Müxalif qüvvələr mayın 18-i paytaxtda mitinq keçirmək qərarı verib. Altı qurumun (Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və REAL Hərəkatı) adından Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət göndərilib.
Mitinq müraciətinə imzan atan Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas mayın 14-də “Media forum” saytına açıqlama verib. Onun sözlərinə görə, mayın 12-də göndərilən müraciətdə Bakı Şəhər İcra Hakimiyyətindən mitinqə Bakının Yasamal rayonun yerləşən “Məhsul” stadionunda yer ayırmaq xahiş edilib.
Əhliman Abbas deyib ki, mitinq əsasən siyasi məhbusların müdafiəsinə yönələcək: “Aksiya “Azad et” şüarı ilə keçiriləcək. Mitinqin detallarını təşkilatçılar birgə müəyyən edəcək. Müsavat Gənclər Təşkilatının mövqeyi çıxışlar zamanı daha çox gənclərə üstünlük verilməsidir”.
Xatırladaq ki, facebook sosial şəbəkəsində “Azad et” adlı səhifə yaradılıb. Səhifə vasitəsilə otuz minə yaxın insana mitinqə gəlməsi üçün dəvət göndərilib, mayın 14-nə qədər minə yaxın insan mitinqə qatılacağını bildirib.