Şuşanın işğalından daha bir il keçdi

8-05-2015, 09:02   
Şuşanın işğalından daha bir il keçdi






23 ildir erməni işğalında olan qədim Azərbaycan şəhərinin azad olunması yubandıqca ermənilərin məskunlaşdırılması genişlənir
Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən qədim Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür. 1992-ci il mayın 8-də Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.


Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz tarixi ata-baba yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı çoxlu sayda tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar, bu prosesi hələ də həyata keçirməkdədirlər. Qədim Şuşa Məscidinin üzərindəki Azərbaycan milli memarlıq ornomentlərinin silinərək erməniləşdirilməsinin həyata keçirildiyi barədə bugünlərdə xəbərlər yayılıb.

Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri içərisində ən sıx süni məskunlaşdırma da məhz Şuşada tətbiq edilməkdədir. Şuşanın azad olunması gecikdikcə, işğalçılar bu qədim Azərbaycan şəhərində erməni ailələrinin məskunlaşdırılmasını davam etdirirlər. Yayılan informasiyalara görə, artıq Şuşada 5 mindən artıq erməni məskunlaşdırılıb. Proses davam etdirilir.

Bu qədim və strateji əhəmiyyətli şəhərimizin ələ keçirilməsi ilə bağlı mübahisələr isə hələ də davam edir. Şuşanın işğalı Rusiya ordusunun bilavasitə dəstəyi ilə reallaşması, Azərbaycanın ozamankı rəhbərliyinin məsuliyyətsizliyi, silahlı qüvvələr daxilində pərakəndəlik, müdafiə işinin düzgün qurulmaması və s.lə əlaqələndirilir.



Azərbaycan Xalq Cəbhəsinin liderlərindən biri, AXC hakimiyyəti dövründə daxili işlər naziri postunu tutmuş İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında Şuşanın işğalında AXC-nin günahlandırılmasını absurd adlandırıb. O zaman müdafiə nazirinin Rəhim Qazıyev olduğunu, eyni zamanda AXC-nin silahlı birləşmələrinin olmadığını qeyd edən sabiq nazirin fikrincə, Şuşanın işğalına səbəb olan bir neçə xüsusi səbəblər olub: “Xalq Cəbhəsi həmin vaxt hakimiyyətdə deyildi, AXC-yə məxsus silahlı birləşmələr də yox idi. O zaman biz Azərbaycanın milli-azadlıq hərəkatında iştirak edirdik. Şuşanın işğalına yol Ramiz Qəmbərov şəhid olandan sonra başladı.

Ramiz Qəmbərov AXC-nin yerli şöbəsinin sədri idi, eyni zamanda Şuşanın müdafiəsinə rəhbərlik edirdi. Onun şəhid olmasından sonra Şuşanın müdafiəsi xeyli zəiflədi, pərakəndəlik yarandı. Şuşada iki əsas yüksəklik vardı. Birinci Böyük Kirs və Kiçik Kirs dağları, ikincisi isə Daşaltı yüksəkliyi idi. Bizimkilər Kirs yüksəkliyini itirəndən sonra Şuşanın müdafiəsi xeyli zəiflədi. Yalnız şuşalıların qəhrəmancasına müqaviməti nəticəsində Şuşa bir müddət davam gətirə bildi.

Bizim o zaman Müdafiə Nazirliyinə, Şuşa birləşməsinə təsirimiz yox idi. Amma Şuşa və digər bölgələrin müdafiəsi üçün burdan çoxlu sayda silah və sursat alaraq rəhmətlik Tahir Məmmədov, Qabil Məmmədov, Mehdi Mehdiyev vasitəsilə Şuşaya, Laçına göndərirdik". İ.Həmidov deyir ki, yerli özünümüdafiə qüvvələri arasında xeyli dərəcədə pərakəndəlik, eyni zamanda həmin vaxt dövlətə rəhbərlik edən şəxsin siyasi nüfuzunun az olması işğalı şərtləndirən amillərdən olub.

Bu gün Şuşa Şəhər İcra Hakimiyyəti və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, ictimaiyyət nümayəndələri Şuşanın işğalının 23-cü ildönümü münasibətilə Şəhidlər Xiyabanında anım mərasimi keçirəcək.

Etibar SEYİDAĞA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.