Nəqliyyat naziri ölkədə etirazın artmasına dolayısı ilə köməklik göstərir
Nəqliyyat naziri Ziya Məmmədovun başının qalmaqalda olduğu artıq məlumdur. FHN şefi Kəmaləddin Heydərovla üz-üzə gəlmiş naziri çətin duruma salan isə özü və yaxınlarıdır.
Qardaşı uşaqlarının "avtoşluq" macəraları, jurnalistin döyülməsində onların adının hallanması, oğlu ilə bağlı ortaya çıxan müxtəlif məzmunlu xəbərlər və rəhbərlik etdiyi qurumun işçilərinin özbaşınalıqları bunların əyani sübutlarıdır. Amma Məmmədovun başına bəla aça biləcək ən başlıca amil tamam başqadır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat naziri Ziya Məmmədov özü də bilmədən ölkədə narazılığı artıran ən əsas məmurlardan birinə çevrilib. İndiki həssas məqamda, xüsusən də hakimiyyət üçün İsmayıllı və Quba təcrübələri ortadaykən bir nazirin dolayı yollarla cəmiyyətdə yeni olaylar yaratmağa yardımçı olması, elə onun təmsil olunduğu iqtidar üçün təhlükə anlamına gəlir.
Qeyd edək ki, nəqliyyat müfəttişlərinin mütəmadi olaraq problem çıxarması, taksi sürücülərinin günün günorta çağı hamının gözü qarşısında döyülmələri, maşınlarının qəsb edilmələri sıradan hal kimi qəbul edilə bilməz. Son iki ildir həmin müfəttişlərin hərəkətlərindən dolayı ölkənin ən ucqarında belə nazirin işini bacarmaması və qoçu dəstələri saxlaması təsəvvürü yaranıb. Üstəlik, bu hadisələr insanlarda etiraz hissinin güclənməsini şərtləndirən başlıca amillərdən biri sayılır.
Əslində, birbaşa olmasa da, dolayısı ilə Ziya Məmmədovun müxalifətə yardımçı olduğu istisna deyil. Çünki çoxsaylı insan kütləsinin qarşısında nəqliyyat müfəttişi əgər hansısa vətəndaşı döyürsə, maşınını əlindən alırsa, bu artıq ətrafdakı insanlarda hakimiyyətə və onun başında duranlara qarşı mənfi rəyin yaranmasına gətirib çıxarır. Bir qədər də ətraflı izahat versək, belə anlaşılar ki, Nəqliyyat Nazirliyinin işçilərinin hərəkətləri hökumətə zərrə qədər də olsa, inamı olan şəxslərin onlardan üz döndərməsinə gətirib çıxarmaqdadır.
Cəmiyyətdə hakimiyyətə qarşı etiraz ruhunu gücləndirən bir başqa amil isə taksi sürücüləri ilə bağlı görülən tədbirlərdir. "London taksi"ləri "əməliyyatı" ilə şəxsi maşınları ilə taksi sürücülüyü edib evinə çətinliklə çörək aparan vətəndaş getdikcə bu imkanlardan məhrum olur. Hələ bir xeyli əvvəl mindən artıq taksi sürücünün Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirməsi bu prosesi bir qədər səngitdi. Amma təhlükə hələ də qalır və zaman içində bunun şiddətlənə bilməsi mümkündür. Belə olan bir vəziyyətdə Nəqliyyat Nazirliyinin taksi sürücüləri ilə bağlı tətbiq etdikləri ən yeni qaydalar səbr kasasının daşmasına gətirib çıxaracaq.
Düzdür, qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olmaq, taksi sürücüsünün vahid formada işləməsi gözəl bir plandır. Amma bu qanunun yanlış tətbiqi risqi də var ki, bütün bu addımlar nəqliyyat müfəttişlərinin vəhşiliklərinə son qoyacaqlarına dəlalət eləmir. O da dəqiqdir ki, bu proses evinə bir tikə çörək aparan insanların bir çoxunu sıxıntılı duruma salacaq. Və "ac qılınca çapar" atalar deyimini yada salaraq, həmin çörəksiz qalmış şəxslərin yeni bir üsyan başlada bilməsi isə dəqiqdir.
Ziya Məmmədovun cəmiyyətdə etiraz ruhunu artırmağa göstərdiyi bir başqa yardım da, onun yaxınlarının, xüsusən də ən yaxınlarının özbaşınalığıdır. Aynar Məmmədovun "avtoşluq" etməsinin görüntüləri ortaya çıxdıqda təkzib verilsə də, bu gün həmin müzakirələr davam edir. Üstəlik, "Yeni Müsavat"ın əməkdaşının məhz nazirin qardaşı oğlunun sifarişi əsasında döyülməsi kimi qalmaqallı iddia da gündəmdədir ki, bütün bunlar nazirin konkret olaraq əleyhinə işləyir. Aydın məsələdir ki, bunca hadisələr cəmiyyətdə mənfi rəy yaratmaqla yanaşı, yanlış təsəvvürlərin formalaşması üçün də təkan verir.
Dəbdəbəli həyat tərzi, bəzi yerlərdə əndazələrin aşılması halları, böyük bizneslər, imkansız insanların ayaq altına salınması kimi dəhşətli durumlar isə cəmiyyətdə istər-istəməz mənfi tendensiyaların əsasını qoyur. Əgər diqqət edilərsə, son dövrlər ölkədə baş verən əksər neqativ halların əsas günahkarları sırasında Ziya Məmmədovun adı ən başlarda çəkilir. Halbuki bir xeyli əvvəl nəqliyyat nazirinin adı ümumiyyətlə, bu cür işlərdə hallanmırdı. Görünən odur ki, nazir mövqelərini kifayət qədər zəiflətməklə yanaşı, həm də özü haqqında yaratdığı mənfi imiclə mənsub olduğu hakim komandaya da zərər verməyə başlayıb.
Dəqiq məsələdir ki, cəmiyyətdə narazılıq və hakimiyyətə qarşı inamsızlığın formalaşması həmin narazıların ya müxalifətə qoşulmasına gətirib çıxarır, ya da ayrıca bir prosesin əsasını qoyur. İndiki həssas məqamda belə bir vəziyyətin yaranmasını isə şübhəsiz hakimiyyət qəti istəmir. Bu narazılığı formalaşdıran məmurun da cəzalandırılması istisna deyil. Çünki bundan əvvəlki olaylarda da hansısa nazirlərin işdən çıxarıldığı və ya həbslə cəzalandırıldığı praktikası ortalıqdadır. Belə olan təqdirdə, nəqliyyat naziri Ziya Məmmədovun cəmiyyəti etiraza təhrik edən addımlar atmasının da bağışlanmayacağı mütləqdir. Amma bunun nə zaman və hansı şəkildə baş verəcəyini demək isə hələlik mümkün deyil.
Biz Ziya Məmmədovun bu hərəkətlərinin məqsədli şəkildə olub, olmadığını deyə bilmərik. Amma onu da güman etmək olmur ki, bu işdə nazirin şəxsi maraqları ilə yanaşı, bəlkə də, hansısa kənar qüvvənin istəkləri rol oynaya bilər.