Nazirlərin pul yığımından xəbəri “yoxmuş”

6-05-2015, 09:57   
Nazirlərin pul yığımından xəbəri “yoxmuş”

Mikayıl Cabbarov və Azad Rəhimov bunu qanunsuz sayır
Tez-tez eşidirik ki, Avropa Oyunlarına görə müxtəlif dövlət idarələrində qeyri-rəsmi pul yığılır. Dəfələrlə redaksiyamıza zəng vurub, bu haqda məlumat verənlər də olub. Amma hamı qorxduğuna görə adının hallanmasını istəmir. Məsələn, bir professor bəndənizə dedi ki, Avropa Oyunlarına görə 500-600 manat pul istəyirlər və ay ərzində neçə əməliyyat edildiyinin siyahısını təqdim edirik. Xatırlayırsınızsa, “Eurovision” öncəsi də belə hallar baş verirdi və “Azadlıq” bu haqda yazdığına görə məhkəməyə verildi, külli miqdarda cərimə olundu. Amma heç kim yayılan məlumatların kökünü araşdırmaq, faktları üzə çıxarmaq cəhdi göstərmədi.
Avropa Oyunlarına görə məktəblərdə pul yığılması barədə də söhbətlər gəzir və iki nazirimiz bu haqda suala münasibət bildirib. Gənclər və Idman naziri Azad Rəhimov deyib ki, Ilk Avropa Oyunları və ya digər tədbirlərlə əlaqədar məktəblərdə pul yığılması qəbuledilməzdir və korrupsiyadır. O əlavə edib ki, bu, cinayətdir və bunu bütün mümkün üsullarla dayandırmaq lazımdır, çünki bu, Oyunların nüfuzuna xələl yetirir.
Təhsil naziri Mikayıl Cabbarov da istənilən qeyri-rəsmi pul yığmının qanunsuz olduğunu söyləyib: “Təhsil Nazirliyi tərəfindən istənilən müraciət diqqətlə araşdırılır. Bəzi hallarda belə məlumatlar yoxlanılmadan yayılır. Nazirliyin ”qaynar xətt"inə pul yığılması halları ilə bağlı müraciət daxil olmayıb. Mətbuatda yazılana görə, son zamanlar belə hal Xaçmazın kəndlərindən birində qeydə alınıb. Bununla əlaqədar müvafiq araşdırma aparılıb"- deyə Mikayıl Cabbarov bildirib.
Göründüyü kimi, nazirlər elə bəyanatlar verirlər ki, sanki pul yığımlarından xəbərsizdilər. Əgər belə hallar baş verirsə, bu hansısa müəllimin özfəaliyyəti ola bilməz. Deməli, pul yığılması haqqında xüsusi göstəriş var. Digər tərəfdən, “bizə məlumat daxil olmayıb” açıqlaması məsuliyyətdən yayınmaqdır.
Əgər pul yığılmasını həqiqətən də qanunsuzluq, cinayət hesab edirsinizsə, bununla bağlı konkret addım atmaq lazımdır. Bu halların qarşısını almaq çox asan işdir. Bu hansısa qətl hadisəsi deyil ki, cinayətkarı tapmaq üçün uzun araşdırma lazım olsun. Əgər bu hadisə Xaçmazda baş veribsə, başqa məktəblərdə də prosesin getdiyi şübhəsizdir. Məsələn, təhsil nazirliyinin əməkdaşları məktəblərdə görüş keçirib, Avropa Oyunlarına görə pul yığımının qanunsuz olduğunu söyləyə bilər. Yəni həqiqətən də bu qanunsuzluğa qarşı mübarizə aparmaq iradəsi olsa, problemi həll etmək mümkündür. Ancaq, yuxarıda qeyd etdiyimiz kimi, pul yığılması məsələsi təkcə məktəblərlə məhdudlaşmır. Müxtəlif strukturlarda çalışanlardan eşidirik ki, Avropa Oyunlarına görə pul yığılır.
Məktəblərlə bağlı məsələyə gəlincə, hər iki nazir bunun qanunsuz olduğunu, amma hər hansı fakt aşkarlanmadığını deyir. Belə bir məsələ var “Od olmasa, tüstü çıxmaz”. Yəni tüstü çıxan yerlərə gedib odu söndürmək mümkündür. Indiki halda isə Mikayıl Cabbarov məsuliyyətdən yayınmaq istəyir. Guya, pul verən və ya pul alan nazirliyə gəlib etiraf edəcək.
Hər dəfə belə olur. Neqativ halları pisləyə-pisləyə inkişaf etdirirlər.
S.Novruz
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.