Putin azərbaycanlı milyarderlərin qarşısını necə aldı?

14-05-2014, 19:02   

“Azərbaycanın Rusiya və İranla olan yaxşı münasibətlərini təkcə xaricdən deyil, həm də daxildən gözü götürməyən insanlar var”. Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov bildirib. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətləri pozmağa maraqlı olan adamlar var. E.İbrahimov deyib ki, Rusiya Azərbaycanın yaxın və dost qonşusudur: “Prezident Vladimir Putin başda olmaqla, Rusiya bizə hörmətdən başqa heç nə etmir. Kim deyir ki, Rusiya bizim torpaqlarımızı işğal edib? Bizim torpaqlarımızı işğal edən və satan keçmiş Sovet İttifaqı hökuməti, o cümlədən Kommunist Partiyası olub. Bunun da başında Qorbaçov dayanıb”. Komitə sədri bəyan edib ki, Vladimir Putin prezident olduğu dövrlərdə Azərbaycanla münasibətlər hər zaman yaxşı olub: “Vladimir Putin o vaxtı ulu öndər Heydər Əliyev vəfat edəndə onun dəfn mərasiminə və Prezident İlham Əliyev dövlət başçısı seçilən zaman Azərbaycana gəlmişdi. Hər kəsin yadına gələr, ötən il Rusiyadakı azərbaycanlı milyarderlər Azərbaycanda keçirilən prezident seçkilərinə təsir etmək istəyirdi. Ancaq onların qarşısını Vladimir Putin aldı. İndi kim deyə bilər ki, Rusiya rəhbəri Azərbaycan dövlətini istəmir? Kimsə Jirnovskinin bəyanatlarına görə nə isə nəticə çıxarmamalıdır. Vəziyyətə real gözlə baxmaq lazımdır. Reallıq da ondan ibarətdir ki, bu gün Rusiyanın Azərbaycana qarşı hər hansı pis niyyəti yoxdur. Mən bunu Həştərxana səfərimiz zamanı gözlərimlə gördüm. Orada bizə olan münasibətlərdə gördüm. Mən Putindən Azərbaycana qarşı ancaq yaxşılıq görmüşəm. Əgər Putin Azərbaycan dövlətini istəməsəydi, o zaman o vaxtı Bakıya gəlməzdi və imkan verərdi ki, azərbaycanlı milyarderlər Azərbaycanda keçirilən prezident seçkilərinə əngəl törətsin və sairə. Ancaq görürsünüz ki, bütün bunların qarşısını Vladimir Putin aldı. İndi biz necə deyə bilərik ki, Putinin Azərbaycan hakimiyyəti ilə münasibətləri pisdir? Mən Putinə çox təşəkkür edirəm ki, Azərbaycanda sabitliyin və əmin-amanlığın qorunmasına öz dəstəyini əsirgəmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.