İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun müavini, “Həftənin yekunu” verilişinin aparıcısı Şaiq Məmmədovun Sumqayıtda gecə saat 2-də, 90-AF-501 dövlət nömrə nişanlı, İTV-yə məxsus olan “Honda Accord” markalı avtomobillə qəza törətməsi barədə bir neçə gün öncə Aznews.az saytı xəbər yaymışdı.
Hadisə ilə bağlı İTV-dəki mənbənin verdiyi məlumata görə, şirkətin xidməti avtomobili ilə qəza törədən Şaiq Məmmədov polislərə hədə-qorxu gələrək bildirib ki, o prezidentin tərcüməçisidir və bununla da məsuliyyətdən boyun qaçırmağa çalışıb.
Qəza Daxili İşlər Nazirliyinin yol-hərəkəti qaydalarının pozulması ilə bağlı xronikada yer almadığından rəsmi qurumlar qəza ilə bağlı heç bir açıqlama verməyiblər. Görünür, qəza törədən direktor müavini əlaqələrindən istifadə edərək , rəsmiləşmənin qarşısını alıb, izi itirməyə nail olub.
Mənbənin verdiyi daha bir məlumatda qeyd olunur ki, Şaiq Məmmədov İTV-nin bir neçə xidməti maşınını öz şəxsi məqsədləri üçün istifadə edir. Hər zaman maliyyə məhdudluğundan şikayətlənən bir şirkətin imkanları o qədərmi yüksəkdir ki, direktor müavini şirkətin avtomobillərini şəxsi məqsədlər üçün istifadə etsin?
Digər bir məlumatda qəza zamanı Şaiq Məmmədovun içkili vəziyyətdə olduğu bildirilib. Həmin vaxt onunla birgə maşında İTV departamentinin xanım rəhbərlərindən biri olub.
Qəzaya düşən maşınının isə harada saxlandığı gizlədilir.
Mövzu ilə bağlı Şaiq Məmmədovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.