Əliyev rejiminin ABŞ siyasətində kəskin ziddiyyət
Azərbaycan hakimiyyətinin anti-ABŞ kampaniyası səngimək bilmir. Iqtidaryönlü mediada ABŞ-ın Azərbaycanda “dövlət çevrilişi planları” barədə silsilə məqalələrin ardı-arası kəsilmir.
“Azərbaycan”dan ABŞ-a ittihamlar
Dünən də rəsmi dövlət qəzeti olan “Azərbaycan”da bu nəşrin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun imzası ilə ABŞ-ın ünvanına kəskin ittihamlarla dolu məqalə dərc olunub. “Antiazərbaycançı şəbəkə: tanış ssenari, tanış üslub” başlıqlı məqalədə deyilir ki, ABŞ 90-cı illəri geri qaytarmaq istəyir. “ABŞ-da və Avropada yaşayanlardan başqa kimsə xoşbəxt olmalı deyil! Həqiqi demokratiya yalnız ABŞ və Avropada mövcuddur! ABŞ və Avropanın dövlət adamları tərtəmizdir, dünyanın qalan yerlərində yaşayanlar isə çirkə bulaşıb! Hazırda dünyada hökm sürən, əməli olaraq beynəlxalq hüququ iflic vəziyyətinə salan ikili standartları yaradanlar və onun o üzündən bu biri tərəfinə baxanlar yerdə qalanları belə təsəvvür edir və görmək istəyirlər...
...Dava həm də “yağlı tikə” davasıdır! Zəngin təbii sərvətlər, xüsusilə enerci daşıyıcıları dünyanın harasında çıxarılmasına və hansı dövlətin sərəncamında olmasına baxmayaraq faydasını və xeyrini ABŞ, Avropa Ittifaqı görməlidir! Öz xalqının və dövlətinin maraqlarını güdənləri, bu prinsiplərə tabe olmayan dövlətləri isə “ərəb baharları” və “rəngli inqilablar” gözləyir!"
Məqalədə daha sonra Əfqanıstan hadisələri, Yaxın Şərq və keçmiş SSRI ölkələrindəki inqilablar yada salınır.
Bəxtiyar Sadıqov bir neçə gün əvvəl iqtidaryönlü mediada yayımlanan “çevriliş araşdırması”na istinad edərək ABŞ dövlət katibi Con Kerrinin
Azərbaycanda çevriliş planı hazırlamaqda da ittiham edir.
Deputat-baş redaktoru daha sonra yazır: “Hazırda ABŞ-ın nəzarətində olan KIV-lərdə və internet resurslarında Azərbaycana qarşı geniş cəbhə açılıb. Ölkəmizdə insan hüquqları, mətbuat və söz azadlığı, korrupsiya və s. ilə bağlı məsələlər süni və qərəzli şəkildə şişirdilir, birinci Avropa Oyunlarını ”boykot" çağırışı edilir".
Bundan başqa ayrı-ayrı deputatlar, hakimiyyətə yaxın QHT rəhbərləri də anti-ABŞ kampaniyasında fəal iştirak edir.
Siyavuş Novruzovdan qəribə açıqlamalar
Bu arada YAP-çı deputat Siyavuş Novruzov “a24.az”a müsahibəsində aprelin 30-da ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə hakim partiyanın qərargahında keçirilən görüş və ABŞ-Azərbaycan münasibətləri barədə maraqlı açıqlamalar verib. Siyavuş Novruzov bildirib ki, görüşdə Con Kerri ilə bağlı məsələyə toxunulmayıb: “Görüşdə bu məsələyə toxunmadıq. ABŞ-ın özündə də bəzən Konqresdə, Senatda və yaxud qeyri-hökumət təşkilatı, keçmiş səfir bir bəyanat verir. Amma biz bunu ABŞ dövlətinin bəyanatı hesab etmirik. Baxmayaraq ki, Azərbaycanda çoxları çalışır ki, bunu ABŞ-Azərbaycan münasibətlərinin korlanması kimi qələmə versin. Təbii ki, belə qüvvələr var. Hesab edirik ki, hər hansı qeyri-hökumət təşkilatı və yaxud da erməni lobbisi tərəfindən maliyyələşən ayrı-ayrı qurumların verdiyi bəyanat ABŞ dövlətinin adından deyil”.
