yunanıstanın solçu hökuməti DESFA şirkətinin səhmlərinin SOCAR-a satılması barədə müqaviləni geri oxuyur...
Azərbaycan hakimiyyətinə Qərbin siyasi basqıları - xüsusilə məhkəmələrin QHT təmsilçilərinə ağır cəza verməsinə qarşı bəyanatlarının artdığı bir vaxtda Rusiya daha irəli gedərək rəsmi Bakıya qarşı çox hiyləgər planını işə salıb.

Məlum olub ki, Kremllə son aylar ciddi anlaşma içərisində olan Yunanıstan hökuməti ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin SOCAR-a satışına dair 2013-cü ildə bağlanmış müqaviləni pozmağa qərar verib. SOCAR tərəfindən DESFA-nın səhmlərinin üçdə ikisinin 500 milyon dollara alınmasına dair müqaviləyə bir neçə aydır ki, Avropa Komissiyasının antiinhisar komitəsində ləngidilirdi və Azərbaycan tərəfi bununla bağlı bir neçə dəfə etirazını bildirib. Bəzi müşahidəçilər bunu Avropa Birliyinin Azərbaycana qarşı sanksiya təhdidi kimi qiymətləndirirdi. İddia edilirdi ki, bu, “Şərq Tərəfdaşlıq” Proqramının assosiativ sazişini imzalamadığı üçün Avropa Birliyinin rəsmi Bakıya “yumşaq sanksiyasıdır”.

Son olaraq mart ayının 23-də müqavilə ilə bağlı son qərarın verilməsi gözlənilirdi, amma bu da baş vermədi. Avropa Komissiyası “fikirləşərkən” isə Rusiya Yunanıstanın solçu hakimiyyəti vasitəsilə bu müqaviləni ümumiyyətlə pozmaq niyyətini ortaya qoyub. Məlum olduğu kimi, Yunanıstanda radikal solçu “Syriza” Partiyasının rəhbərlik etdiyi yeni kabinet yanvar ayında işə başladıqdan sonra baş nazir Tsipras Avropa Birliyi liderlərinin iradəsinə zidd olaraq Moskvaya səfər edərək Vladimir Putinlə görüşdü. Tsipras maddi çətinlik çəkən Yunanıstana Putindən kredit, həmçinin Rusiyanın Avropa Birliyi ölkələrinə tətbiq etdiyi sanksiyanın Afina üçün götürülməsini istəyirdi. Çünki kənd təsərrüfatı ölkəsi olan Yunanıstan bu sanksiyadan ciddi zərər görür. Tsipras eyni zamanda, qaz tədarükündə Afinaya endirim edilməsini də arzulayırdı. Hələ o vaxt belə ehtimallar vardı ki, Putin bu “parçalanmadan” Avropa Birliyi ölkələrinə qarşı istifadə edəcək. Amma necə?



Görüşlərlə bağlı xəbərlərdə bildirilirdi ki, Rusiya prezidenti Avropa Birliyi və Azərbaycana bir neçə ay əvvəlki məğlubiyyətinin əvəzini çıxmaq üçün baş nazirdən “Qazprom” şirkətinin Yunanıstanın əsas təbii qaz tədarükçüsü olan “DEPA” şirkətini almaq təklifinə yenidən baxılmasını şərt kimi qoyub! Amma təəssüf ki, nə rəsmi Bakı, nə Brüssel Putinin bu istəyinə qarşı hərəkətə keçmədi, bəlkə də ciddiyə almadı. Putin üçün isə bu, prinsipial məsələ idi və bəlkə də Avropadan çox Azərbaycana gözdağı vermək üçün tarixi fürsət idi. Çünki Yunanıstan DESFA-nın özəlləşdirməyə çıxarılmasından sonra bu şirkətlər uğrunda SOCAR-la bərabər “Qazprom” şirkəti arasında kəskin rəqabət getdi. Azərbaycan bu rəqabətdə Rusiyanı qıcıqlandırmamaq üçün o qədərdə maraqlı deyildi, amma Avropa Birliyi Yunanıstanın o vaxtkı hökumətinə DESFA-nın məhz SOCAR-a verilməsi üçün ciddi təzyiq edirdi. “Qazprom” nəticəni bildiyindən son anda tenderdən çəkildi və oyundan kənarda qaldı. Bu məğlubiyyət isə Putini şübhəsiz ki, bərk sarsıtmışdı. Əlbəttə, bu müqavilənin maliyyəti nəhəng şirkətlər üçün qəpik-quruş olsa da, aydındır ki, Rusiya bu cür strateji bir planın əlindən çıxması ilə barışmayacaqdı.



Yunanıstan Avropa İttifaqının üzvü olduğuna görə bu sövdələşmə ancaq Avropa Komissiyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə biləcəyindən, Rusiya bu ləngimədən özü üçün ciddi vaxt qazandı. Avropa Birliyindən maliyyə və borc məsələlərinə görə küsən Yunanıstanın baş nazirinin Putinin qapısına gəlməsindən də istifadə edərək Kreml Azərbaycanı ciddi bir strateji qaz kartından məhrum etdi.



Qeyd edək ki, SOCAR Yunanıstanın DESFA şirkətinin səhmlərinin 2/3 hissəsinin 500 milyon dollara alınmasına dair razılaşma 2013-cü ilin iyununda əldə edib. Razılaşmanın rəsmiləşdirilməsi bir neçə dəfə təxirə düşüb. Nəhayət, 2014 dekabrın 22-də Afinada Azərbaycan Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Əmlakını Özəlləşdirmə Fondu (HRADF) arasında bu ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA-nın səhmlərinin 65 faizinin alınmasına dair müqavilə bağlanıb.

Avropanın Rusiyanın qaz asılılığından qurtarmaq üçün yeganə alternativ kimi Azərbaycanı görür. Amma Avropa Birliyi siyasi məqsədlər üçün neçə aydır ləngitdiyi müqavilə faktiki Azərbaycanın və Avropa Birliyinin əlindən çıxır. Avropa Birliyinin bu ləngiməsinin nəticəsi olaraq ortaya çıxan vəziyyət Azərbaycanın məşhur bir atalar misalı yada salır: “Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi...”

Xəbər xidməti
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.