Göyçəlilər “ikinci deportasiya” ərəfəsində; Göygöl ərazisindəki Yeni Zod, Hacıkənd, Kamo, Mixaylovka və Azad kəndləri boşaldılır; sakinlərə süni problemlər yaradılır ki, bezib evlərini tərk etsinlər; əsas şikayət Gəncənin icra başçısı Elmar Vəliyevdəndir
Göygölün Yeni Zod kəndi məmurların işğalı altında inləyir. Gözəl təbiəti, havası olan bu kənd artıq hiss-hissə oliqarxlar, vəzifəlilər tərəfindən zəbt edilməkdədir. Kənd camaatı elə bir problemlərlə üz-üzə qoyulub ki, məcburiyyət qarşısında yurd-yuvasını tərk etməli olsunlar.
Yeni Zoddan didərgin salınan kənd əhalisinin yerini imkanlılar, vəzifəli məmurlar ələ keçirir. Buralar gözdən-könüldən uzaq olduqca gözəl, füsunkar məkandır. Dağların qoynunda yerləşən kəndlərin maqnittək məmurları cəlb etməsinin bir səbəbi də budur.
Xüsusilə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin bu “işğalda” müstəsna iştirakı var. Gəncə İH başçısı Göygölün bu cənnət məkanını zəbt edərək qeyri-rəsmi özəlləşdirib. Kənd sakinlərinin ərazilərini alan, torpaq sahələrini özününküləşdirən E.Vəliyev bu istəyinə mərhələli şəkildə müvəffəq olur.
Belə ki, sakinləri sosial, kommunal çətinliklər qarşısında qoymaqla, onları evlərindən çıxara bilir. Ötən gün bir qrup kənd sakininin dəvəti ilə Yeni Zodda olub, yuxarıda bəhs etdiyimiz məsələləri yerində araşdırdıq.
Məlum oldu ki, E.Vəliyev Yeni Zodu şəxsi rançosuna çevirib.
Narazı qalan kənd camaatı isə nə edəcəyini bilmir. Çünki onlar başlıca olaraq su problemi ilə imtahana çəkilir. Bu “sınaq”dan çıxa bilməyən əhalinin torpaqları əlindən alınaraq, malikanələr, villalar tikilməyə başlayıb.
Sakinlər rayon mərkəzindən 16 kilometr aralıda olan bu kəndin problemlərindən cana doyub. 1100 nəfər sakini olan kəndin sakinləri yol, işsizlik kimi problemləri sadalasalar da, özəlliklə suyun olmamasından şikayətlənirlər. Deyirlər ki, illərdir su üçün kəndin bir başından o biri başına gedir, yol kənarından su gətirirlər. Özü də əllərində...
Kəndin başındakı körpü yaxınlığında bulaqdan su daşıyan sakinlər əkin-biçin üçün də heç bir şəraitin olmadığını bildirirlər. Sakinlər danışırlar ki, təsərrüfat işləri görməyə imkan yoxdur. Susuz qalan Yeni Zod sakinləri məcbur qalıb torpaq sahələrini sataraq kəndi tərk edirlər. Kəndlərdəki əksər evlərin qapılarında “satılır” elanları asılıb.
Kənd camaatı bunun məqsədli şəkildə həyata keçirildiyi inancındadırlar. Deyirlər ki, məmurlar Yeni Zoda göz dikib, bu kəndin təbiətinə, şəraitinə vurğun olub, məskən salırlar. Odur ki, kənd camaatı ev-eşiyini tərk edib gedir.
Kənd sakini Rəfiqə Orucova deyir ki, su əzabı nə vaxt bitəcək, bilmirlər: “Bulaqdan su daşıyırıq. Camaat da neyləsin, su yoxdur deyə torpağını, evini satıb gedir. Əkin-biçinlə məşğul olmaq olmur. Su sarıdan çox şikayətimiz var.
