Haqsızlıqla üzləşən əlil aidiyyatı qurumlardan kömək istəyir; məhkəmənin verdiyi qərar icra olunmur
“Belə davam edərsə, həyatıma qəsd edəcəm”
Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsi ev 7/23 ünvanında yaşayan Qarabağ əlili Rüstəmov Vahid Əkbər oğlu yaşadığı ünvandan zorla çıxarılır. Məhkəmə evin Qarabağ əlilinə məxsus olmasına dair qərar verməsinə baxmayaraq, icraçılar evin Əliyeva Əziz Həsən qızına məxsus olduğunu bildirirlər. Azyaşlı uşaqları olan Qarabağ əlilinin evindən çıxmasını tələb edirlər.
Bu gün Qarabağ veteranın evinə gələn Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşları ondan qısa zamanda evi tərk etməyi tələb ediblər. Əks halda zorla evdən çıxaracaqlarını bildiriblər.
10 fevral 2014-cü ildə Nərimanov Rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə iddiaçı Əliyeva Əziz Həsən qızının məhkəməyə etdiyi şikayətə baxılıb. Çıxarılan qərarda Qarabağ əlilinin son illərdə ödədiyi su, işıq, qaz çekləri mənzilin ona məxsus olmasına sübut kimi göstərilib. Onu da qeyd edək ki, həmin ərazidə yerləşən evlərin qanuni sənədi yoxdur. Hətta JEK belə evin əlilə məxsus olduğunu təsdiq edən sənəd verib.
Vahid Rüstəmov sona qədər qanunu evindən çıxmayacağını və ona güc tətbiq olunarsa, həyatına qəsd edəcəyini bildirdi: “5 il Qarabağ döyüşlərində canımı qoymuşam. Şuşa, Tovuz uğrunda gedən döyüşlərdə fəal iştirak etmişəm. Təəssüf ki, indi buna qiymət verilən dövrdə yaşamıram. Hazırda səhhətimlə bağlı işləyə bilmirəm. Yalnız dövlətin ayırdığı təqaüdlə güclə ailəmi dolandırıram. Məni evimdən zorla çıxarıb, küçəyə atacaqları ilə hədələyirlər. Belə ölkə olar? Artıq bezmişəm. Açıq-aşkar icra şöbəsinin rəis müavini Yavər Allahverdiyev deyir ki, “gedin istədiyiniz yerə şikayət edin, mən şəxsən Əliyeva Əzizi sizin evə köçürdəcəm”. Heç bir əsas yoxdur. Hiss olunur ki, icraçılara rüşvət veriblər. Əliyeva Əzizin geniş imkanları var. Özünün neçə yerdə şəxsi villası, şadlıq sarayları var. Artıq evimizin bizə məxsus olmasını təsdiq edən hakimə, YEK müdirinə də təsir etməyə başlayıblar. Əlim hər yerdən üzülüb. Belə davam edərsə, həyatıma qəsd edəcəm. Aidiyyatı dövlət qurumlarından kömək istəyirəm”.
Qarabağ əlinin həyat yoldaşı Rüstəmova Ruhiyyə yaşadıqları faciəli həyatdan danışdı: “4 ildir ki, yeməyə çörək tapmırıq. Yoldaşım və uşağım xəstədir. Onların xəstəliyini də özüm müalicə etdirirəm. Evin həm kişisi, həm də arvadıyam. Çünki yoldaşımın iş qabiliyyəti yoxdur. Elə olub ki, günlərlə ac qalmışıq. Qonşular olmasa, acından ölərdik. Uşağım xəstədir, bir gözü görmür. Bunların axırı nə olacaq? Biz də axı insanıq? Ərim vətən uğrunda əlil olub. Günah iş görüb ki, bizi evimizdən zorla çıxarırlar? Tutaq ki, çıxardılar. Bəs mən xəstə uşağa, ərimə harda baxacam? Özüm yetimxanada böyümüşəm. Bir kimsəm də yoxdur”.
Ruhiyyə xanım dövlət tərəfindən edilən köməyin az olmasından şikayətləndi: “Dövlətimiz ərimə təqaüd ayırıb. Məlumdur ki, o, təqaüd 1 ayda dolanmağımıza yetmir. Hər 6 aydan bir yoldaşım dövlət tərəfindən müalicə olunmaq üçün xaricə göndərilir. Qalan vaxtlarda nə dava-dərman lazım olursa, özüm hamısını alıram. Tez-tez ayaqları tutulur. Onu da deyim ki, yoldaşımın qaraciyər xəstəliyi də var. Bilmirsən bu xəstəliklərlə mübarizə aparasan, yoxsa evini qoruyasan. Ədliyyə nazirliyinə müraciət etmişik. Cavab gözləyirik. Artıq hər şeydən bezmişəm. Cənab prezidentdən yardım etməyini xahiş edirəm”.
Bu gün Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin bir qrup üzvü Qarabağ əlilinə dəstək naminə Nərimanov Rayon İcra Şöbəsinin qarşısına toplaşıblar. Şöbənin rəisi və müavini ilə görüşməyə cəhd etsələr də, alınmayıb. Onları qəbul edən olmayıb. Nəticədə şöbənin qarşısında gərgin anlar yaşanıb.
Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Firudin Məmmədov nizamnamə çərçivəsində Qarabağ əlilinin hüquqları uğrunda sona qədər mübarizə aparacaqlarını bildirdi: “Əlimizdən gələn köməkliyi göstərməyə çalışırıq. Bura gəlməkdə də məqsədimiz odur ki, baş verən haqsızlığa qarşı öz etirazımızı bildirək. Təəssüf ki, Azərbaycanda rüşvətxorluqdan doğan belə hallar yaşanır. Biz də şübhələr oyanır ki, bu məsələdə rüşvət əsas rol oynayır. Çünki məhkəmənin qərarını icraçılar pozursa, deməli söylədiklərimiz doğrudur. Hətta Mənzil Təsərrüfat İdarəsinin o, evin Qarabağ əlilinə məxsus olması ilə bağlı verdiyi arayış da var. Hakim Kəmalə Əmirxanovun da verdiyi qərarda müəyyən çatışmayan cəhətlər var. Qarşı tərəfin geniş imkanları var deyə, öz xalqı uğrunda əlil olan insanı pulla susdurmağa çalışmaq heç bir əxlaqa sığmır. Biz öz şikayətlərimizi lazımı yerlərə verəcəyik. İcra şöbəsinin rəis müavini Yavər Allahverdiyevlə bağlı Ədliyyə Nazirliyinə şikayət edəcəyik. Çünki o, açıq-aşkar bu məsələdə qərəzli mövqe nümayiş etdirir”.
Qarabağ əlilinin hüquqlarını müdafiə edən vəkil Elxan Paşayev açıq şəkildə icraçının işinə müdaxilə olunduğunu söylədi: “Bir daha anladıq ki, verilən məhkəmə qərarları heçə sayılır. Hakim evin əlilə məxsus olduğunu təsdiq edib. Hakim Kəmalə xanımla şəxsən görüşdüm. Mənə dedi ki,”mən işimi bitirmişəm və qərarımı da vermişəm. Bundan sonra işim bitib”. İcraçı əraziyə köçürüləcək şəxsin 7/23 ünvandakı 9A saylı evə köçürüləcəyini deyir, amma onun müavini Yavər Allahverdiyev 7D ünvanına, yəni Qarabağ əlilinin evinə köçürüləcəyini bildirir. Bir sözlə, dəhşətdir”.