Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov son çıxışlarında düşmən cəbhəyə sərt mesajlar göndərərək, ordumuzun hər an torpaqlarımızı geri almağa hazır olduğunu bəyan edib.
“Düşmənin əməliyyat və fəaliyyət imkanlarının məhdudlaşdırılmasının birinci mərhələsi uğurla başa çatdırıldı. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın mesaj verdik. İndi isə qarşımızda daha vacib - ikinci mərhələ dayanır. Düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etmək. Biz bu vəzifənin öhdəsindən gəlməyə qadirik və qısa müddətdə buna nail olacağıq. Buna heç kim şübhə etməsin”-deyə Zakir Həsənovun düşmənə ünvanladığı sərt ifadələr ermənilər arasında təşvişlə qarşılandı.
Ermənistan rəsmiləri Zakir Həsənovun çıxışlarını qorxuya düşdüklərini gizlədə bilməyiblər. Düşmən mətbuatı generalın sözlərini şərh edərək, Azərbaycanın müharibə yolu ilə Qarabağı almağa hazırlaşdığını bildirirdi.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, Zakir Həsənov çıxışları ilə Azərbaycan ordusunun döyüşə hazır olduğunu dünyaya çatdırmaq istəyir.
Deputat hesab edir ki, nazirin dəfələrlə “müharibəyə hazırıq”, “ərazilərimizin azad olunması üçün Azərbaycan ordusu kifayət qədər güclənib” kimi bəyənatlar verməsinin arxasında real məqsədlər dayanır: “Bütün ön cəbhə boyu Azərbaycanın hərbi qüvvələri gücləndirilib və bunu düşmən üzərində hiss edir. Çox müasir texnika, texnologiya baxımından, həmçinin əsgərlərin və zabitlərin fiziki hazırlığı cəhətdən onlar kifayət qədər mükəmməl bir mərhələni keçiblər. Bu, o deməkdir ki, indiyə qədər Azərbaycanın iqtisadi, siyasi və beynəlxalq əlaqələrindəki üstünlüyü indi hərbi nəticə verməsi üçün çalışmaqdadır. Ermənilərin insani, texnika və texnologiya baxımından sayı məhduddur.
Sarkisyan müsahibəsində vurğulayıb ki, Rusiyanın Azərbaycana silah satmasında onları narahat edən təkcə o deyil ki, bölgədə balans pozulur. Ən çox onları ağrıdan erməni əsgər və zabitlərinin rus silahı ilə öldürülməsidir.
Bu, o deməkdir ki, düşmənin imkansızlıq, acizlik etirafı ən yüksək səviyyədə göstərilirsə, deməli Azərbaycanın bütün cəbhə boyu həyata keçirdiyi taktiki dəyişikliklər nəticələrini verməkdədir”.
Millət vəkili bildirib ki, bu gün Ermənistan ordusu cəbhədə ölən, təxris olunan əsgərlərin yerini doldura bilmir.
“Hətta Suriyadan gətirilmiş 12-13 min erməninin içərisindən də kimlərisə avtomatik vətən adına döyüşə qoşmaq da qeyri-realdır. Ona görə də müdafiə naziri Zakir Həsənov çox kəskin bir şəkildə ermənilərə hərbi təzyiqi artırmaqdadır. Bunlar sadəcə cavab reaksiyalarından ibarət deyil. Düşmən atdı, biz onlara reaksiyamızı göstərək kimi bir yanaşma dəyişib. Artıq konkret hədəflər var”.
Z.Oruc hesab edir ki, Azərbaycan Birinci Qarabağ savaşına öz iradəsindən kənarda qoşulmalı olub. Bundan sonra ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı separatizmə başladılar.
“Bu dəfə isə Qarabağ müharibəsi Azərbaycanın öz iradəsi altında başlamalıdır. Yəni bizim cəlb olunduğumuz savaş hər hansı bir planlaşdırılmayan nəticələr doğura bilir. Əminəm ki, Azərbaycan Silahlı Qüvvələr sistemində atılan hər bir addım dəyişikliklər, islahatlar bütövlükdə regionda hərbi şəraiti bizim xeyrimizə dəyişəcəkdir. Ermənilər də artıq bunu ciddi şəkildə dərk edirlər. Erməni əhalisinin sosial durumu belə bir çətin vəziyyətdə olduğu üçün Azərbaycan gələcəkdə bu üstünlüklərini torpaqlarının azad olunması ilə tamamlayacaq. Ona görə də müdafiə naziri Zakir Həsənovun bəyənatlarını daha əsaslı, ciddi hesab edirəm. Lakin müharibə qərarı ölkə başçısının müstəsna səlahiyyətindədir”-deyə deputat vurğulayıb.
Anar Kəlbiyev