Mən özüm qoca qarıyam. Gedib dərənin başından su gətirirəm. Bu yaşda belə əziyyət olar? Rövşən müəllim bizə su vermir. Kəndin başında körpü var, oradakı bulaqdan götürürük. Biz su görmürük. Amma gəlməyən suyun da pulunu alırlar. Kənd camaatı da köçür Bakıya, Gəncəyə. Susuzluğa görə həyatımız cəhənnəm olub. Biz illərdir ki, su görmürük".
R.Orucova qeyd edir ki, su verilsə camaat da köçməz: “Yeni Zod, görürsünüz, necə gözəl bir yerdir. Buranın havasını heç nəyə dəyişmərəm. İnsan burda heç xəstəlik taparmı? Bizim kənd kimi havası gözəl yer yoxdur. Ona görə də gözləri düşüb, almaq istəyirlər”.
Kənd sakini Vilayət Kazımov isə bildirir ki, Yeni Zoda daxil olan Kamo, Mixaylovka, Azad kəndlərində məmurlara su verilir. Onun sözlərinə görə, Gəncənin icra başçısı Elmar Vəliyev və başqa məmurlar bu ərazilərdə özləri üçün yeni xəritə tərtib ediblər. Bu “xəritə”də yalnız özləri üçün nəzərdə tutulan villalar, dəbdəbəli evlər tikmək planı var.
Sakinlər tələb edirlər ki, tezliklə sosial problemlər həllini tapmalıdır. Bildirirlər ki, müvafiq qurumlar camaatın dərdi ilə maraqlanmır. Bunu da bilərəkdən edirlər ki, kəndlər boşalsın, kimsə qalmasın və məmurlar öz istədiklərini həyata keçirsinlər.
Təxminən Xaçmazın keçmiş Xraxoba kəndi kimi bu yerləri də boşaldıb, ələ alırlar. Azad kəndinin sakini Vahid Bəşirov söyləyir ki, məmurların etdiyinin adı mədəni formada işğaldır: “Bizə elə zülm çəkdirirlər ki, burdan çıxıb gedək. Mən özüm Bakıya gedib-gələn adamam. Orda necə ki ”Sovetski", “Basin”də yaşayanları evdən çıxarmaq üçün gah suyunu, gah işığını kəsirdilər, biz də eyni əzabı görürük. Mən ata-baba yurdumdan niyə çıxmalıyam? Çıxım ki, bunlar gəlib otursunlar, kef çəksinlər?!"
Onu da deyək ki, bu kəndlər Göygöl rayonu ərazisindədir və Gəncə ilə sərhədi yoxdur. Amma rəsmi olaraq Gəncənin tabeçiliyindədir. Bu bölgü hələ sovet dövründə aparılıb. Amma indi şəxsi məqsədlər üçün istifadə olunur. Zod deyəndə, hər şeydən əvvəl, Göyçə mahalı, böyük ustad Ələsgər yada düşür. Zod əhalisi 1988-ci ildə bütöv halda Göygöl rayonunun ermənilərdən təmizlənmiş Azad və Kamo kəndlərində yerləşiblər. Sakinlər deyirlər ki, həyatı təzədən başlamaq, ev-eşik, həyət-baca düzəltmək, gün-güzəran qurmaq lazım idi.
Beləcə, Zodun yeni həyatı başlayıb. Ona görə də ağsaqqallar, ziyalılar belə qərara gəliblər ki, elə kəndin adını da “Yeni Zod” qoysunlar. Qoy yeni doğulan uşaqlar, gələcək nəsillər ata-babalarının hardan-hara köç etdiklərini, həm də bu adla müəyyən edə bilsinlər. İndi isə bu kəndlərdən də köçürülürlər.
“Yeni Müsavat”ın
Reportyor Qrupu
P.S. Yazıda adıçəkilən şəxslərin, həmçinin Gəncə Şəhər İH başçısı Elmar Vəliyevin mövqeyini qəzetdə çap etməyə hazırıq.http://musavat.com/