Məntiqlə Robert Sekuta ilə bu məsələ də müzakirə olunmalı idi. Yaxud səfir baş verənlərlə bağlı mövqeyini açıqlamalı idi. Con Kerri hansısa QHT-nin rəhbəri, keçmiş səfir, yaxud koqressmen deyil. Bu şəxs ABŞ-ın dövlət katibidir və Azərbaycan hakimiyyəti onu dövlət çevrilişi hazırlamaqda ittiham edir. Bu ittiham Con Kerrinin vəzifəsi qədər ciddidir. Ona görə də tərəflərin bu məsələnin üstündən sukutla keçməsi qəribə görünür.
Siyavuş Novruzov daha sonra deyib: “Azərbaycan mətbuatında da ayrı-ayrı deputatlar, siyasətçilər, yaxud mətbuat qrupu, özəl şirkətlər, təşkilatlar bəyanat verirsə, bu da Azərbaycan dövlətinin adından deyil. Azərbaycan dövləti hər zaman ABŞ-la strateji tərəfdaş olub, bundan sonra da bu tərəfdaşlığını davam etdirəcək.
Hazırda ABŞ-la münasibətlərimiz tam normaldır. Bunun yaxşı olmasını istəməyən dövlətlər var. O cümlədən, başqa dövlətlərlə də Azərbaycanın münasibətinin yaxşı olmasını istəməyən qüvvələr var. Bəzən bu qüvvələr münasibətlərin pisləşməsində rol oynayır. Azərbaycanda hansısa dövlətlərə işləyən siyasi partiyalar tərəfindən, qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif fikirlər səsləndirilir. Amma buna baxmayaraq, Azərbaycan ABŞ-la hələ antiterror əməliyyatları başlayandan birlikdədir. Azərbaycan öz hava məkanını Əfqanıstanda keçirilən əməliyyatlarla bağlı ABŞ-ın üzünə açdı. Baxmayaraq ki, bizi əhatə edən qonşu dövlətlər bundan narahat olmağa başladılar".
Bəsit oyun, yoxsa qorxaq həmlə?
Göründüyü kimi Siyavuş Novruzov ABŞ-a qarşı səsləndirilən ittihamların hakimiyyətin mövqeyi olmadığını əsaslandırmağa çalışır. Məsuliyyəti ayrı-ayrı deputatların, mətbuatın, şirkətlərin üzərinə atır. Amma Prezident Administrasiyası (PA) rəhbərinin müavini Novruz Məmmədovun iki gün əvvəlki açıqlamalarını unudur. O, Con Kerri ilə bağlı iddiaları dolayısı təsdiq etmiş, “bizi Liviyaya, Suriyaya çevirmək istəyirlər”, “ABŞ öz maraqlarını hər şeydən üstün tutur”, “bildiklərimizin hamısını sizə desək heyrətə gələrsiniz” deyə bəyan etmişdi. Novruz Məmmədov nə deputat, nə şirkət rəhbəri, nə də QHT sədridir. Ola bilər ki, Siyavuş Novruzov Novruz Məmmədovu hakimiyyət təmsilçisi hesab etməsin, amma adamın rəsmi vəzifəsi olduğu faktdır.
Siyavuş Novruzov həmçinin iddia edir ki, hansısa dövlətlər ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsini istəyir. Bununla da YAP-çı deputat faktiki olaraq anti-ABŞ kampaniyasının iştirakçılarını nəzərdə tutduğu dövlətlərin “5-ci kalonu” olması barədə rəy yaradır.
Hakimiyyətin anti-ABŞ kampaniyası apardığı bir vaxtda Siyavuş Novruzovun belə fikirlər səsləndirməsinin səbəblərinə gəlincə, ilkin ehtimal odur ki, ABŞ-a münasibətdə hakimiyyətdə fərqli mövqelər var. Bu Siyavuş Novruzovun açıqlamalarından da sezilir.
Başqa bir ehtimala görə isə hakimiyyət ABŞ-a hücumların əks-effekt verdiyini görüb geri çəkilməyi düşünür. Qeyd edək ki, ABŞ-a hücumlardan sonra Azərbaycan məmurlarına da “Maqnitski aktı”nın tətbiq olunması məsələsi gündəmə gəlib.
Ən nəhayət, hökumət sadəcə ənənəvi olaraq bəsit oyun oynayır. Bir tərəfdən ABŞ-ın demokratiya çağırışlarını cavabsız qoymaq istəməyən hakimiyyət isterik kampaniyaya start verir, digər tərəfdən qarşıdurmanın onun əleyhinə işləcəyindən ehtiyat edərək strateji tərəfdaşlıqdan danışmaqla və baş verənlərə görə məsuliyyəti məchul qüvvələrin üzərinə yıxmaqla özünü sığortalamağa çalışır.
Analitik informasiya şöbəsi