Tacikistana qayıdan İŞİD-çi azərbaycanlıların edamından danışdı
Tacikistanda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Suriyadakı dəstələrində döyüşən keçmiş İŞİD yaraqlısı açıq şəkildə ekstremistlərə qoşulduğuna görə peşmançılığını ifadə edib.
"Azadlıq” radiosu xəbər verir ki, Tacikistanın Xucand şəhərindən olan Fərrux Şərifov mayın 7-də Düşənbədə yüksək səviyyəli auditoriya qarşısında çıxış edib.
O, Suriyada gördüklərindən danışıb və oradakı vəhşilik və qəddarlıqdan dəhşətə gəldiyini bildirib.
F.Şərifov İŞİD tərəfindən çoxlu sayda insanların sübutsuz ittihamlar əsasında, istintaq və məhkəmə olmadan başları kəsilərək edam edildiyini xəbər verib. O, xüsusilə təhqir və ya kürdlərin xeyrinə casusluqda ittiham olunan bir neçə azərbaycanlı İŞİD-çinin edamını təsvir edib.
Tacikistan hökumətinin qiymətləndirməsinə görə, hazırda İŞİD-in İraq və Suriyadakı dəstələrində 300-ə yaxın yerli qadın və kişi döyüşür.