Etibar Hüseynov və aparıcılıqdan deputatlığa gedən uğursuz yol
Milli Məclisdə bir deputat var. Hər kəsin yaddaşında haray-qışıqırıqla özünə diqqət çəkmək istəyən bəsit bir aparıcı kimi qalan bu şəxs. Daha sonra 15 dəqiqəlik efirdə "xariqələr yaradaraq" gündəmə "bomba" saldığını düşünən bu aparıcı IV çağırış Milli Məclisə deputat seçildi.
Deputatlığı dövründə irəli sürdüyü bütün məsələlər ətrafında da efirdə "yaratdığını" düşündüyü ajiotajı yaratmaq istəyən Etibar Hüseynov həmişə öz həmkarları tərəfindən susdurulub. Çıxışlarını əsasən "gözə girmək", "özünü gözə soxmaq" üçün, "gündəmə gəlmək", "yuxarıların diqqətini çəkmək" məqsədi üzərində quran aparıcı-deputatın parlamentdəki "aparıcılığı" elə ilk cəhdlərindən sonra boşa çıxdı. Etibar Hüseynova aydın oldu ki, Milli Məclis 15 dəqiqəlik, heç kəsin baxmadığı bir verilişin studiyası deyil.
Deputat olandan sonra illərdir əynindən çıxarmadığı dama-dama "İran koftası"ndan azad olan Etibar Hüseynov özünü dövlətin zirvələrində hiss edərək təkəbbür dənizində üzməyə başladı. Depuatlığının ilk 2 ilində parlament jurnalistləri arasında keçirilən bir sorğuda onun "ən zəhlətökən və mənasız" deputat olduğu ortaya çıxdı. Bu sorğuda hətta jurnalistlərin çoxu onun haqqında eşitmək belə istəmədiklərini bildirmişdilər.
Seçicilərinin çoxu isə indiyə qədər onun üzünü hələ də görmədiklərini deyirlər. Etibar Hüseynovun deputat seçildiyi Yasamal rayonundan indiyədək demək olar ki, bir nəfər belə onun tərəfindən qəbul olunaraq şikayəti dinlənməyib. Seçicilərinin dediyinə görə ildə bir-iki dəfə dövlət tədbirləri zamanı Yasamal rayon icra hakimiyyətinə gələn Etibar Hüseynov tədbirdən sonra arxa qapıdan qaçır ki, heç kəslə üzləşməsin.
Hətta deputatın harınlığı o həddə çatdı ki, söylədiyi bir fikir az qala ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxaracaqdı. "ANS" telekanalının efirində müharibə nəticəsində evsiz-eşiksiz qalaraq respublikanın müxtəlif şəhərlərində sığınacaq tapan məcburi köçkünlərin və qaçqınların ünvanına söylədiyi təhqiramiz və alçaldıcı ifadələr ictimaiyyətin böyük etirazı ilə qarşılandı. Daha sonra günahı efirindən təhqir yağdırdığı "ANS"-in üzərinə atmağa çalışan Etibar Hüseynova sonda kanalın rəhbərlərindən biri Mirşahin Ağayev özünün apardığı "Hesabat" proqramında gözəl bir cavab verdi:
"Pis-yaxşı deputat olubsan, ya səni ediblər, bilmirəm. Oturduğun yeri batırma də, qardaşım. Yekə kişisən, artıq bir az böyüməliydin axı. Bura uşaq baxçası deyil. Lap elə uşaq baxçası sayırsansa, onda böyüklərə qulaq as". (Mirşahin)
Deputatın ictimaiyyət tərəfindən mədəniyyətsiz, duyarsız, qudurğanlıq kimi qiymətləndirilən hərəkəti hər kəs tərəfindən qınandı və bundan sonra Etibar Hüseynov bir neçə ay qınına çəkildi. Daha sonra sosial şəbəkələrdə peyda olan "aparıcı-deputat" yazdığı səviyyəsiz statuslarla yenidən gündəmə gəlməyə çalışdı. Verdiyi boş və əslində siyasətə heç bir aidiyyatı olmayan siyasi bəyanatlarla diqqət çəkə bilməyən Hüseynov "Facebook"da özünün təbirincə desək "quş tutmağa" başladı.
Etibar Hüseynov bütün mənasız fəaliyyəti ilə tutduğu kürsüyə təsadüfən yiyələndiyini, seçicilərini aldatdığını və bu yerə layiq olmadığını sübut etdi. Artıq növbəti seçkilərdən sonra yenidən dama-dama "İran koftasını" geyinəcəyini hiss edərək ölkədəki bəzi mafioz dairələrə paylaşımları ilə onların yanında olduğu haqda mesajlar göndərməyə başlayıb. Gündəmə gəlmək üçün ümidini radikal müxalifətin mediasına bağlayıb.
Bu da bir sonun başlanğıcı deməkdir...
Sitatın sonu...
Ölkə.az